“Plug and play” prinsipi sənaye parklarında rezidentlərə necə təsir edir?
Sahibkarların işğaldan azad edilmiş ərazilərdəki sənaye zonalarında yerləşməsi prosesi sürətlə davam edir. Məsələn, ümumi ərazisi 190 hektar olan Ağdam Sənaye Parkındakı vəziyyətə nəzər yetirsək, artıq sahibkarlar 65 faizdən çox hissədə məskunlaşıblar. Bu da o anlama gəlir ki, Qarabağ və Şərqi Zəngəzurdakı sənaye zonaları sahibkarların hər zaman diqqətindədir və bölgə biznes ideyalarını gerçəkləşdirmək istəyənlər üçün əlverişli məkandır.
Bölgədəki sənaye zonaları bir sıra xüsusiyyətlərinə görə fərqlənsə də, əsas diqqətçəkən məqam orada “plug and play” prinsipinin tətbiqidir. Yəni biznes adamlarına “buyur, ideyanla gəl, qur və istehsal et, sat” prinsipi tətbiq olunur. Bu prinsipin əsas məqsədi odur ki, dövlət sahibkar üçün lazımi şərait yaradır, üstəlik, vergi və gömrük güzəştləri də tətbiq edir, investisiya imkanlarından yararlanmaq üçün şərait yaradılır. Sahibkarlardan əsas gözlənti isə biznes ideyalarını gerçəkləşdirmək və bu bölgənin iqtisadiyyatını dirçəltmək üçün istehsalı sürətləndirməkdir.
Qarabağda sahibkarların bizneslərini böyütməyə yardım edəcək güzəştlərdən söz düşmüşkən, 2023-cü il yanvarın 1-dən azad edilmiş ərazilərimizin rezidentləri 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmin rezidentlər texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı zamanı 10 il müddətinə əlavə dəyər vergisi (ƏDV) də ödəmirlər. Güzəştlər bununla bitmir. Hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 10 il müddətinə vergidən azad edilib.
Bütün bu güzəştlərlə bərabər, bölgənin sənaye parklarında əlavə güzəştlər də var. Misal olaraq, xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal edilən xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolmanı göstərmək olar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə kimi 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər.
İqtisadçı-ekspert Elşad Məmmədov hesab edir ki, bütün sadalanan güzəştlər və bütövlükdə fiskal yumşalmaya gedilməsi, sahibkaralara “plug and play” prinsipinin tətbiqi nəticə etibarilə iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi üçün atılan bir addımdır. Azad edilmiş ərazilərdə bu kimi yeniliklər, üstəgəl güzəştlər işgüzar fəallığı stimullaşdıracaq ki, bu da yeni iş yerlərinin açılması, yüksək əməkhaqqı verə biləcək iş yerlərinin yaradılması anlamına gəlir. Ekspert düşünür ki, digər tərəfdən, həmin ərazilərdə intensiv sənayeləşmənin həyata keçirilməsi, təbii olaraq, iş yerlərinin daha yüksək texnoloji tutumlu olmasını şərtləndirir. Bu da gələcəkdə orada əməkhaqqı baxımından yüksək göstəricilərin olacağına işarədir.
E.Məmmədov deyir ki, son illər sənayeləşmə, daxili bazarın yerli məhsullarla təminatı, ixracın şaxələndirilməsi ilə bağlı çağırışlar hələ də iqtisadiyyatımızda böyük önəm kəsb etdiyi bir zamanda, çoxtərəfli güzəştlərin verilməsi xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, fiskal yumşalmalara da ehtiyac var. Həmin ərazilərdə kreditləşmənin məqsədli və yumşaldılmış formatda reallaşdırılması bütövlükdə milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək.
Fikirlərini öyrəndiyimiz digər iqtisadçı-ekspert Radil Fətullayev də “plug and play” kimi təşviq sistemlərinin, o cümlədən vergi və gömrük güzəştlərinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən vergi ödəyicilərinin inkişafına müsbət təsir etdiyini düşünür. Ekspert vurğulayır ki, vergi ödəmələri üzrə qənaətin formalaşması istehsal olunan məhsulların ucuzlaşmasına gətirib çıxara bilər ki, bu da daxili bazarda idxal məhsullarını üstələyə bilər. Xüsusən, keyfiyyətli məhsul istehsalı həyata keçirildiyi zaman daxili bazarda rəqabət formalaşacaq. Digər tərəfdən, ekspert ixraca da diqqət çəkir, deyir ki, belə təşviqlər məhsul istehsalını sürətləndirir və nəticə etibarilə xarici ölkələrə satdığımız məhsul artır, bundan qazanan isə milli iqtisadiyyatımız olur.
Bütün bu sadalananlar azad edilmiş ərazilərdəki sənaye zonalarına marağın yüksək olduğunu göstərir. Bunu rəqəmlər də sübut edir. Belə ki, Ağdam Sənaye Parkının investisiya dəyəri 271 milyondur ki, bunun da artıq 97 milyon manata yaxın hissəsi reallaşdırılıb. 29 sahibkarlıq subyekti rezidentik, 4 sahibkarlq subyekti isə qeyri-rezidentlik statusu alıb. Nəticə etibarilə sənaye zonası 2400-dən çox insanın işlədiyi bir məkan olmağa sürətlə yaxınlaşır. Hazırda burada 9 müəssisə fəaliyyət göstərir ki, bununla da 380 nəfərin məşğulluğu təmin edilib. Tezliklə tütün məmulatları istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Artıq 10-a yaxın müəssisənin tikintisi sürətləndirilib, digərlərinin isə layihələndirilməsi istiqamətində iş aparılır.
Faiq KƏRİMOĞLU