Azərbaycanda dəmir zavodunun tikintisi və istismarı üzrə müqavilə imzalanıb
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.
“Azergold” QSC-nin məlumatına görə, müqavilə “AzMC” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dolları təşkil edir.
Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas mərhələ hesab olunur. Dörd ay müddətində tamamlanması planlaşdırılan sənəd, zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklar qarşısında əsas istinad sənədi rolunu oynayacaq.
Hazırlanacaq TİƏ sənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyən edilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını, eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyata keçirilməsini təmin edəcək.
Zavodun 2029-cu ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Müasir və ekoloji baxımdan təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcək layihənin ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Sözügedən layihə çərçivəsində ÜDM-yə illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təqribən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.
