23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vakansiyaları vaxtında açıqlamayan sahibkarlar cərimələnəcək

Vakansiyaları vaxtında açıqlamayan sahibkarlar cərimələnəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu təsdiq edib. Dəyişikliklər, əsasən, məşğulluq sahəsində qanunvericiliyin pozulması ilə bağlıdır.

Məcəllədə edilmiş dəyişikliyə əsasən, bundan sonra işəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul olunanlar və işdən çıxarılanlar haqqında aylıq hesabatları təqdim etmədikdə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcəklər. İşəgötürən eyni zamanda yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməlidirlər.

Əgər həmin müddətdə məlumatlar daxil edilməzsə, işəgötürənlərə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq olunacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Əks halda, o, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi barədə işəgötürənlər ən azı 3 ay əvvəl müvafiq həmkarlar ittifaqı orqanlarına yazılı məlumat verməli və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi ilə bağlı onlarla danışıqlar aparmalıdır. Bu prosedurlar həyata keçirilmədiyi təqdirdə, həmin şəxslər 500 manatdan 1.000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yeni qüvvəyə minmiş qanunun müddəalarını şərh edən iqtisadçı ekspert Ramin Ramazanov bunların işçilərin və işaxtaran vətəndaşların xeyrinə olduğunu bildirib: "İndiyədək bir çox şirkətlər vakansiyalar, açılan yeni iş yerləri barədə məlumatları, hesabatları təqdim etmirdilər və ya gec verirdilər. Çünki buna görə cərimə məbləğləri çox az – cəmi 50-60 manat idi. Yeni qanunla isə bu cərimə məbləğləri 300-500 manata qaldırıldığı üçün, düşünürəm ki, işəgötürənlər həmin məbləği ödəməkdənsa, hesabatları vaxtında təqdim etməyə üstünlük verəcəklər".

Ekspert onu da qeyd edib ki, vakansiyaların vahid məlumat bazasında toplanması işaxtaran vətəndaşların işini asanlaşdıracaq: onlar bir mənbədən özlərinə aid boş iş yerlərini axtararaq uyğun variantları tapa biləcəklər.

Fərqanə ALLAHVERDİQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?