Emin Kazımov: “Türk dövlətlərində ortaq mühasibat standartlarının tətbiqi investorların inamını gücləndirə bilər”
“Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsi fonunda ortaq iqtisadi mexanizmlərin formalaşdırılması aktuallıq qazanır. Belə olan təqdirdə maliyyənin dili olan mühasibatlıq standartlarının harmonizasiyasına ciddi tələb yaranmaqdadır”.
Bu sözləri İstehlak Mallarının Ekspertizası Mərkəzinin Maliyyə və təsərrüfat departamentinin müdiri, UNEC-in doktorantı Emin Kazımov deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə ortaq mühasibat qeydiyyat standartlarının tətbiqi yalnız maliyyə hesabatlarının müqayisəliliyini təmin etmir, həm də beynəlxalq investorların inamını gücləndirir, iqtisadi şəffaflığı artırır: “Təşkilata üzv olan ölkələrdə fərqli qeydiyyat qaydalarının olması kənar və təşkilatdaxili investisiyanın cəlb edilməsi, maliyyə hesabatları və göstəricilərinin müqayisəliliyi baxımından çətinliklər yaradır. Ona görə də ortaq yanaşma həm biznes, həm də dövlət strukturları üçün önəmlidir. Hazırda TDT-yə üzv olan ölkələrdə mühasibat uçotu standartlarının tətbiqi sahəsində fərqliliklər mövcuddur. Hətta Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (İFRS) tətbiqini nəzərdə tutan ölkələrdə belə bu istiqamətdə gəlinən nəticələr, tətbiq səviyyələri müxtəlifdir. Eyni zamanda sahə üzrə qanunvericilik, hesablar planı, hesabat formaları, ilkin uçot registrları, təsdiqedici sənədlər də üzv ölkələrdə fərqlidir”.
E.Kazımov ortaq standartların tətbiqinə maneə olan digər amillər kimi vahid statistik jurnalların, məlumat bazalarının, icmalların olmamasını qeyd edib: “Bu səbəbdən, ilk olaraq, TDT-nin nəznində fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin tərkibində Vahid Məlumat Mərkəzinin yaradılması mütləqdir. Çünki informasiya, data yoxdursa, əsaslandırılmış yol xəritəsi hazırlayaraq onun əsasında fəaliyyət göstərmək mümkünsüzdür. Bundan başqa, milli qanunvericilik və normativ fərqliliklər, mənbə, akademik hazırlığın və insan resurslarının çatışmazlığı, keçid dövrü ilə bağlı yarana biləcək xərclər, mədəni və institusional müqavimət, milli baxışların qorunması, dil və tərcümə məsələləri bu inteqrasiya prosesinin qarşısında duran çağırışlardandır”.
TDT-yə üzv ölkələrdə tətbiq olunacaq ortaq standartların faydalarına gəlincə, E.Kazımov aşağıdakıları sıralayıb:
- İnvestisiya mühitinin yaxşılaşması: TDT üzrə hesabat formatları, qiymətləndirmə prinsipləri, açıqlama tələbləri eyni olsa, investorlar üstünlük və riskləri daha yaxşı qiymətləndirə biləcəklər.
- Ticarət və iqtisadi əməkdaşlığın gücləndirilməsi: Üzv ölkələr arasında malların, xidmətlərin ticarəti, birgə müəssisələrin və qlobal təchizat zəncirlərinin əhəmiyəti artmaqda olan bu mühitdə, mühasibat qeydiyyat standartlarının fərqləri səbəbindən əməliyyat xərcləri ( o cümlədən uyğunluq (compliance) xərcləri) arta bilər. Ortaq standartların tətbiqi bu xərcləri azaldacaq.
- Hesabatlılığın, şəffaflığın və müqayisəliliyin artırılması: Bütün maraqlı tərəflər üçün müqayisəlilik və şəffaflıq vacibdir. Dövlətlərarası iqtisadi layihələrdə şəffaflıq və etibarlılıq, qərarvermədə isə operativliyin artması təmin ediləcək.
- Kapital bazarlarının inteqrasiyası: Bank və birjalararası əməkdaşlığı asanlaşdıracaq.
- İnsan kapitalının hərəkətliliyi: Ortaq standart tələbə və mütəxəssislərin bir ölkədən digərinə asan inteqrasiyasını təmin edəcək.
E.Kazımov hesab edir ki, TDT-yə üzv ölkələrin ortaq mühasibat qeydiyyat standartlarının tətbiqi perspektivləri çox aktualdır. Çünki bu, regionda iqtisadi inteqrasiya, investisiyalar və beynəlxalq ticarətin artmasına təkan verəcək. Eyni zamanda, iqtisadi əməkdaşlığın güclənməsinə, investisiya mühitinin yaxşılaşmasına, şəffaflığın və etibarın artmasına gətirib çıxaracaq.
Fərqanə ALLAHVERDİQIZI
