S&P Global Ratings ABİF-in kredit reytinqini yaxşılaşdırıb
S&P Global Ratings Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) emitentin uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “stabil”dən “pozitiv”ə dəyişib, uzunmüddətli və qısamüddətli reytinqlərini isə “BB/B” səviyyəsində təsdiqləyib.
Bu, 2025–2026-cı illərdə Sahibkarlığın İnkişafı Fondunun və Azərbaycan İnvestisiya Şirkətinin inteqrasiyasından sonra ABİF ilə dövlət arasındakı əlaqələrin möhkəmlənməsi, eləcə də ölkədəki iqtisadi şəraitin yaxşılaşması fonunda ABİF-nin dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynamağa davam edəcəyi və yaxın illərdə minimal borc yükü səviyyəsini qoruyub saxlayacağı gözləntiləri ilə bağlıdır. Qeyd olunur ki, hazırda ABİF Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında vahid maliyyə siyasəti institutudur. 2022–2026-cı illərdə hökumət ABİF və onun sələfi olan strukturlara 263 milyon manat (154 milyon ABŞ dolları) vəsait yönəldib, həmçinin Fond vasitəsilə təqdim olunan subsidiyalara 250 milyon manat (147 milyon dollar) ayırıb.
S&P Global Ratings bildirib ki, Fond 2025-ci ilin sonunda rəhbər strukturun formalaşdırılmasını başa çatdırıb. Sonradan əməliyyat prosedurları unifikasiya edilib və risklərin idarə edilməsi mexanizmlərinə yenidən baxılıb. 2026-cı ilin fevral ayında yeni limitlər sistemi təsdiq edildikdən sonra ABİF maliyyə təşkilatlarının kreditləşdirilməsini bərpa edib. Bundan əlavə, sahibkarlar üçün yeni məhsullar istifadəyə verilib. Həmçinin qeyd olunub ki, inteqrasiya zamanı əhəmiyyətli əməliyyat riskləri aşkar edilməyib.
