Səməd Bəşirli: "Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir"
"Büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir. Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir".
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 12-də Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, bu baxımdan büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür.
Səməd Bəşirlinin sözlərinə görə, makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir. Bu əlverişli şərait ölkədə maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır. Eyni zamanda, iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsini stimullaşdırır.
Nazir müavini bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in gözlənilən orta illik artımı Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir. Belə ki, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımının 6,1 faiz səviyyəsində olacağı gözlənilir. Ölkədə ÜDM-in artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Bu tendensiya iqtisadi sabitliyin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq.
Səməd Bəşirlinin sözlərinə görə, bu ilin altı ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25,4 faiz artım qeydə alınıb.
Nazir müavini qeyd edib ki, ötən doqquz ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7 faiz artıb. Eyni zamanda, özəl qeyri-neft-qaz investisiyaları 10,8 faiz artaraq bu sektor üzrə ÜDM-in artım tempini 3,7 dəfə üstələyib.
