Bakıda İndoneziya biznes forumu keçirilib
Bakıda İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə İndoneziya Biznes Forumu ("Indonesian Business Forum 2026") keçirilib.
Forum işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və ticarət-investisiya imkanlarının təşviqi hesabına İndoneziya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Müzakirələrin və işgüzar qarşılıqlı fəaliyyətin mərkəzində kənd təsərrüfatı, qida məhsulları və içki istehsalı, energetika, emal sənayesi, infrastruktur və turizm kimi əsas istiqamətlər dayanıb.
Bundan əlavə, forumdan Azərbaycan şirkətlərinin daha fəal iştirakını stimullaşdırmaq, onların İndoneziya məhsulları ilə tanış olmasına, tərəfdaşlıq əlaqələri qurmasına və perspektivli investisiya layihələrini müəyyən etməsinə kömək etmək məqsədilə illik "Trade Expo Indonesia 2027" beynəlxalq ticarət sərgisinin təqdimatı üçün istifadə olunub.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib ki, İndoneziya və Azərbaycan ikitərəfli ticarətin və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük reallaşdırılmamış potensiala malikdir.
O vurğulayıb ki, İndoneziya ilə əməkdaşlıq azərbaycanlı sahibkarlara ümumi əhalisi təxminən 700 milyon nəfər olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) bazarına çıxış üçün əlavə imkanlar aça bilər.
"İndoneziyanın əhalisi təxminən 300 milyon nəfərdir. Bundan başqa, ölkə təxminən 700 milyon insanı birləşdirən ASEAN-a daxildir. Beləliklə, İndoneziya vasitəsilə 700 milyon əhalisi olan bazara çıxış əldə etmək olar", - deyə o qeyd edib.
Səfirin sözlərinə görə, ASEAN əhalisinin demək olar ki, yarısı İndoneziyanın payına düşür ki, bu da onun daxili bazarını regional iqtisadi əməkdaşlığın mühüm elementinə çevirir.
O, həmçinin İndoneziya hökuməti tərəfindən biznesə göstərilən dəstək tədbirlərinə diqqət çəkib.
"İndoneziya hökuməti sahibkarlıq fəaliyyətinin bütün iştirakçılarına — həm ticarət şirkətlərinə, həm də investorlara güzəştlər, müxtəlif imkanlar və stimullar təqdim edir. Bunun sayəsində işgüzar qarşılıqlı fəaliyyət daha sadə və səmərəli olur", - deyə Helmi bildirib.
Azərbaycanla mümkün ticarət istiqamətlərindən danışan səfir palma yağı, qəhvə, kakao, ədviyyatlar, kauçuk, vanil, mixək, darçın və muskat qozunu sadalayıb. Onun sözlərinə görə, İndoneziya həmçinin krevet və tuna balığı da daxil olmaqla dəniz məhsulları, eləcə də onların emalı məhsullarını istehsal edir. Ölkədə buraxılan digər məhsul kateqoriyaları sırasında o, tekstil, geyim, ayaqqabı, ağac və rotanqdan mebel, qablaşdırma materialları və istehlak mallarının adlarını çəkib.
"Bundan əlavə, İndoneziya tikinti sahəsi üçün ağır avadanlıq, elektronika, məişət texnikası, əczaçılıq məhsulları, tibbi avadanlıq, kimyəvi mallar və plastik kütlələr istehsal edir", - deyə o bildirib.
Yüksək əlavə dəyərli məhsullar sırasında səfir həmçinin kosmetika, dəb malları və yüksək dərəcədə emal olunmuş qida məhsullarını xüsusi qeyd edib.
Səfir həmçinin elan edib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün 2027-ci ildə Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, səfər 2027-ci ildə İndoneziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tuta bilər.
İndoneziya şirkətlərinin Qarabağın bərpasında mümkün iştirakı ilə bağlı sualı cavablandıran səfir bildirib ki, İndoneziya şirkəti Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edə bilər.
"Bizim bir planımız var, onun çərçivəsində İndoneziya şirkətlərindən biri Qarabağdakı layihələrdə iştirak edə bilər. Söhbət infrastrukturun, o cümlədən yolların, xəstəxanaların tikintisindən və digər infrastruktur layihələrinin reallaşdırılmasından gedir", - deyə səfir bildirib.
O qeyd edib ki, İndoneziya biznesinin bərpa layihələrində iştirakı Azərbaycan ilə İndoneziya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən biri ola bilər.
Trend
