23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün dövlət tərəfindən tətbiq edilən dəstək və güzəştlər paketi bölgədə əlverişli işgüzar mühit formalaşdırıb.

Regionda fəaliyyət göstərən rezidentlərə 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azadolma tətbiq olunur. Həmçinin müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalın idxalına görə ƏDV və gömrük rüsumları ödənilmir, habelə dividendlərdən əldə edilən gəlirlərə görə vergi tutulmur.

İstehsal sahəsində fəaliyyət göstərən rezidentlər üçün kommunal xidmətlər üzrə də mühüm dəstək mövcuddur. 1 yanvar 2033-cü ilədək hər ay istehlak edilən kommunal xidmətlərə görə ödənişlərin 20%-i dövlət tərəfindən geri qaytarılır.

Fiziki şəxslərin mehmanxana və hotel xidmətlərinə görə ödədiyi ƏDV-nin geri qaytarılması da stimullaşdırıcı mexanizmlərdən biridir: nağdsız ödənişlərdə 30%, nağd ödənişlərdə isə 5% geri qaytarılır.

Bölgədəki sənaye parklarının rezidentləri isə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən tam azaddır. Eyni zamanda, idxal olunan texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu tətbiq edilmir ki, bu da müəssisələrin ilkin investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihələrin daha operativ şəkildə reallaşmasına şərait yaradır.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, kommunal xidmətlər və əmək münasibətləri ilə bağlı müvafiq güzəştlər tətbiq olunur.

Dövlətin təqdim etdiyi dəstək və güzəştlər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə güclü stimul verir. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə rezident statusu alan sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayır, istehsal olunmuş məhsullar artıq ixrac edilir. Bu da bölgədə real sektorun formalaşmasına və dayanıqlı iqtisadi təməllərin qurulmasına şərait yaradır.

Bu stimullar məşğulluğun artırılmasına da mühüm töhfə verir. Yeni müəssisələrin fəaliyyətə başlaması yerli əhalinin əmək bazarına reinteqrasiyasını, ixtisaslı kadrların bölgəyə cəlb olunmasını sürətləndirir.

Ümumilikdə dövlətin təqdim etdiyi bu geniş dəstək və güzəşt mexanizmləri Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ və rəqabətqabiliyyətli iqtisadi məkan kimi formalaşmasına xidmət edir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?