WUF13 çərçivəsində sahibkarlar üçün məlumatlandırma tədbiri təşkil olunub
Martın 17-də “Bakı KOB evi”ndə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı çərçivəsində “WUF13 – özəl sektor üçün məlumatlandırma sessiyası” keçirilib.
17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Sessiyanın əsas məqsədi özəl sektor nümayəndələrini WUF13, eləcə də bu beynəlxalq platformanın biznes üçün yaratdığı imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave çıxış ediblər. Çıxışlarda dayanıqlı və innovativ şəhərsalma həllərinin, “yaşıl iqtisadiyyat”ın və bu sahədə dövlət-özəl əməkdaşlığının WUF13-ün prioritet istiqamətləri sırasında olduğu vurğulanıb. Qeyd olunub ki, qlobal miqyasda şəhər inkişafı prosesində sahibkarların və startapların rolu getdikcə artır. Xüsusilə “ağıllı şəhər” texnologiyaları və innovativ həllərin təqdim edilməsi dayanıqlı şəhər mühitinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi şəhərsalma layihələrinin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Bildirilib ki, şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır və özəl sektor üçün faydalı imkanlar təqdim edəcək.
Sessiya zamanı iştirakçılara WUF13 çərçivəsində təqdim olunan imkanlar, o cümlədən “Urban Expo” sərgisində iştirak prosesi barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Urban Expo” sərgisində iştirak üçün müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn qaydada qəbul olunur.
Tədbir çərçivəsində WUF13 haqqında videoçarx nümayiş olunub, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi WUF13 ilə bağlı təqdimatla çıxış edib.
