Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır MƏQALƏ
Azərbaycanda yerli startap ekosistemi süni intellektin və rəqəmsal transformasiyanın gücü ilə sürətlə böyüyür, sahibkarlar üçün yeni rəqəmsal dövrün qapılarını açır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının son qərarı ilə daha 10 layihə "Startap" şəhadətnaməsi alıb və bununla da vergi güzəşti əldə edən subyektlərin sayı 282-yə yüksəlib.
Yeni şəhadətnamə almış platformaların əsas hərəkətverici qüvvəsi olan süni intellekt bizneslərin marketinq idarəetməsini, müştəri xidmətlərini və müqavilə dövriyyəsini tam avtomatlaşdırır. Məsələn, qadın sağlamlığı sahəsində ilk yerli "FemTech" platforması da süni intellekt bələdçisi ilə istifadəçilərin işlərini asanlaşdıracaq.
Xatırladaq ki, “Startap” şəhadətnaməsi startapçıları 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edir. Bunun sayəsində də onlar qənaət etdikləri büdcəni birbaşa məhsulun inkişafına və qlobal bazara çıxışa yönəldə bilirlər. "Vergiler.az" ənənəvi olaraq uğurlu layihə rəhbərlərinin bir neçəsi ilə həmsöhbət olub, startapların işləri necə asanlaşdıracağını öyrənib.
KOB-ların marketinq xərcləri azalır, rəqəmsallaşma sürətlənir
“Viralix” süni intellekt əsaslı marketinq əməliyyat sistemi (AI Marketing OS) bizneslərin marketinq fəaliyyətlərini vahid platformadan idarə etməsinə imkan yaradır. Platforma məzmun və dizaynın hazırlanması, strategiyanın qurulması, reklam kampaniyalarının idarə olunması və analitika kimi prosesləri tam avtomatlaşdırır.
Startapın qurucusu Ramal Ağakişi platformanı Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşmasını sürətləndirmək və süni intellekt texnologiyalarını hər bir sahibkar üçün əlçatan etmək məqsədilə yaratdıqlarını bildirib. Artıq ilk korporativ müştərilərlə əməkdaşlığa start verilib və hazırda sistemdən 25-dən çox biznes istifadə edir.
Məlumdur ki, kiçik və orta sahibkarlar marketinq üçün dizayner, kopirayter, SMM meneceri və reklam mütəxəssisi kimi müxtəlif resurslara ehtiyac duyurlar, bu isə ciddi vaxt və maliyyə yükü deməkdir. “Viralix” bu proseslərin böyük hissəsini süni intellektlə həll edir. İstifadəçi biznesi barədə məlumatı daxil etdikdən sonra sistem dərhal strategiya hazırlayır, məzmun təklif edir, dizayn yaradır və reklamları idarə edir. Nəticədə sahibkarlar daha az resursla daha effektiv nəticələr əldə edirlər. Bazarda fərqli funksiyaları icra edən ayrıca alətlər olsa da, “Viralix”in əsas üstünlüyü bütün bu prosesləri vahid süni intellekt ekosistemində birləşdirməsidir. Platformadakı “AI Generator”, “Design Studio”, “Content Creator”, reklam avtomatlaşdırılması və analitika modulları eyni sistemdə cəmlənib. Beləliklə, bizneslər fərqli proqramlar arasında vaxt itirmədən bütün işlərini tək məkandan idarə edə bilirlər.
Komanda hazırda platformanın funksionallığını genişləndirmək, süni intellektin analiz imkanlarını dərinləşdirmək, reklam optimizasiyasını təkmilləşdirmək və yeni platformalarla inteqrasiya üzərində işləyir. Eyni zamanda, məhsulun beynəlxalq bazarlara çıxarılması və gələcəkdə mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır.
R.Ağakişi qeyd edib ki, “Startap” şəhadətnaməsi çərçivəsində təqdim olunan vergi güzəşti sayəsində qənaət edilən vəsaiti məhsulun inkişafına, texniki komandanın genişləndirilməsinə və qlobal bazara çıxış strategiyasına yönəldə biləcəklər. Onun fikrincə, bu dəstək layihənin daha sürətlə böyüməsinə və rəqabət qabiliyyətinin artmasına birbaşa təkan verəcək.
Süni intellektli müştəri xidmətləri platforması
Bir sıra hallarda biznes subyektləri müştərilərə gec cavab verdiyi üçün potensial satış imkanlarını itirirlər. “Vexvon” məhz bu problemi həll etmək üçün yaradılıb. Startapın qurucusu Orxan Ənvərli bildirir ki, “Vexvon” süni intellekt əsaslı müştəri ünsiyyəti və satışın avtomatlaşdırılması platformasıdır. Sistem bizneslərin “Instagram”, “Facebook”, “WhatsApp”, “TikTok”, “Telegram”, “Discord” və veb-saytlar üzərindən gələn müraciətlərini avtomatik cavablandırır, müştəri davranışlarını analiz edir və yeni satış imkanlarını müəyyənləşdirir. Platforma 24/7 rejimində fəaliyyət göstərərək müştərilərə dərhal geri dönüş edir, tez-tez verilən sualları avtomatik cavablandırır və beləliklə, əməkdaşların vaxtını daha vacib işlərə yönəltməsinə imkan yaradır. Eyni zamanda, müştərilərin maraq dairəsini təhlil edərək satış prosesinin effektivliyini artırır.
Layihə müəllifinin sözlərinə görə, “Vexvon” sadəcə standart cavablar verən bəsit bir çatbot deyil. Sistem müştərinin yazışma tonunu, maraq dairəsini və davranışlarını analiz edir. Bu məlumatlar əsasında bizneslər hansı məhsul və ya xidmətlərə daha çox tələbat olduğunu rahatlıqla görə bilir. Platforma Azərbaycan dilinin strukturunu və lokal biznes ehtiyaclarını nəzərə alaraq hazırlanıb. Bundan əlavə, şirkətlər bota öz daxili məlumatlarını öyrədə və cavabları tam fərdiləşdirə bilirlər. Yaxın gələcəkdə isə səsli müştəri dəstəyi, telefon zənglərinin süni intellekt vasitəsilə idarə olunması və daha inkişaf etmiş satış analitikası funksiyalarının istifadəyə verilməsi planlaşdırılır.
Platforma heç bir texniki bilik tələb etmədən rahat istifadə üçün nəzərdə tutulub. “Vexvon” vahid idarəetmə paneli üzərindən bütün platformalardan gələn mesajları bir yerə toplayır, istifadəçilər müştəri yazışmalarını canlı izləyə, analitik hesabatlar əldə edə, bota yeni məlumatlar yükləyə və komanda şəklində işləyə bilirlər.
O.Ənvərli “Startap” şəhadətnaməsinin təqdim etdiyi vergi güzəştlərinin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu imkan qənaət olunan vəsaiti məhsulun inkişafına, yeni texnologiyaların tətbiqinə və komandanın genişləndirilməsinə yönəltməyə şərait yaradır, nəticədə isə daha rəqabətədavamlı və ixrac potensialı yüksək olan bir məhsul ərsəyə gətirilir. Həmsöhbətimiz əlavə edib ki, əsas məqsədləri Azərbaycandakı kiçik və orta bizneslərin süni intellektin verdiyi üstünlüklərdən maksimum yararlanmasına dəstək olmaqdır. O, yaxın illərdə süni intellekt əsaslı müştəri xidmətlərinin hər bir biznes üçün standart alətə çevriləcəyinə və “Vexvon”un bu rəqəmsal transformasiyanın öncüllərindən olacağına inanır.
Kağız müqavilələr tarix olur: sahibkarlar üçün yeni rəqəmsal dövr
“E-Müqavilə” platforması fərdi sahibkarlar və hüquqi şəxslər arasında müqavilə münasibətlərinin elektron qaydada idarə edilməsi, imzalanması və arxivləşdirilməsi üçün nəzərdə tutulub. Sistemi digərlərindən fərqləndirən əsas cəhət onun VÖEN-i olan hər bir kommersiya təşkilatı üçün əlçatanlığı və sadəcə sənəd imzalamaqla məhdudlaşmamasıdır.
Startapın qurucusu Fərid Qəhrəmanov bildirib ki, platforma xüsusi alqoritmlər əsasında ərsəyə gəlib. Bu sistem tərəflərin məlumatlarının daxil edilməsini və müqavilə şərtlərinin qeyd olunmasını tam avtomatlaşdırıb. Yəni istifadəçilər şəxsi kabinetləri vasitəsilə sənədləri hazırlayıb "SİMA" və ya "Asan İmza" kimi hüquqi qüvvəyə malik imzalardan biri ilə təsdiqləyə bilərlər. Eyni zamanda, kabinet daxilində sənədlərin ötürülməsi və imzalanması prosesini real vaxt rejimində izləmək, eləcə də bütün hüquqi sənəd dövriyyəsini arxivləşdirmək mümkündür.
Platforma qurularkən Azərbaycan Respublikasının qanunvericiliyindəki bütün hüquqi aspektlər tam nəzərə alınıb. Təhlükəsizlik məsələsinə gəlincə, istifadəçilərin narahatlığına heç bir əsas yoxdur, çünki bütün məlumatlar ölkənin ən etibarlı “bulud” yaddaşı olan "Azincloud" serverlərində qorunur. Gələcəkdə istifadəçilərin rahatlığı üçün mobil tətbiqin hazırlanması planlaşdırılır ki, bu da göndərilən müqavilələri birbaşa telefon üzərindən tanış olub imzalamağa şərait yaradacaq. Hazırda istifadəçilər Mülki Məcəlləyə uyğun hazırlanmış şablonlar vasitəsilə 3 əsas istiqamətdə – alğı-satqı, xidmət və 11 ayadək qısamüddətli icarə sahəsində müqavilə bağlaya bilərlər. Bundan əlavə, tərəfdaşlara öz şəxsi şablonlarını da sistemə inteqrasiya etmək imkanı verilir.
Qeyd edək ki, ilk dəfə qeydiyyatdan keçən VÖEN sahibləri platformadan 3 ay müddətinə ödənişsiz istifadə edə bilərlər. Bu, müəyyən maliyyə yükü yaratsa da, layihə müəllifi “Startap” şəhadətnaməsinin verdiyi vergi güzəştlərinin bu xərcləri müəyyən qədər kompensasiya edəcəyinə inanır.
"FemTech" platforması: qadınların rəqəmsal bələdçisi
Anaların və ana olmağa hazırlaşan qadınların rəqəmsal ekosistemi olan "Anacan" startapı ölkəmizdə qadın sağlamlığı və texnologiyanı birləşdirən ilk əhatəli "FemTech" platformasıdır. Startapın təsisçisi Türkan Sultanlı bildirir ki, bu platforma birbaşa yerli ekosistemin reallıqlarına, dilimizə və mədəniyyətimizə uyğunlaşdırılmış rəqəmsal bələdçidir. Onun sözlərinə görə, ölkəmizdə minlərlə qadın hamiləlik və uşaq baxımı dövründə internetdəki böyük məlumat çirkliliyindən əziyyət çəkir. Xarici mənbələrdən yararlanmaq isə dil baryerinə görə hər zaman mümkün olmur. "Anacan" məhz bu boşluğu doldurmaq və prosesi asanlaşdırmaq üçün yaradılıb. Platformaya ana və uşaq sağlamlığı, pedaqogika, həmçinin psixologiya sahəsində fərdi, elmi əsaslı və tamamilə azərbaycandilli məzmun yerləşdirilib. Hamiləlik təqvimi, uşağın fərdi inkişaf göstəricilərinin (yuxu, qidalanma, çəki) qeydiyyatı və peyvənd təqvimi kimi funksiyalarla zənginləşdirilən platforma valideynlərin gündəlik yükünü azaltmağa və stresi minimuma endirməyə hesablanıb.
Startap rəhbəri qeyd edir ki, qlobal bazarda "Flo" kimi bənzər tətbiqlər mövcud olsa da, onların heç biri Azərbaycan reallığını, yerli tibbi protokolları, milli peyvənd təqvimini və tam lokallaşdırılmış məzmunu əhatə etmir. "Anacan" tətbiqində qadınlar üçün 30-a yaxın fərqli rəqəmsal alət yer alır. Həmçinin platforma daxilində aktiv fəaliyyət göstərən "Cəmiyyət" sistemi vasitəsilə qadınlar tam təhlükəsiz və qapalı bir mühitdə bir-birləri ilə təcrübə mübadiləsi apara bilirlər. Süni intellekt dəstəkli, doğma dildə danışan və fərdi yanaşma nümayiş etdirən rəqəmsal köməkçi funksiyasının platformaya inteqrasiya edilməsi isə regional bazarda analoqu olmayan bir addım olacaq.
Yaxın gələcəkdə hazırda işlək olan icma, zəngin alətlər paneli və izləmə funksiyalarının daha da təkmilləşdirilməsi gözlənilir. Bununla da tətbiq daxilində yerli pediatrlar, psixoloqlar və ginekoloqlarla birbaşa onlayn konsultasiya (teletibb) modulu istifadəçi xanımlar üçün əlçatan olacaq. Yeniliklər bununla da bitmir. T.Sultanlı qeyd edib ki, tətbiq daxilində inteqrə olunmuş e-ticarət ekosistemini işə salmaq da əsas planlar sırasındadır. Bunun sayəsində analar və ana olmağa hazırlaşan xanımlar fərdi ehtiyaclarına uyğun ən doğru ana-uşaq məhsullarını kənar platformalara keçid etmədən, birbaşa “Anacan”dan təhlükəsiz və sürətli şəkildə onlayn sifariş edə biləcəklər. Regional miqyasda böyüyərək oxşar dil qrupuna və mədəniyyətə sahib qonşu bazarlara çıxmaq da komandanın əsas hədəflərindəndir.
“Android” və iOS platformalarında mövcud olan “Anacan” tətbiqinin fərdi “dashboard” bölümündə hamiləliyin günbəgün izlənilməsi və körpənin böyümə qrafiklərinin qeydiyyatı ilə yanaşı, eksklüziv məqalələr oxumaq və körpənin inkişafı ilə bağlı faydalı məlumatlar almaq mümkündür.
T.Sultanlı onu da vurğulayıb ki, startapın ilkin inkişaf mərhələsində hər bir maliyyə resursu qızıl dəyərindədir. Vergi güzəşti sayəsində qənaət ediləcək büdcə tamamilə məhsulun texnoloji infrastrukturunun gücləndirilməsinə (Ar-Ge), tətbiq daxilindəki istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına və komandaya yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsinə yönəldiləcək. Bu dəstək bazarda daha sürətlə böyüməyə və effektiv rəqabət aparmağa müəyyən qədər kömək edəcək.
Faiq KƏRİMOĞLU
