Azərbaycan və FAO arasında yeni texniki əməkdaşlıq layihələrinin icrası müzakirə edilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə aqrar sahədə yeni texniki əməkdaşlıq layihələrinin icrası müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məsələyə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ilə görüşü zamanı toxunulub.
Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Viorel Gutu Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir.
FAO rəsmisi aqrar sahənin dayanıqlı inkişafı, səmərəli və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönələn layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.
