Daxili bazarın araşdırılması üçün dövlət dəstəyi mexanizmi işə düşüb
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarının aparılmasına dəstəyin göstərilməsini nəzərdə tutan yeni mexanizm mövcud dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə əlavə stimul yaradır. Dəstək tədbirlərinin təşkili Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov daxili bazar araşdırması və bu mexanizmin biznesin inkişafının dəstəklənməsi baxımından yenilik və üstünlükləri ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib ki, yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün istehsal olunacaq məhsul və xidmətlərə tələbatın, müştərilərin, satış şəbəkəsinin öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi rolunu oynayır.
O.Məmmədov biznes subyektləri üçün prosesin təşkili, KOB-ların bu sahədə fəallığı barədə bildirilib ki, Bu ilin avqust ayından daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb. Artıq bununla bağlı sahibkarlardan bir sıra müraciətlər də daxil olub. Daxili bazar araşdırmaları barədə KOB-lar, eləcə də sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyaları və məsləhətçi şirkətlər müxtəlif tədbirlər çərçivəsində məlumatlandırılıb. Bu məqsədlə, həmçinin, KOBİA-nın "www.smb.gov.az" rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, maarifləndirici çarx hazırlanaraq televiziya kanallarında və sosial şəbəkələdə yayımlanması təmin edilib.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar
araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan
daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq
Qeyd olunub ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir: "Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi (KOB Dostu şəbəkəsi və KOB inkişaf mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, KOB klaster şirkətləri), bir məkan prinsipi (KOB evləri) və elektron vasitə (e-KOB evi portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər. Bunlardan biri dövlət-sahibkar əməkdaşlığı platforması əsasında reallaşdırılan və hazırda sahibkarların xidmətində olan “KOB Dostu” mexanizmidir. Fəaliyyət göstərdiyi inzibati ərazidə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olan, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən KOB dostları artıq ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB Dostu şəbəkəsinin ölkəni tam əhatə etməsi planlaşdırılır. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür. “e-KOB evi” portalı KOB-lar üçün dəstək mexanizmlərini vahid elektron platforma üzərindən “nonstop shop” rejimində təmin edəcək".
O.Məmmədov bildirib ki, bu mexanizmlərindən başqa, KOB klasterlərin yaradılması və fəaliyyətinin stimullaşdırılması, startapların dəstəklənməsi, ticarət şəbəkələrində satışın təşkili üçün mikro və kiçik sahibkarların işinin asanlaşdırılması, KOB-ların kadr potensialının artırılması, KOB reyestrinin yaradılması və digər dəstək mexanizmləri üzərində də işlər aparılır.