29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Energetika Nazirliyinin məlumatına görə, Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 manat təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 manata çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1 faiz) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?