20 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"azexport.az" Azərbaycan məhsullarının təşviqi missiyasında mühüm rol oynayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan "azexport.az" portalı geniş ictimaiyyətə təxminən üç il əvvəl -20 dekabr 2016-cı il tarixində təqdim olunub. Müsahibimiz "azexport.az"ın rəhbəri Zaur Qardaşovdur.

- Zaur müəllim, "azexport.az" portalının yaradılmasında əsas məqsəd nə olub, portalın başlıca missiyası nədən ibarətdir?

- "azexport.az" portalının yaranması ölkədə dərin iqtisadi islahatlara start verildiyi bir dövrlə eyni vaxta düşdü. Əvvəllər də ixracın təşviqi ilə bağlı müəyyən işlər görülsə də, həmin portalın yaradıldığı dövrdə qeyri-neft ixracının stimullaşdırılması və artırılması daha da aktuallaşdı. Ona görə də ənənəvi ixrac üsulları ilə yanaşı yeni təşviq mexanizmləri, bazarlara çıxış üçün yeni innovativ alətlərdən istifadə zərurəti yarandı. Araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanda kifayət qədər böyük holdinqlər, iri şirkətlər və ixracatçılar olduğuna baxmayaraq, beynəlxalq elektron ticarət platformalarından çox zəif istifadə edilir. MDB ölkələri arasında xarici platformalarda görüntülənən məhsulların sayına görə Azərbaycan sonuncu yerlərdə idi.

Portal bu zərurətdən yaradıldı və elektron rəqəmsal vasitələrdən istifadə etməklə Azərbaycan məhsullarının təşviqi missiyasını öz üzərinə götürdü. Biz daha az vəsait xərcləməklə daha çox nəticə əldə etmək üçün tam fərqli bir model seçdik. Son hesablamalarımıza görə "azexport.az"a xərclənmiş 1 manat 3.000 manat məbləğində sifarişlərə çevrilib və ümumiyyətlə, Azərbaycan məhsullarının təşviqi və xarici bazarda tanıdılması kimi bir dəyər qazandırıb.

Araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanda kifayət qədər
böyük holdinqlər, iri şirkətlər və ixracatçılar olduğuna baxmayaraq,
beynəlxalq elektron ticarət platformalarından çox zəif istifadə edilir

- Portal Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformaya çevrilə bilirmi?

- Bu proses hər gün davam edir. Adətən, bu tipli layihələrin sonradan bazarda qalması, işləyib-işləməməsi qısa müddətdə, cəmi bir ildən sonra bilinir. Amma bizim artıq dekabr ayında 3 yaşımız tamam olur və işimiz göstərir ki, əvvəllər sahibkarı axtarırdıqsa, treninqlərə dəvət edib, kömək göstərib onların məhsullarının kataloqunu hazırlayırdıqsa, indi onlar bizi axtarırlar. Bu fakt çox vacibdir və inkişafın növbəti mərhələsidir. Qoyulmuş iş modelindən biz davamlı inkişafımızı təmin etmişik. Bununla belə rəqəmsal marketinq sahəsi bütün dünyada çox dinamik inkişaf edir və geri qalmamaq üçün biz hər ay öz üzvlərimizə müxtəlif yeniliklər və yeni layihələr təqdim edirik. Bu cür aktivliyi gələcəkdə də davam etdirmək fikrimiz var.

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin sentyabr sayı təqdim olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə mənzərə necə görünür?

- Son 3-4 ildə qeyri-neft sektorunun ixracı dinamik olaraq hər il artım göstərir. Birinci ili 15-16, sonra hətta 19-20 faizədək artım olub. Bunun bir neçə səbəbi var. Bunlardan biri ümumi institusional inkişaf və islahatlar idi ki, bunun da nəticəsində ixrac prosedurları asanlaşdı.

Rəqəmsal marketinq sahəsi bütün dünyada çox dinamik
inkişaf edir və geri qalmamaq üçün biz hər ay öz
üzvlərimizə müxtəlif yeniliklər və yeni layihələr təqdim edirik

2015-ci ildə Azərbaycanda birbaşa ixrac prosesində iştirak edən sahibkarların sayı 450 idisə, indi bu rəqəm 3.000-i ötür. Əvvəl sahibkar vasitəçi axtarırdı, əlavə vəsait ödəyirdi. Sahibkarların səsləndirdiyi rəqəmlərə görə, 2014-2015-ci illərdə bir maşın meyvənin ixracı üçün 5.000 AZN-dək xərc çəkilirdisə, indi "azexport.az" vasitəsilə sifariş aldıqda və yaxud sahibkar özü "Bir pəncərə" İxraca Dəstək Mərkəzindən bütün sənədlərə cəmi 150-200 manat xərcləyir. Vaxt baxımından icra müddəti bir günə endirilmişdir. Bu il 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 17 faizlik artım görə bilərik. Bunu da biz daha öncədən proqnozlaşdırmışdıq. Çünki cari ildə bir sıra yeni qeyri-neft məhsulları müəssisələri - karbomid zavodu, plastik xammal istehsalı zavodu istifadəyə verildi. Bu da qeyri-neft sektoru üzrə ixraca əlavə dəstək oldu. İlin sonuna kimi son 3-4 ilin stabil artım tempinin qorunacağını proqnozlaşdırırıq. Son bir neçə ildə biz artıma yeni bazarlara çıxış, ixrac prosesinin sadələşdirilməsi və intensiv təşviq hesabına nail olmuşuqsa, növbəti illərdə artım yalnız əlavə istehsalın hesabına mümkün ola bilər. Bu gün biz mövcud sifariş imkanlarımızın yalnız 20 faizini reallaşdıra bilirik. Başqa sözlə desək, "azexport.az"a daxil olan sifarişlərin yalnız bir hissəsi real ixraca çevrilə bilir. Bu o deməkdir ki, gələcəkdə yeni müəssisələr və istehsal həcmləri artarsa, biz ixracda artım tempini qoruyub saxlaya bilərik.

Son bir neçə ildə biz artıma yeni bazarlara çıxış, ixrac prosesinin
sadələşdirilməsi və intensiv təşviq hesabına nail olmuşuqsa,
növbəti illərdə artım yalnız əlavə istehsalın hesabına mümkün ola bilər

- "Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycanın bu il 11 pillə yüksəlməsində hansı amillər aparıcı olub?

- Burada subindikatorlara diqqət yetirəndə irəliləyişin nəyin hesabına olduğunu görürük. Məsələn, biznesin dinamizmi subindeksinə görə ciddi irəliləyiş var. Bu o deməkdir ki, yaradılan işgüzar mühit sahibkara inam verib, sahibkarlıq fəaliyyəti aktivləşib. Kreditlərə çıxış, bank sahəsinin stabilliyi üzrə irəliləyiş müşahidə olunur. Ümumiyyətlə, inkişafı təmin etmək üçün maliyyə əsas göstəricidir, maliyyə resurslarına çıxışı təmin etməklə ixrac potensialını inkişaf etdirmək mümkündür.

Tətbiq edilən vergi dərəcəsi müxtəlif ola bilər, lakin sahibkar üçün önəmli olan işə başlayandan altı ay və ya bir il sonra nə qədər, nə vaxt vergi ödəyəcəyini öncədən bilməsidir. Uzaqgörənlik imkanı inam və etibar yaradır, belə olan halda o öz işini proqnozlaşdıra bilir, işini qura bilir və işgüzar aktivlik göstərir.

- Portalın beynəlxalq internet ticarəti mərkəzləri ilə əməkdaşlığı Azərbaycan məhsulunun ixracında nə kimi töhfələr verir?

- "azexport.az" portalının uğurunun əsasında onun beynəlxalq portallarla əməkdaşlığı dayanır. Biz ilk başdan diqqəti portal yox, məhsul üzərinə fokuslaşdırmışıq. Çünki bu cür belə portalların beynəlxalq səviyyədə yayılması və önə çəkilməsi milyonlarla vəsait tələb edir. Biz qərara aldıq ki, məhsulu tanınmış portallarda yerləşdirək və əsas məqsədə nail olaq. Ona görə də dünyada ən çox tanınmış top-10 ən çox istifadə edilən portalları seçdik və onlara ən yüksək üzvlük haqqı ilə qoşulduq. Çünki üzvlük haqqı olursa, məhsulların görüntülənməsi və sifarişi də bir o qədər çox olur. Bu gün əgər sifariş nisbətinə baxsaq, bizim ən çox sifarişlərimiz "alibaba", "all.biz", "aqroServer" portallarından daxil olur. "azexport.az"-ın özünə birbaşa daxil olan sifarişlər hər il ortalama 30 faiz artsa da, daxil olan sifarişlərin ümumi həcminin 10 faizini təşkil edir. Sifarişlər daxil olur, ehtiyac varsa, tərcümə olunur və sahibkarlara yönləndirilir. Sifarişlər paralel olaraq ümumi elektron bazaya düşür ki, bu məlumatları biz bazar araşdırması və analitik hesabatların hazırlanması üçün istifadə edirik. Sonrakı mərhələdə artıq sahibkar müstəqil olaraq alıcı ilə özü əlaqə yaradır, məhsulunun satışı ilə bağlı müqaviləsini bağlayır.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI