Gülmira Rzayeva: "Büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi bütün riskləri azaldır"
Dünya neft bazarında bir müddət davam edən sabitlik artıq dəyişməyə başlayıb. "Qara qızıl" birjalarda dəyişkən qiymətlərlə satılır, habelə son günlər bahalaşma tendensiyası müşahidə edilir. Hazırda brend markalı neftin 1 barelinin qiyməti 65 dolların, Azərbaycan neftinin qiyməti isə 70 dolların üzərindədir. Analitiklər hesab edir ki, iri neft istehsalçısı olan İranın dünya birjalarına məhsul çıxara bilməməsi, eyni zamanda, OPEK-in hasilatı aşağı salması qiymətə təsir etməyə başlayıb. Oksford Enerji Araşdırmaları İnstitutunun tədqiqatçısı Gülmira Rzayevanın sözlərinə görə, gələn il neftin qiymətində kəskin azalma gözlənilmir: "Qiymətlərin 2020-ci ildə də hazırkı səviyyədə - 60 dollar civarında olacağı proqnozlaşdırılır. Amma qiymətə təsir edən tələb və təklifin balansının saxlanılması kimi bir sıra amillər var. Ona görə də OPEC mütəmadi olaraq bu balansı tənzimləməyə çalışır, yəni təklifi azaldıb tələb səviyyəsinə salır ki, qiymətlər düşməsin. Bu addımlar indiyə kimi öz bəhrəsini verib, hasilatın azaldılması ilə bağlı razılaşmalardan sonra uzun müddət qiymətlərdə sabitlik əldə olunub. Gələn il hər hansı fors-major vəziyyət, neft hasil edilən regionlarda böyük siyasi hadisələr baş verməzsə, neftin qiyməti təqribən 55-65 dollar dəhlizi çərçivəsində qala bilər".
Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollardan götürülüb. 2019-cu ilin büdcəsində isə neftin qiyməti 60 dollardan götürülmüşdü. Gülmira Rzayeva büdcədə neftin qiymətinin beynəlxalq təşkilatların proqnozlarına uyğun götürüldüyünü qeyd edib: "Çox düzgün qiymət müəyyən edilib. Çünki 55 dollar neftin qiyməti ilə bağlı verilən proqnozların aşağı həddidir ki, bu da bütün riskləri azaldır. Qiymət bir qədər yüksək götürülsə, reallıqda isə aşağı olsa, o zaman dövlət büdcəsində kəsir yarana bilər".
Səbuhi TURAN