Vətəndaşlar kredit skorinqini artırmağın yollarını öyrənə biləcəklər
Azərbaycan Kredit Bürosu (AKB) kreditlərdən istifadə edən vətəndaşlara yeni məsləhət xidməti təklif etməyə hazırlaşır. Bununla vətəndaşlar kredit tarixçələrinin yaxşılaşması, skorinq ballarının yüksəldilməsi üçün ata biləcəkləri addımları öyrənə biləcəklər.
Bu barədə “vergiler.az”a AKB-nin Data analitikası Departameninin rəhbəri Kamal Mirzəyev açıqlama verib. Onun sözlərinə görə, vətəndaşlar ödənişli şəkildə 15 dəqiqəlik məsləhət xidmətini seçərək ondan yararlana biləcəklər: “Seçilən saatda Büronun bu sahə üzrə mütəxəssisi sistemə daxil olaraq vətəndaşın bütün suallarını cavablandıracaq. Suallar fərdi olduğu üçün məsləhətlər də ona uyğun olacaq. Vətəndaşlar kredit skorinqinin düşmə səbəbini, hansı addımları atmaqla onu qaldıra biləcəklərini, masimum bal almaq üçün nələr etmək lazım olduğunu və digər məqamları öyrənə biləcəklər”.
Kredit skorinqini yüksəltməyin qaydalarına gəlincə, K.Mirzəyev müştərilərin davranışlarından asılı olaraq şərtlərin də fərdi olduğunu bildirib: “Bu məsləhətlər fərdi olacaq. Ona görə də hamı üçün vahid qayda və ya şərtlər mövcud deyil. Tutaq ki, şəxsin son 6 ayda müəyyən qədər gecikmələri olub. Bu faktorların növbəti 6 ay ərzində baş verməməsi halı kredit skorinqinin artmasına təsir edə bilər. Bundan başqa, fərz edək ki, vətəndaş bu gün kredit götürüb, ona görə də skorinq düşmüş olacaq. Çünki əldə etdiyi yeni kredit onun öhdəliyinin formalaşması deməkdir. Müəyyən müddət ödədikdən sonra, tutaq ki, 6 ay ərzində davamlı və gecikməsiz ödəmə edərsə, kredit skorinq balı artmış olacaq. Tutaq ki, siz 1 illik 5.000 manat kredit götürmüsünüz. 6 ayda onun 50 faizini ödəmiş olacaqsız. Bu zaman skorinqiniz 50 faizə qədər artmış olacaq. Müddətin sonunda yenidən əvvəlki reytinqinizə gəlib çatmış olacaqsınız”.
Yeni xidmət iri məbləğdə kredit almaq istəyən vətəndaşlar üçün faydalı olacaq.
AKB-nin baş direktoru Elçin Həbibov isə vətəndaşların kiçik məbləğli borclar barədə məlumatlandırılmaması məsələsinə toxunub və bunun ciddi problem yarada biləcəyini istisna etməyib: “Findoc" portalında qeydiyyatdan keçən vətəndaşın kredit tarixçəsinə neqativ məlumat düşən kimi dərhal ona bildiriş göndərilir. Bu məbləğ bir qəpik də olsa, əgər bank məlumat ötürmürsə belə, kredit bürosuna daxil olan anda sistem həmin məlumatı vətəndaşa çatdırır. Bu sistemin məqsədi vətəndaşları vaxtında xəbərdar etməkdir. Biz artıq o müqavilənin tərəfi deyilik. Biz, sadəcə, məlumatverici qurumuq. Bildiriş göndərməklə vətəndaşa deyirik ki, sizin filan bankda və yaxud təşkilatda probleminiz yaranıb, gedin, bu məsələni araşdırın”.
E.Həbibov əlavə edib ki, bu günə qədər "Findoc" portalında 135 min nəfər vətəndaş qeydiyyatdan keçib.
Fərqanə ALLAHVERDİQIZI
