Azərbaycanda kredit yarmarkaları keçiriləcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Palatadan verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib və qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının dərc etdiyi hesabatlarda öz əksini tapır.
İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keçmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb. Görüşdə o da qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə Palatanın təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.
Daha sonra, iclasda ABA-nın və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı prezidentin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Palata ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artımı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib.