“Baku ID”də Azərbaycan startapları: milyon dollarlıq dövriyyə, qrantlar və qlobal bazar hədəfi MƏQALƏ
Sentyabrın 17-18-də Bakı regionun ən böyük innovasiya və startap tədbirlərindən birinə – “Baku ID”yə ev sahibliyi edib. Yeni fəaliyyətə başlayan SABAH.city innovasiya şəhərciyində baş tutan festivalda ilk dəfə 50-dən çox beynəlxalq və regional vençur fondu bir araya gəlib. Tədbir çərçivəsində 60 startap – 45 xarici və 15 yerli komanda öz innovativ həllərini Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Qafqaz, Şimali Afrika regionu (MENA) və digər beynəlxalq bazarları təmsil edən investorların qarşısında təqdim edib.
“vergiler.az” bu imkandan yararlanan yerli startaplardan bir neçəsi ilə həmsöhbət olub, onların hansı problemlərə innovativ həllər təklif etdiyini, əldə etdikləri uğurları və Azərbaycan startap ekosisteminə gətirdikləri yenilikləri araşdırıb.
Qeyd edək ki, “Baku ID” proqramı çərçivəsində “Startup World Cup”ın Azərbaycan üzrə regional finalı, eləcə də 15 kateqoriya üzrə 12 qalibin müəyyənləşdirildiyi “NEXUS Awards” mükafatlandırma mərasimi keçirilib. Eyni zamanda, SABAH.HUB, SABAH.fund və Türkiyənin “AI Startup Factory” platforması arasında startapların inkişafını və investisiya əlaqələrinin genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
“Bazardone”: 1 milyon dollarlıq dövriyyədən ixraca doğru
Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışında fermerlə son alıcı arasındakı zəncirin qısaldılması yeni rəqəmsal həllərin əsas hədəflərindən birinə çevrilir. Bu məqsədlə yaradılan “Bazardone” startapı kənd təsərrüfatı məhsullarının daha geniş bazara çıxarılmasını və fermer gəlirlərinin artırılmasını hədəfləyir. Növbəti mərhələdə isə platforma Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etməyi planlaşdırır.
Layihənin əməliyyat meneceri Ayxan Həsənovun sözlərinə görə, “Bazardone” tətbiqi rəqəmsal imkanları məhdud olan fermerlərin bazara çıxışını asanlaşdırmaq üçüb yaradılıb. Tətbiqin iş prinsipinə gəlincə, fermer məhsulunu platformada tenderə çıxarır, alıcılar isə qiymət təklifləri verir. Məsələn, 300 ton alma üçün elan yerləşdirən fermer müxtəlif alıcılardan təkliflər alır və sistem ən uyğun variantın seçilməsində fermerə kömək olur.
“Bazardone”ın əsas üstünlüklərindən biri fermerlərin platformaya qəbul edilməzdən əvvəl yoxlanılmasıdır. Şirkət nümayəndələri təsərrüfata baş çəkərək istehsalçının həqiqi fermer olduğunu təsdiqləyirlər. Bu, vasitəçilərin fermer adı ilə platformaya daxil olmasının qarşısını almağa imkan verir.
7-8 ayda 1 milyon dollardan çox dövriyyə. Təxminən bir ildir fəaliyyət göstərən “Bazardone” real satışlara 2026-cı ilin yanvarından başlasa da, A.Həsənovun sözlərinə görə, bu müddətdə platforma üzərindən 1 milyon dollardan çox dövriyyə formalaşıb. Hazırda sistemdə 52 təsdiqlənmiş fermer və 160 alıcı qeydiyyatdadır. Fermerlərin 38-i Azərbaycanın iri aqroparklarının rezidentləridir. Platformada mövsümə uyğun olaraq alma, armud, şaftalı və digər kənd təsərrüfatı məhsulları satışa çıxarılır. Startap ilkin mərhələdə SABAH.HUB və SABAH.fund tərəfindən maliyyələşdirilib, hazırda isə yeni investisiya imkanları üzrə danışıqlar aparır.
Növbəti hədəf – ixrac. Yerli bazarda müəyyən mövqe tutduqdan sonra "Bazardone" üçün növbəti məntiqi addım xarici bazarlara çıxış hesab olunur. Komanda üzvləri artıq Özbəkistanda danışıqlar aparıb, indi isə İtaliya və Çin bazarlarına çıxış imkanlarını araşdırır. BƏƏ, Bəhreyn və Qətər də potensial istiqamətlər sırasındadır. Şirkət xüsusilə Özbəkistan üzərindən Çin bazarına çıxışı və Azərbaycan məhsulları, o cümlədən fındıq üçün İtaliya bazarını perspektivli hesab edir. Bununla yanaşı, sahibkarların çətinlik çəkdiyi ixrac üçün sertifikatlaşdırma və logistika məsələlərində də şirkət fermerləri tək qoymayacaq. Belə ki, növbəti mərhələdə platformaya bu istiqamətlər üzrə xidmətlərin əlavə edilməsi planlaşdırılır.
Fermer platformaya necə qoşula bilər? İlkin olaraq fermer “Bazardone” tətbiqi üzərindən müraciət yerləşdirir. Şirkət əməkdaşları onun fəaliyyəti və məhsulları barədə məlumat topladıqdan sonra təsərrüfata baş çəkərək yerində yoxlama aparırlar. A.Həsənov vurğulayıb ki, platformanın əsas məqsədi fermerlərin daha çox alıcıya birbaşa çıxışını təmin etməkdir. Sözsüz ki, çoxsaylı vasitəçilərin olduğu satış zəncirində məhsulun qiyməti artır, fermerin payı isə azalır. “Bazardone” bu zənciri qısaltmaqla həm satış imkanlarını, həm də fermerin gəlirini artırmağa çalışır.
“Save it”: 180 min dollar qrant, 25 min dollar AWS krediti
Azərbaycanda gənclərin şəxsi maliyyəsini daha səmərəli idarə etməsinə yönəlmiş yeni fintech həlli inkişaf etdirilir. “Save it” istifadəçilərə büdcələrini rahat planlaşdırmaq, xərclərini təhlil etmək və qənaət imkanlarını müəyyənləşdirmək üçün rəqəmsal alətlər təqdim edir. Startapın həmtəsisçisi Raul Mahmudovun sözlərinə görə, “Save it” əsasən gənc istifadəçilərin gündəlik maliyyə davranışlarını daha düzgün idarə etməsinə kömək etmək məqsədi ilə yaradılıb. Platforma vasitəsilə istifadəçilər fərdi büdcə planı hazırlaya, xərclərini kateqoriyalar üzrə təhlil edə və qənaət imkanlarını müəyyənləşdirə bilərlər. Erkən inkişaf mərhələsində olan startap artıq bir sıra yerli inkubasiya proqramlarında iştirak edib. “Save it” SABAH.HUB, eləcə də İDDA və “Tenity”nin keçirdiyi inkubasiya proqramlarında yer alıb və müxtəlif startap yarışlarında mükafatlara layiq görülüb.
Qrant startapa iki il üçün resurs yaradıb. “Save it”in indiyədək əldə etdiyi əsas dəstəklərdən biri “Tenity” tərəfindən təqdim olunub. Startapçının verdiyi məlumata əsasən, komandaya 180 min ABŞ dolları dəyərində müxtəlif texniki avadanlıqlar və digər resurslar təqdim edilib ki, bu da layihəyə ciddi dəstəkdir.
“Anthropic” tərəfdaşlığı və 25 min dollar AWS krediti. “Save it” beynəlxalq texnologiya ekosisteminə inteqrasiya istiqamətində də addımlar atır. Startap “Cloud Partner Network” proqramında iştirak edir və “Anthropic” şirkətinin tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində “Anthropic”in təqdim etdiyi bəzi bulud əsaslı modellərə, o cümlədən hələ geniş ictimaiyyət üçün əlçatan olmayan modellərə erkən giriş imkanı əldə edilib. Bundan əlavə, təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulan xüsusi modellərdən istifadə və daha yüksək istifadə limitlərindən yararlanmaq imkanları da qazanılıb.
Startap “Amazon Web Services”in (AWS) “AWS for Startups” proqramından isə 25 min ABŞ dolları məbləğində kredit əldə edib. Kreditin AWS infrastrukturu üzərində texniki imkanların qurulmasına və layihənin digər bulud resurslarına olan ehtiyaclarının qarşılanmasına yönəldilməsi nəzərdə tutulur.
Növbəti hədəf – Open Banking. Hazırda “Save it”in 300-dən çox erkən istifadəçisi var və hədəf bu sayı günbəgün daha da artırmaqdır. R.Mahmudovun sözlərinə görə, tətbiqin yeni istifadəyə verilməsinə baxmayaraq, ilkin mərhələdə istifadəçi marağı gözləniləndən yüksək olub. Komanda yaxın gələcəkdə "Open Banking" (açıq bankçılıq) imkanlarından istifadə etməklə tətbiqin funksionallığını daha da genişləndirməyi planlaşdırır. Bu, istifadəçilərə xərclərini daha avtomatlaşdırılmış şəkildə izləməyə və maliyyə vəziyyətləri barədə daha dolğun təsəvvür əldə etməyə imkan verəcək. “Save it” eyni zamanda xarici bazarlara çıxışı da gündəmdə saxlayır. Mərkəzi Asiya bazarları, xüsusilə Qazaxıstan əsas hədəflər sırasında olsa da, İtaliya və Şimali Avropa ölkələrinin bazarları da nəzərdən keçirilir. Startapçı vurğulayıb ki, xüsusilə Şimali Avropa ölkələrində fintech həllərinə olan maraq “Save it” üçün əlavə genişlənmə imkanları yarada bilər.
Mobil tətbiqdə yeni funksiyalar. Android və iOS cihazları üçün təqdim olunan “Save it” tətbiqində istifadəçilər aylıq büdcə planı hazırlaya, xərclərini avtomatlaşdırılmış şəkildə təhlil edə və süni intellekt əsasında fərdi maliyyə tövsiyələri əldə edə bilirlər.
“Replay.me”: bizneslər sosial şəbəkə mesajlarını vahid sistemdə idarə edə biləcək
Bizneslər üçün müştəri ilə ünsiyyət artıq yalnız veb-sayt və çağrı mərkəzləri ilə məhdudlaşmır. “WhatsApp”, “Instagram” və “Facebook” kimi platformalardan daxil olan yüzlərlə mesajın vaxtında və düzgün cavablandırılması şirkətlər üçün yeni bir idarəetmə probleminə çevrilir. Yerli startap “Replay.me” bu problemin həlli üçün bizneslərə müxtəlif kanallardan daxil olan mesajları vahid sistemdə toplamağa və süni intellekt vasitəsilə cavablandırmağa imkan verən həll təqdim edir.
Startapın həmtəsisçisi Xaliq Salmanov bildirib ki, platformanın əsas məqsədi müxtəlif kanallardan gələn müştəri müraciətlərinin vahid mərkəzdə idarə olunması və bizneslərin heç bir potensial müştərini itirməməsinə şərait yaratmaqdır. Onun sözlərinə əsasən, sistem şirkətin təqdim etdiyi məlumatlar əsasında həmin biznesin “brend DNT”sini formalaşdırır və müştərilərə uyğun cavabların hazırlanmasına kömək edir.
Süni intellekt platformanın mərkəzində. “Replay.me”də süni intellekt əsas texnoloji komponentlərdən biri kimi çıxış edir. Platforma daxil olan mesajlarla yanaşı, sosial şəbəkələrdəki şərhlərin cavablandırılmasında da süni intellektdən istifadə edir. Startap hazırda B2B modelində fəaliyyət göstərir. Startapçı vurğulayıb ki, məhsulun yaxın zamanda demo-launch mərhələsi başlayıb və bəzi şirkətlər artıq sınaq məqsədilə istifadə edir. Əsas hədəflərdən biri istifadəçi bazasını genişləndirmək və sayı ən azı 100-150-yə çatdırmaqdır.
“Replay.me” SABAH Hub inkubasiyasını başa vurub. Startap artıq SABAH Hub inkubasiya proqramını başa vurub. X.Salmanov bunu layihənin indiyədək əldə etdiyi əsas nəticələrdən biri kimi qiymətləndirib. Hazırda komanda əsas diqqəti məhsulun real bizneslərdə sınaqdan keçirilməsinə, istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına və müştəri bazasının genişləndirilməsinə yönəldib.
“Qonşu”: daşınmaz əmlak idarəçiliyi vahid platformada
Daşınmaz əmlak sektorunda rəqəmsallaşma bina idarəçiliyinin də yeni texnologiyalar üzərindən qurulmasına imkan yaradır. Azərbaycanda fəaliyyət göstərən “Qonşu” startapı sahə mülkiyyətçilərini, bina idarəedicilərini, sakinləri və xidmət təminatçılarını vahid platformada birləşdirərək daşınmaz əmlakın idarə edilməsini vahid ekosistem üzərindən həyata keçirməyi hədəfləyir.
Startapın qurucusu Orxan Zakirov bildirib ki, “Qonşu” platformasında bina idarəçiliyindən ödənişlərə, mənzil mülkiyyəti ilə bağlı məsələlərdən müxtəlif xidmət və iaşə obyektlərinə qədər bir sıra imkanlar əlçatandır. Tətbiq və platforma üzərindən sistemə girişə nəzarət, liftlərin idarə edilməsi, kamera sistemləri, açarsız giriş, mikromobillik həlləri və elektrikli nəqliyyat vasitələri üçün şarj stansiyaları ilə inteqrasiya kimi funksiyalar da aktivdir.
10-dan çox bina ilə müqavilə, 500 min manatdan çox investisiya. Startapçının sözlərinə görə, artıq Azərbaycanda 10-dan çox bina ilə müqavilə bağlanılıb. İlin sonunadək yerli bazarda ən böyük oyunçuya çevrilmək, gələn ildən isə xarici bazarlara çıxmaq nəzərdə tutulur. “Qonşu” indiyədək Azərbaycanda 500 min manatdan çox investisiya cəlb edib. Şirkət bu vəsaitləri böyüməyə, məhsulun inkişafına və bazar əhatəsinin genişləndirilməsinə yönəldir.
O.Zakirov deyir ki, inkişaf strategiyasında avadanlıq istehsalı da xüsusi yer tutur. Şirkət müxtəlif komponentlərin idxal edilərək Azərbaycanda texniki işlər üçün lazım olan avadanlıqların istehsalı ilə də məşğul olur. Məqsəd yalnız proqram təminatı hazırlayan şirkət deyil, eyni zamanda öz avadanlıqlarını formalaşdıran texnologiya şirkətinə çevrilməkdir.
Gürcüstan və Özbəkistan bazarlarına çıxış. Hazırda “Qonşu”nun Gürcüstan və Özbəkistan bazarlarına çıxışı ilə bağlı danışıqlar aparılır. Şirkət bu bazarlara daxil olarkən yerli tərəfdaşlıq və investisiya imkanlarından istifadə etməklə daha sürətli və dayanıqlı böyüməyi planlaşdırır. Bu məqsədlə potensial investorlarla da görüşlər keçirilir. “Qonşu”nun uzunmüddətli hədəfləri Azərbaycan və yaxın regionla məhdudlaşmır. Şirkət keçmiş MDB ölkələri ilə yanaşı, Yaxın Şərq və MENA (Yaxın Şərq və Şimali Afrika - red.) bazarlarını da hədəfləyir. Startapçı hesab edir ki, bu bazarlarda bina idarəçiliyini rəqəmsal və fiziki xidmətlərlə kompleks şəkildə birləşdirən qlobal oyunçunun olmaması onlar üçün əlavə bazar imkanları yaradır.
Yaxın planlar arasında platformaya qeyri-yaşayış obyektlərinin də cəlb edilməsi və loyallıq proqramının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində sakinlər və qonaqlar üçün ətraf ərazilərdə fəaliyyət göstərən iaşə və digər xidmət obyektlərinin xüsusi endirim və təkliflərinin vahid platformada toplanması planlaşdırılır. Satışlardan əldə olunan komissiyanın isə sahə mülkiyyətçiləri ilə bölüşdürülməsi nəzərdə tutulur.
Faiq KƏRİMOĞLU
