29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “Ölkəmizin investisiya gündəliyi neft-qaz sektorundan daha geniş platformaya keçir” AÇIQLAMA

Bu günlərdə Bakıda Prezident İlham Əliyevin himayəsi altında, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş tədbir müxtəlif ölkələrin dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirdi. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə iri həcmli investisiya layihələrini əhatə edən çoxsaylı mühüm sənədlər imzalandı.

10,8 milyard dollarlıq investisiya imkanı

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələrini “vergiler.az”a şərh edən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli bildirib ki, bu tədbirə yalnız beynəlxalq platforma kimi deyil, konkret investisiya qərarları baxımından yanaşmaq lazımdır. Ən mühüm göstərici odur ki, forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan layihələri əhatə edən 23 sənəd imzalanıb. Bakı Enerji Həftəsində elan olunan layihələr də nəzərə alındıqda planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatır. Ekspert vurğulayıb ki, bu rəqəmlər Azərbaycanın investisiya gündəliyinin tədricən neft-qaz sektorundan daha geniş iqtisadi platformaya çevrildiyini göstərir. Çünki 10,8 milyard dollarlıq layihələr yalnız energetikanı deyil, süni intellekt, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, tikinti və su təsərrüfatını da əhatə edir. Bu baxımdan forumun əsas nəticələrindən biri xarici kapitalın qeyri-neft sektoruna və yüksək əlavə dəyər yaradan sahələrə istiqamətləndirilməsi üçün yeni imkanların açılmasıdır.

Forumun yerli sahibkarlar üçün əhəmiyyətinə gəlincə, 10,8 milyard dollarlıq layihələr yalnız xarici kapitalın ölkəyə daxil olması demək deyil. Bu layihələrin icrası zamanı tikinti, logistika, mühəndislik, İKT, maliyyə, konsaltinq, xidmət və təchizat sahələrində çoxsaylı yerli şirkətlər üçün yeni sifariş və tərəfdaşlıq imkanları yaranır.

Avropa və Asiyanın kəsişməsində regional hab

Azərbaycanın investorlar üçün əsas üstünlüklərindən biri onun coğrafiyasının iqtisadi aktivə çevrilməsidir. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə yanaşı, Orta Dəhlizin, enerji marşrutlarının və yeni yaşıl enerji bağlantılarının mühüm halqasına çevrilir. E.Kərimli vurğulayıb ki, forumda Orta Dəhliz, sənaye və azad iqtisadi zonalar, süni intellekt, rəqəmsal transformasiya, kapital bazarları və regional enerji bağlantılarının ayrıca müzakirə edilməsi də göstərir ki, ölkəmiz özünü yalnız enerji ixracatçısı deyil, enerji, nəqliyyat, istehsal və rəqəmsal bağlantıları birləşdirən regional iqtisadi platforma kimi təqdim edir.

İllik 6 milyard kubmetr qaz hasilatı hədəfi

Energetika istiqamətində isə xüsusilə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı strateji əhəmiyyət daşıyır. Forum çərçivəsində SOCAR, “TotalEnergies” və “XRG” arasında bununla bağlı sənəd mübadilə olunub. Yatağın təxminən 140 milyard kubmetr çıxarıla bilən ehtiyata malik olduğu bildirilir. Tammiqyaslı işlənmə nəticəsində “Abşeron”un ümumi qaz hasilatının ildə 6 milyard kubmetrə, kondensat hasilatının isə gündə 47 min barelə çatdırılması nəzərdə tutulur. Bütün bu deyilənləri təhlil edən ekspert bildirir ki, bu, Azərbaycan üçün iki istiqamətdə əhəmiyyətlidir. Bir tərəfdən daxili bazarın qaz təminatını və ixrac imkanlarını gücləndirir, digər tərəfdən isə bərpaolunan enerjinin genişləndirilməsi nəticəsində elektrik istehsalında qənaət edilən qazın ixraca yönəldilməsi imkanlarını artırır. Yəni ənənəvi enerji ilə yaşıl enerji burada bir-birinə alternativ deyil, müəyyən mərhələdə bir-birini tamamlayan iqtisadi model yarada bilər.

2035-ci ilədək 8 QVt bərpaolunan enerji gücü hədəfi

Digər böyük potensial Xəzər dənizidir. Azərbaycanın Xəzər sektorunda külək enerjisinin texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Bu, Azərbaycanın gələcəkdə yalnız neft və qazın deyil, elektrik enerjisinin və potensial olaraq yaşıl hidrogen və digər yaşıl enerji məhsullarının ixracatçısına çevrilməsi üçün çox böyük resurs bazasıdır. Hazırkı planlara görə ölkədə 2035-ci ilədək 8 QVt bərpaolunan enerji gücünün yaradılması nəzərdə tutulur. Ekspert vurğulayıb ki, burada əsas məsələ həmin enerjinin yalnız istehsalı deyil, onun bazara çıxarılmasıdır. Xəzər–Qara dəniz–Avropa və Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji bağlantıları reallaşdıqca Azərbaycan enerji tranzit ölkəsindən daha geniş mənada regional yaşıl enerji qovşağına çevrilə bilər. Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin aparılması artıq bu istiqamətin praktiki mərhələyə keçdiyini göstərir.

Xarici kapitalın multiplikativ effekti və KOB-ların inkişafı

E.Kərimli hesab edir ki, xarici investisiyanın həcmini artırmaqla kifayətlənilməməlidir. Hər bir böyük xarici investisiya layihəsinin ətrafında yerli əlavə dəyər zənciri formalaşdırılmalıdır. Yəni Azərbaycan şirkətlərinin subpodratçıdan tədricən texnoloji və istehsal tərəfdaşına çevrilməsi, yerli kadrların hazırlanması, texnologiya və idarəetmə təcrübəsinin ötürülməsi xüsusilə vacibdir. Bu halda investisiyanın iqtisadi effekti yalnız qoyulan kapitalın məbləği ilə ölçülməyəcək. Yeni iş yerləri, ixrac, vergi daxilolmaları, texnologiya transferi, məhsuldarlığın yüksəlməsi və yerli KOB-ların beynəlxalq standartlara uyğunlaşması ilə daha geniş multiplikativ effekt yaranacaq.

Ekspert bildirib ki, yekun olaraq, forumun ən mühüm mesajı 10,8 milyard dollarlıq rəqəmin özündən də genişdir. Azərbaycan bir tərəfdən “Abşeron” kimi ənənəvi enerji resurslarını iqtisadi dövriyyəyə daxil edir, digər tərəfdən isə Xəzərin 157 QVt-lıq külək potensialını, Orta Dəhlizi, rəqəmsal iqtisadiyyatı və qeyri-neft sənayesini yeni investisiya modelinin tərkib hissəsinə çevirir. Bu model uğurla reallaşarsa, Azərbaycanın növbəti mərhələdə üstünlüyü yalnız enerji resursları deyil, enerji + logistika + texnologiya + istehsal + tranzit kombinasiyası ola bilər.

Faiq KƏRİMOĞLU

VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır?