22 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Made in Azerbaijan" brendi – iqtisadiyyatımızın xaricə açılan pəncərəsi

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən böyük layihələrdən biri də Prezident İlham Əliyevin göstərişi ilə B2B formatında ən uğurlu milli bazarı olan "azexport.az" portalının yaradılmasıdır. Dövlət başçısı qeyd edib ki, "azexport.az" portalının yaradılması ilə "Made in Azerbaijan" brendi dünyada təbliğ edilir, qeyri-neft sektoru inkişaf edir. Prezident vurğulayıb ki, yeni ixrac bazarlarına çıxış təmin edilməli, ənənəvi ixrac bazarlarına daha geniş məhsulla çıxmalıyıq.

Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi adı altında təşviqinə dəstək verir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün portal ixracatçı sahibkarlara nəqliyyat, loqistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Portal yerli məhsullar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır.

Azexport portalı həm tələbin təklifi həm də təklifin tələbi formalaşdırdığı unikal imkanlar yaradan platformadır. Təklifin tələbi formalaşdırdığı istiqamətdə "Made in Azerbaijan" məhsullarının portala yerləşdirilməsi nəticəsində xarici bazarlarda bu məhsullar barədə daha öncə heç bir məlumatı olmayan şəxslər portal və eyni zamanda onun inteqrasiya olunduğu platformalar vasitəsilə bu məhsullar barədə məlumat əldə edirlər və portala yeni ixrac sifarişləri daxil olur.

Tələbin təklifi formalaşdırması istiqamətində isə Google Market Finder aləti mövcuddur. İstehsalçılar Google Market Finder vasitəsilə hansı ölkələrdən hansı məhsullara daha çox axtarış verildiyini görə bilir və onlar hansı məhsulun daha ixracyönümlü olduğuna qərar verə bilirlər, öz fəaliyyət istiqamətini aydınlaşdırırlar.

Azexport portalı "Made in Azerbaijan" məhsullarının xarici bazarlarda elektron ticarət platformaları üzərindən təşviqinin aparılması üçün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ən məşhur ticarət platformalarına, məslələn, "amazon.com", "alibaba.com", "all.biz", "Go4worldbusiness.com" kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. Bu isə Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artıraraq onların satış əhatəsini genişləndirir.

Azexportun inteqrasiya olunduğu ticarət platformaları

Azexport portalına illər və aylar üzrə daxil olan ixrac sifarişlərinin göstəricisi

Statistik göstəricilər

Azexport portalı fəaliyyətə başladığı 2017-ci ilin yanvar ayından etibarən ölkəmizin qeyri-neft sektorunun inkişafına öz dəstəyini verir. Üç illik fəaliyyət dövründə statistik göstəricilərə nəzər salsaq, Azexport portalına dünyanın 111-dən artıq ölkəsindən müxtəlif (sənaye, qida, tekstil, kənd təsərrüfatı və s.) məhsullar üzrə 1 milyard 388,4 milyon ABŞ dollar həcmində ixrac sifarişləri daxil olub.

Belə ki, Portala 3 ildə daxil olan sifarişlər aşağıdakı kimidir:

  • 2017-ci ildə ümumilikdə Azexport.az portalına 475 milyon ABŞ dolları;
  • 2018-ci ildə 514,1 milyon ABŞ dolları;
  • 2019-cu ilin yanvar-avqust aylarının statistik göstəricilərinə əsasən isə Portala 399,3 milyon dollarlıq sifariş daxil olub.

Azexport portalının digər tərəfdaşları

Azərbaycanda istehsal edilən yerli məhsulların vahid məlumat bazası olan Azexport portalı yerli ixracatçılara dəstək olmaq, onların məhsullarını daha yüksək qiymətə, daha geniş bazarlara çıxarmaq məqsədilə bir çox yerli və xarici qurumlarla əməkdaşlıq edir, bir sıra əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Beynəlxalq Ticarət Mərkəzi (İnternational Trade Center) və www.azexport.az portalının birgə əməkdaşlığı ilə 20 Azərbaycan şirkətinin ixracına dəstək verilir. O cümlədən, “Şərq Tərəfdaşlığı (Eastern Partnership)” layihəsi və European Gateway layihəsi çərçivəsində www.azexport.az-la əməkdaşlıq aparılır.
Yaponiyanın ROTOBO portalı ilə Azexport arasında keçirilən görüşdə birgə əməkdaşlıq və Azərbaycan məhsullarının Yaponiya bazarlarına çıxarılması imkanları müzakirə olunub.
VISA, Master Card və Azexport portalının birgə əməkdaşlığı çərçivəsində portaldan istifadə zamanı endirim və güzəştlərin tətbiq olunması barədə müzakirələr aparılıb. VISA şirkəti ilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bundan başqa Azexport "Microsoft Azərbaycan", ISESCO, Dünya Kiçik və Orta Sahibkarlar Forumu, Rusiyanın "QazinformService", Polşanın "Asseco Data Sistems" və İsveçrənin "OrientSwiss" şirkətləri, ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası (BCIU), Dünya Ticarət Mərkəzləri Assosiasiyası kimi beynəlxalq qurumlarla əməkdaşlıq sazişləri imzalayıb.

Azexport həmçinin 1000-dən artıq ixracatçı sahibkara NPC Agro, Azersun Holding, Alma consulting, TÜV Austria şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində ISO, Global GAP, HACCP və digər sertifikatların verilməsi ilə bağlı maarifləndirici tədbirlər keçirib.

Azexport Portalının VTB Bank ilə anlaşma memorandumu əsasında start verdiyi əməkdaşlığın əsas məqsədi VTB Bank qrupun təmsil olunduğu müxtəlif ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsidir. Birgə əməkdaşlıq nəticəsində biznes missiyalarının təşkili, Azexport portalının imkanları barədə məlumat mübadiləsi, eyni zamanda yeni sığorta, nəqliyyat və logistika imkanları genişlənib.

Azexportun yerli və beynəlxalq arenada təmsil olunması

Azexport portalı Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə şirkətin iştirak etdiyi yerli və beynəlxalq sərgilərdə təmsil olunub.

Azexport Londonda E-identiklik və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkil etdiyi "Məxfilik və İdentiklik: imkanlar, çağırışlar" mövzusunda beynəlxalq tədbirdə, Estoniyada keçirilmiş "Şərq Tərəfdaşlığı üzrə IV Biznes Forum"da, Kiyev şəhərində keçirilən PKI FORUM UA – 2017 IV Beynəlxalq forumda, Brüsseldə keçirilən "Rəqəmsal təhlükəsizlik və etimadın gələcəyi (The Future of Digital Security and Trust) - ISSE 2017" adlı konfransda layiqincə təmsil olunub.

Azexport portalının təbliği istiqamətində görülən işlər bununla bitmir. Portal Xarkovdakı fəxri konsulluqda keçirilən təqdimat zamanı bu şəhərdə yaşayan soydaşlarımıza, Amerikanın Corc Mason Universitetində təşkil olunan "İstehlakçı ödənişləri və elektron maliyyə akademiyası" mövzusunda tədbirdə 30-dan çox şirkətin nümayəndəsinə təqdim olunaraq, funksionallıqları, əhəmiyyəti barədə geniş məlumat verilib.

Portalın təşkilatçılığı və səmərəli əlaqələrinin davamı olaraq Hindistanın iri yun idxalçılarından olan "NaT IN" şirkəti, İsrailin ən böyük biyan və ekstraktı idxalçısı "F&C Licorice Group" şirkəti Bakıda səfərdə olub və həmin məhsulların istehsalı ilə məşğul olan qabaqcıl yerli şirkətlərlə görüşüb. Nəticədə yun ixracı ilə bağlı qarşılıqlı razılaşma əldə olunub.

Sərbəst Satış Sertifikatı (Free Sales Certificate)

Azexportun həyata keçirdiyi böyük layihələrdən biri də yerli sahibkarlara yeni ixrac bazarlarına çıxışı asanlaşdırmaq üçün Sərbəst Satış Sertifikatı (SSS) təqdim etməsidir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş www.azexport.az internet portalı haqqında Əsasnamənin 10.3.5. bəndinə uyğun olaraq Sərbəst Satış Sertifikatının verilməsi portala həvalə edilib.

Sərbəst Satış Sertifikatı ixrac olunan malların Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. SSS-nın təqdim edildiyi "Gazelli Group", "Apiaz MMC"("Ballı" brendi), "Aznar QSC", "Brightman MMC" ("Zıra" brendi) kimi onlarla yerli şirkət bu sertifikat sayəsində öz məhsullarının Körfəz ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.

Azərbaycan MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir.

Rəqəmsal Ticarət Qovşağı

Azexport portalının tərkib hissəsi olaraq fəaliyyət göstərən elektron dövlət-özəl əməkdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı yerli və qeyri-rezident investorların ölkədə investisiya layihələrini ən rahat və təhlükəsiz şəkildə həyata keçirmələri üçün unikal imkanlar yaradan platformadır. Portal fəaliyyət sahəsini və əhatə dairəsini genişləndirməyə müvəffəq oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 3 ildə verdiyi mütəmadi dəstəyin nəticəsidir ki, Azexport sahibkarlara öz məhsullarını dünya bazarına çıxarmağa imkan yaradır və qeyri-neft sektorunun inkişafına öz töfhəsini verir. Artıq Azərbaycanda istehsal olunan məhsulların vahid məlumat bazası formalaşıb və bu gün Azərbaycan sahibkarının Azexport vasitəsilə öz "Made in Azerbaijan" brendini 200-dən artıq ölkədə tanıtmaq imkanı var. Azexportun fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Dünyanın müxtəlif ölkələrindən daxil olan məhsullar haqqında məlumatlar Azexport-u güclü bir marketinq alətinə çevirdi. Hazırda əksər dünya ölkələri Azexport modelinə bənzər modellər tətbiq etməyə çalışırlar.

Nərmin RƏHİMLİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi