Səməd Bəşirli: "2026-cı ildə aqrar xərclərin 1,2 milyard manat olması proqnozlaşdırılır"
Hazırkı geosiyasi gərginliklərin davam etdiyi bir şəraitdə ərzaq təhlükəsizliyinin təmin olunması, bu sahədə idxalı əvəz edən və ixracyönümlü məhsul istehsalının artırılması da əsas prioritetlərdəndir.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, 2025-ci ilin 9 ayında qeyri-neft-qaz ixracının 29 faizini ilkin kənd təsərrüfatı məhsulları, 11 faizini kənd təsərrüfatı emalı məhsulları təşkil edib. 2025-ci ildə kənd təsərrüfatı sahəsi, o cümlədən meliorasiya və suvarma infrastrukturu üzrə dövlət investisiya proqramından 124 milyon manat vəsait ayrılıb. 2026-cı il dövlət büdcəsi zərfi üzrə kənd təsərrüfatı xərclərinin 2025-ci illə (gözlənilən) müqayisədə təxminən 5 faiz artaraq 1,2 milyard manat olması proqnozlaşdırılır.
