Azərbaycan və BMT arasında Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib
“2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycanın 30 ildən artıq müddətdə BMT ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Tərəfdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər imkanların yaradılması və digər istiqamətlərdə ardıcıl addımların atıldığı qeyd edilib. Bu günədək BMT ilə əməkdaşlığa dair 5 Çərçivə Sənədinin hazırlandığı və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədinin icra mərhələsinə daxil olduğu bildirilib. Yeni Çərçivə Sənədi inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq, yaşıl artımın təşviqi kimi prioritet istiqamətləri əhatə edir. Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.
Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç yeni Əməkdaşlığa dair Çərçivə Sənədinin daha məqsədyönlü və prioritetləşdirilmiş, Azərbaycanın milli inkişaf strategiyasına və ölkədə dəyişən vəziyyətə uyğunlaşdırıldığını bildirib. Artıq Çərçivə Sənədinin planlaşdırma mərhələsindən icra mərhələsinə keçdiyi, həmçinin Birgə İş Planlarının icra olunduğu qeyd edilib.
Bildirilib ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi böyük qlobal əhəmiyyət daşıyan bir mərhələdir. Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli həyata keçirilməsini təmin etmək üçün hərtərəfli dəstək göstərməyə hazırdır.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri xanım Kanako Mobuçi 2021–2025-ci illər Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin nəticələrinə dair təqdimatla çıxış edib. Daha sonra 2026-2030-cu illər üçün yeni Çərçivə Sənədinə dair ümumi baxış təqdim edilib.
Tədbir çərçivəsində inklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə Birinci Nəticə Qrupunun həmsədrləri təqdimatla çıxış ediblər. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov BMT ilə mövcud tərəfdaşlıq üzrə prioritetlər, BMT-nin Məskunlaşma Proqramı Ölkə Ofisinin rəhbəri Anna Soave isə 2026-cı il üçün Müştərək İş Planındakı fəaliyyətlər və büdcə yükü ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
İqlimə davamlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə 2-ci Nəticə Qrupunun həmsdəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva yeni Çərçivə Sənədi üzrə iqlim dəyişmələri ilə mübarizə və iqlim məlumatlılığının artırılması istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda müvəqqəti nümayəndəsi Nasar Hayat iqlimə davamlılıq və yaşıl artım istiqamətlərini əhatə edən birgə iş planı, onun icrası üçün tələb olunan maliyyə resursları və donor dəstəyi barədə təqdimatla çıxış edib.
Tədbirdə 2026-cı il üçün prioritetlər üzrə müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb. Müzakirələrin nəticələrinə əsasən müştərək İş Planı çərçivəsində 2026-cı il üzrə fəaliyyətlər və prioritetlərin təsdiq olunduğu elan edilib.
