Elektron ticarətə dəstək verən ASAN platformalar inkişaf etdirilir
Gələn ildən istifadəyə veriləcək Ani Ödəniş Sistemi vasitəsilə ödənişlər yeni nəsil kassa aparatları üzərindən qəbul olunacaq və elektron ticarətin genişləndirilməsinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov mövzu ilə bağlı "vergiler.az"ın suallarını cavablandırıb:
- Ceyhun müəllim, ölkəmizdə elektron ticarətin hazırkı səviyyəsini necə qiymətləndirmək olar?
- Bizdə çoxlu elektron ticarət platformaları vardır. "ASAN Xidmət" özü də elektron hökumətə məxsus olan bir qurumdur. Biz "ASAN Finance", "ASAN Ödəniş" kimi platformalar yaratmışıq və bunlar vasitəsilə elektron ticarətlə məşğul olan qurumlar öz xidmətlərini göstərə bilirlər. "ASAN Ödəniş" platformasına 7-dən artıq ödəniş portalı qoşulub. Onlar dövlətdə olan məlumatların vətəndaşlara çatdırılmasını həyata keçirirlər. Əvvəllər dövlət ödənişləri vətəndaşlara yalnız dövlət platformaları vasitəsilə çatdırıldığı halda, artıq həmin ödənişlərin özəl platformalar vasitəsilə həyata keçirilməsi təmin edilir. Bu şəbəkəyə mindən artıq terminal qoşulub ki, bu da ödəniş portallarının inkişafına şərait yaradır. Həmin portallar elektron ticarətin ayrılmaz hissəsidir. "ASAN Finance" platformasına isə 37-dən artıq bank və maliyyə qurumu qoşulub. Bu platforma imkan verir ki, dövlətdə olan məlumatlar vasitəsilə onlar öz xidmətlərini vətəndaşlara daha rahat, çevik çatdırsınlar. Əvvəllər bəzi banklarda 2, 3, 4 gün və ya həftələrlə çəkən proseslər indi bir neçə dəqiqəyə başa çatdırılır. Bunun özü elektron ticarət platformasına olan böyük dəstəkdir. Eyni zamanda ani ödənişlərlə bağlı və ödəniş sisteminin inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində layihələr həyata keçirilir. Bu da gələcəkdə həmin platformaların inkişafına dəstək verən amillərdəndir.
Əvvəllər dövlət ödənişləri vətəndaşlara yalnız dövlət platformaları
vasitəsilə çatdırıldığı halda, artıq həmin ödənişlərin
özəl platformalar vasitəsilə həyata keçirilməsi təmin edilir
- Bu sahənin inkişafı üçün aparılan işlər, həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
- Ölkə rəhbərliyinin elektron ticarətin inkişafına çox böyük diqqəti var. Elektron hökumət, rəqəmsal transformasiya sahələrinin, "E-Commerce" sahəsinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülür. Noyabrın 21-dən 26-dək Bakıda və Gəncədə keçirilmiş startap festivalı çərçivəsində təşkil edilən 6 beynəlxalq tədbirdən biri də "World E-Commerce Eurasia 2019 Baku Forum" oldu. Forumun əsas məqsədi elektron ixracatçıların, maraqlı tərəflərin, elektron ticarətlə məşğul olan startapların bir araya gətirilməsi, onlar arasında fikir mübadiləsinin aparılması, startaplara dəstək göstərilməsi və bu sahənin inkişafı ilə bağlı gələcək baxışların formalaşdırılması idi. Ümid edirik ki, bu forumun keçirilməsi ölkəmizdə bu sahənin surətlə inkişafına səbəb olacaq və ölkəmiz də bu sahədə dünya trendləri ilə baş-başa irəliləyəcək.
Mərkəzi Bankda ani ödənişlər sisteminin yaradılması elektron ticarət və
rəqəmsal ödənişlər sahəsində böyük sıçrayışa səbəb olacaq
- Rəqəmsal ödənişlərin təmin edilməsi ilə bağlı Agentliyin başqa hansı planları var?
- "ASAN Ödəniş" platforması özündə ilkin olaraq cərimələrin və digər bu tipli ödənişlərin elektronlaşmasını təmin edirdi. Sonradan həmin platforma rəqəmsal ödənişlərə transformasiya edildi. Bu gün həm dövlət qurumlarının tətbiq etdiyi cərimə və rüsumlar, həm də özəl şirkətlərin, müəssisələrin ödənişləri "ASAN Ödəniş" platforması üzərindən həyata keçirilir. Bunun özəlliyi ondadır ki, istənilən platformaya inteqrasiya oluna bilir və onun üzərindən istənilən xidmətin göstərilməsi mümkündür. Platformanın mobil tətbiqi də var. Onu da qeyd edim ki, ölkədə həm terminal şəbəkəsinə malik olan, həm də şəbəkə olmadan veb üzərindən xidmətlər göstərən ödəniş platformaları mövcuddur. Bunlarda böyük istifadəçi kütləsi cəmlənib. Bu da rəqəmsal ödənişlərin, elektron ticarətin inkişafı baxımından ciddi əhəmiyyət kəsb edir. Mərkəzi Bankda ani ödənişlər sisteminin yaradılması elektron ticarət və rəqəmsal ödənişlər sahəsində böyük sıçrayışa səbəb olacaq.
Fərqanə ALLAHVERDİQIZI