2 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elman Sadıqov: “Süni intellekt əmək bazarında peşəkarlığın əhəmiyyətini artırır” AÇIQLAMA

Süni intellektin sürətli inkişafı əmək bazarında yeni reallıqlar formalaşdırır və iş yerlərinin strukturunu köklü şəkildə dəyişir. Texnologiyanın böyük həcmdə tapşırıqları qısa müddətdə icra etmək imkanları bəzi peşələrə tələbatı azaltsa da, bu, insan əməyindən tamamilə imtina ediləcəyi mənasına gəlmir. Əksinə, öz sahəsinin incəliklərinə bələd olan və süni intellektdən effektiv alət kimi istifadə etməyi bacaran mütəxəssislərin dəyəri daha da artır.

İqtisadçı-ekspert Elman Sadıqov “vergiler.az”a müsahibəsində süni intellektin əmək bazarına təsiri, transformasiyaya uğrayacaq sahələr, kadrlar qarşısında qoyulan yeni tələblər və texnoloji tərəqqinin gətirdiyi risklər barədə danışıb.

Süni intellekt mütəxəssisi əvəz etmir

Texnologiyanın əvvəlki inkişaf mərhələlərində əsas hədəf fiziki əməyin əvəzlənməsi olubsa, süni intellekt artıq intellektual və yaradıcı əməyin müəyyən hissəsinə təsir göstərir. Lakin bu proses əvvəlki texnoloji dəyişikliklərdən fərqli xüsusiyyətlərə malikdir. Fiziki əməyin texnologiya ilə əvəzlənməsi zamanı işi idarə edən şəxsin həmin işi fiziki olaraq bacarması vacib deyildi. Süni intellektdən istifadə zamanı isə nəticənin keyfiyyəti istifadəçinin həmin sahə üzrə bilik və peşəkarlığından ciddi şəkildə asılıdır. E.Sadıqov hesab edir ki, süni intellektə düzgün tapşırıq vermək vacib olsa da, təkcə “prompt” (daxil edilən təlimat - red.) yazmaq bacarığı yüksək nəticə əldə etmək üçün kifayət deyil. İstifadəçi öz sahəsini nə qədər yaxşı bilirsə, süni intellektin imkanlarından da bir o qədər səmərəli yararlana bilər. Bu baxımdan, məsələn, musiqi, ssenari, analitika və digər yaradıcı və intellektual sahələrdə peşəkar biliklər öz əhəmiyyətini qoruyacaq. Süni intellekt tərəfindən hazırlanan məhsulu qiymətləndirmək, səhvləri müəyyənləşdirmək və onu təkmilləşdirmək üçün həmin sahənin mütəxəssisi olmaq tələb olunur.

Süni intellektdən istifadə zamanı nəticənin keyfiyyəti istifadəçinin
həmin sahə üzrə bilik və peşəkarlığından ciddi şəkildə asılıdır

Bəzi sahələrdə iş yerlərinin azalması qaçılmazdır

Ekspertin qənaətinə görə, süni intellektin tətbiqi bəzi sahələrdə iş yerlərinin sayının azalmasına gətirib çıxaracaq. Çünki texnologiyanın daha sürətli işləməsi eyni həcmdə işin daha az insanla görülməsinə imkan verəcək. Bununla belə, bu prosesin bütün mütəxəssislərin əmək bazarından çıxması ilə nəticələnməsi gözlənilmir. Əksinə, əmək bazarında rəqabətin güclənməsi və peşəkarlığın daha böyük əhəmiyyət qazanması mümkündür. Süni intellektdən istifadə olunan sahədə həmin işi yaxşı bilən mütəxəssis texnologiyanın təqdim etdiyi nəticəni qiymətləndirə və çatışmazlıqları aradan qaldıra bilir. Bu səbəbdən, gələcəkdə əsas üstünlük sadəcə süni intellektdən istifadə edən şəxsdə deyil, həmin texnologiyadan öz peşəkar bilikləri sayəsində istifadə edə bilən işçidə olacaq.

Beləliklə, bu sistemlər əmək bazarında bir tərəfdən işlərin avtomatlaşdırılmasını sürətləndirəcək, digər tərəfdən isə yeni bacarıq və peşələrə tələbi artıracaq. Yanaşmaya görə, bu prosesdə əsas məsələ insan əməyinin tamamilə texnologiya ilə əvəzlənməsi deyil. Daha çox insanın öz peşəkar biliklərini süni intellektin imkanları ilə birləşdirərək daha sürətli və səmərəli işləməsi ön plana çıxacaq. Bu isə əmək bazarında peşəkarlığın əhəmiyyətini azaltmaq əvəzinə, onu yeni mərhələyə keçirə bilər. Süni intellektdən istifadə edən, eyni zamanda öz sahəsini yaxşı bilən mütəxəssis həm texnologiyanın imkanlarından yararlanacaq, həm də onun nəticələrini peşəkar şəkildə qiymətləndirə biləcək.

Ölkələrin iqtisadi inkişaf səviyyəsi həlledici amildir

E.Sadıqov vurğulayır ki, süni intellektin əmək bazarına təsiri bütün ölkələrdə eyni olmayacaq və bu prosesdə iqtisadiyyatın strukturunu və texnoloji inkişaf səviyyəsini əsas amillərdən hesab edir. İnkişaf etmiş iqtisadiyyatlarda süni intellekt və digər rəqəmsal texnologiyalarla bağlı yeni sahələrin formalaşması əmək bazarında əlavə tələbat yarada bilər. Startapların, iri korporasiyaların və dövlət sektorunun bu istiqamətdə fəaliyyətinin genişlənməsi yeni peşələrin ortaya çıxmasına şərait yaradır. ABŞ, Yaponiya və Çin kimi ölkələrdə süni intellektlə bağlı müxtəlif istiqamətlərdə artıq yeni tələblər formalaşır və burada əmək bazarının strukturu da dəyişir. Bir tərəfdən bəzi ənənəvi işlərə tələbat azalır, digər tərəfdən isə yeni ixtisaslara ehtiyac artır. Bu dəyişikliklər işçilərin ixtisasartırma keçməsini, yeni peşələrə yiyələnməsini və təhsil istiqamətlərini dəyişməsini zəruri edə bilər. İnkişaf səviyyəsi daha aşağı olan iqtisadiyyatlarda isə fərqli risklər gözlənilir. Belə ölkələrdə süni intellekt və rəqəmsal texnologiyalarla bağlı yeni iş yerləri sürətlə yaranmadıqda, ənənəvi iş yerlərinin azalması əmək bazarı üçün daha ciddi problem yarada bilər.

Süni intellektin əmək bazarında yaratdığı
əsas dəyişikliklərdən biri işçilərə olan tələblərin yenilənməsi olacaq

Əmək bazarında yeni bacarıqlara ehtiyac yaranacaq

Ekspert hesab edir ki, süni intellektin əmək bazarında yaratdığı əsas dəyişikliklərdən biri də işçilərə olan tələblərin yenilənməsi olacaq. Süni intellektdən istifadə bacarığı ilə yanaşı, kritik düşüncə və problemi həlletmə qabiliyyəti daha çox ön plana çıxacaq. Çünki süni intellektin təqdim etdiyi nəticənin düzgün olub-olmadığını müəyyənləşdirmək üçün istifadəçinin həmin sahəni yaxşı bilməsi lazımdır. Problemin həlli üçün ilk növbədə onun özünü düzgün müəyyənləşdirmək vacibdir. Bu isə kritik düşüncə və analitik yanaşma tələb edir. Eyni zamanda, məlumatların mahiyyətini və təhlil prosesini başa düşməyən şəxsin süni intellektdən tam səmərə ilə istifadə etməsi də real görünmür. Çünki texnologiyanın verdiyi nəticədə hansı məqamların nəzərə alınmadığını müəyyən etmək də peşəkar bilik tələb edir.

Əsas meyar ortaya qoyulan nəticədir

Süni intellektin iş proseslərinə daxil olması əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məsələsini də gündəmə gətirir. Ekspert deyir ki, işəgötürən üçün əsas meyar işçinin tapşırığı hansı vasitə ilə yerinə yetirməsi deyil, ortaya qoyduğu nəticə, peşəkarlığı və səmərəliliyi olmalıdır. Bu baxımdan, işçinin süni intellektdən istifadə edib-etmədiyini müəyyənləşdirməkdən daha vacib məsələ onun işinin nəticəsini düzgün qiymətləndirməkdir. Əks halda, texnologiyanın tətbiqi əmək məhsuldarlığını artırmaq əvəzinə, əks effekt verə bilər.

Süni intellektin qısa müddətdə bütün işləri və ya bütün peşələri
əvəz edəcəyi ilə bağlı yanaşmaların ehtiyatla qiymətləndirilməsi vacibdir

Süni intellektin hüquqi tənzimlənməsi aktual olaraq qalır

Müsahibimiz o fikirlə razıdır ki, süni intellektin sürətli inkişafı hüquqi tənzimləmə baxımından da yeni çağırışlar yaradır. Texnologiyanın inkişaf tempi hüquqi mexanizmlərin yenilənməsindən daha sürətli olduğundan, süni intellektdən istifadə zamanı hüquqların qorunması, məxfi məlumatların təhlükəsizliyi və texnologiyadan sui-istifadənin qarşısının alınması məsələlərini gündəmə gətirir. Bu problemlər yalnız ayrı-ayrı ölkələr üçün deyil, qlobal xarakter daşıyır və süni intellektin inkişafı ilə paralel olaraq yeni hüquqi yanaşmaların formalaşdırılmasını tələb edir.

Süni intellektin iqtisadi faydası hələ gözlənilən səviyyədə deyil

E.Sadıqov süni intellektin iqtisadiyyata təsiri barədə yüksək gözləntilərin olduğunu, lakin texnologiyanın tətbiqindən əldə edilən nəticələrin hələ bu gözləntiləri tam doğrultmadığını bildirir. Qeyd edir ki, son dövrdə süni intellektin tətbiqi qlobal iqtisadiyyatda gözlənilən səviyyədə məhsuldarlıq artımı yaratmayıb. Ayrı-ayrı ölkələrdə və sahələrdə müsbət nəticələr müşahidə olunsa da, ümumi mənzərədə süni intellektin tətbiqindən əvvəl və sonrakı məhsuldarlıq arasında hələ kifayət qədər böyük fərq formalaşmayıb. Bu səbəbdən, süni intellektin qısa müddətdə bütün işləri və ya bütün peşələri əvəz edəcəyi ilə bağlı yanaşmaların ehtiyatla qiymətləndirilməsi vacibdir. Yəni yaxın perspektivdə əsas dəyişiklik insanın süni intellekt ilə əvəzlənməsindən daha çox bu texnologiyadan istifadə etməyən və edən işçi arasındakı məhsuldarlıq fərqinin böyüməsi ola bilər.

Faiq KƏRİMOĞLU

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?