19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

Oktyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının hüquq- mühafizə orqanlarının gənc əməkdaşlarının "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" mövzusunda birinci Forumu keçirilib.

DTX-dən verilən məlumata görə, Forumun məqsədi ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətə, o cümlədən müstəqilliyin, dövlətçiliyin, təhlükəsizliyin və iqtisadi mənafelərinin etibarlı qorunması işinə ölkənin hüquq- mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların töhfə vermək əzminin daha da yüksəldilməsi, ölkədə sabitliyin, dövlət təhlükəsizliyinin, ictimai qayda və asayişin, həmçinin dövlət-vətəndaş həmrəyliyinin etibarlı təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər, Gənclər siyasəti və idman məsələləri şöbələrinin müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin komitə sədrləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Müdafiə, Vergilər, Gənclər və İdman nazirliklərinin, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, "ASAN xidmət"in, Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Forum iştirakçıları Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən Forum xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqillik yolunu və dövlət quruculuğunu, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən fəal hüquq-mühafizə siyasətini əks etdirən film nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını dövlət müstəqilliyi günü münasibətilə təbrik edərək bildirib ki, belə bir forumun keçirilməsi gənc əməkdaşların səmərəli təmaslar qurmasına kömək göstərməklə yanaşı, onların müstəqilliyimizin və dövlətçiliyimizin əbədi, daimi və dönməz olması üçün üzərilərinə düşən vəzifələri hər zaman vicdanla yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirir.

DTX-nin rəisi, general-leytenant Əli Nağıyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət, o cümlədən təhlükəsizlik strategiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə uğurla həyata keçirilir. Respublikamızın hüquq-mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların bu strategiyaya töhfə vermək əzminin daha da yüksəldilməsi, bu orqanların qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılması, qazanılmış nailiyyətlər üzrə təcrübə mübadiləsinin gücləndirilməsi ilk dəfə keçirilən forumun əsas məqsədidir.

Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov çıxışında tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Forum cəmiyyətimizin böyük hissəsini təşkil edən gəncliyimizin hüquq-mühafizə orqanlarında təmsil olunan nümayəndələrinin bir araya gəlməsi, milli maraqlara xidmət edən aktual məsələlərin müzakirə olunması baxımından mühüm platformadır.
Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətindən, gənc kadrların müstəqilliyin qorunmasına və inkişafa verdiyi töhfələrdən danışan Zakir Qaralov deyib: Bu gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı nəticəsində gənclərin təhsili, beynəlxalq miqyaslı qəbul olunan rəqabətədavamlı mütəxəssis kimi yetişdirilməsi, müasir dünyaya inteqrasiya olunmaq imkanları yaradan biliklərə yiyələnməsi, bununla yanaşı, milli maraqları, dövlətçilik mənafeyini hər şeydən üstün tutmaları istiqamətində mühüm işlər görülür.

Forumda çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov qeyd edib ki, Ulu Öndərin siyasi rəhbərliyə qayıdışı Azərbaycanı fəlakətdən qurtardı və ölkə iqtisadiyyatını inkişaf yoluna çıxardı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, həyata keçirilən islahatlar vergi sisteminə də müsbət təsirini göstərir.

Ölkəmizdə insan kapitalının formalaşması istiqamətində mühüm layihələr həyata keçirildiyini, savadlı gənc nəsil formalaşdığını vurğulayan nazir deyib ki, Vergilər Nazirliyində də kadrların böyük hissəsini gənclər təşkil edir. Yeni nəslin bilik və bacarıqları, xüsusilə müasir informasiya kommunikasiya texnologiyalarından daha səmərəli bəhrələnməyə imkan yaradır. Bugünkü gənclik qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Vergilər Nazirliyinin əsas məqsədi ölkəmizdə ədalətli rəqabət mühiti yaratmaq, bazar iqtisadiyyatının prinsiplərinə uyğun fəaliyyət göstərən, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirən vergi ödəyicilərinin fəaliyyətini tam həcmdə təmin etməkdir.
Dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə yaranmış ağır vəziyyəti, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını, vətəni və xalqı qarşısında müstəsna xidmətlərini xatırladan Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev deyib ki, suverenliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin də çox böyük rolu olub. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb.

Sonra tədbir hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının çıxışları ilə davam edib. Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov, Baş Prokurorluğun əməkdaşı, ədliyyə müşaviri Toğrul Muxtarov, Dövlət Gömrük Komitəsinin əməkdaşı, gömrük xidməti mayoru Eldar Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis leytenantı Səlimağa Pirəliyev, Ədliyyə Nazirliyinin əməkdaşı, III dərəcəli ədliyyə qulluqçusu Səbinə Hüseynova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Sənan Nəsirli, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, baş leytenant Fərid Mehbalı, DTX-nin əməkdaşı Elşən Cəfərli çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Forum iştirakçıları adından müraciət qəbul edilib.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan destruktiv qüvvələr tərəfindən cəmiyyətimizin təməl dəyərlərinin sarsıdılması, ictimaiyyət arasında hakimiyyət təmsilçilərinin və dövlət orqanlarının nüfuzdan salınması, təhqir və böhtan kampaniyasının aparılması üzrə sistemli iş həyata keçirilir. Məkrli qüvvələr öz çirkin məqsədlərinə çatmaq üçün yenidən cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət idarəçilik sisteminə etimadı sarsıtmağa çalışırlar.

Prezidentə ünvanlanmış müraciətdə deyilir: "Düşmən qüvvələrin bu niyyətlərinə çatması mümkün deyil. Ona görə ki, onların qarşısında Sizin ölkəmizdə təhlükəsizliyin və ictimai asayişin təmin olunmasını etibar etdiyiniz hüquq-mühafizə orqanları, o cümlədən vətənpərvər, dövlətinə və xalqına sadiq gənc əməkdaşlar dayanıb. Böyük zəhmət hesabına ölkəmizdə əldə olunmuş sabitliyin, əmin-amanlığın və firavanlığın qorunmasına görə məsuliyyətimizi dərindən dərk edirik. Biz gənclər Vətənimizin daha da çiçəklənməsi və müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığınız mübarizədə hər zaman Sizin yanınızdayıq".

Tədbir Forumun qətnaməsinin qəbul olunması ilə başa çatıb.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb