22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron imza və etibarnamə ilə bağlı aldadılan vətəndaşlar nələri bilməlidirlər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin araşdırmalarına əsasən, son illər vətəndaşların elektron imza və etibarnamə ilə aldadılması hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi onların razılığı və ya məlumatı olmadan baş verir. Bu isə nəticədə qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və vergi borclarının yaranmasına səbəb olur.

Elektron imza vətəndaşların rəqəmsal mühitdə fəaliyyət göstərərkən kimliklərini təsdiq edən və qanuni əhəmiyyət kəsb edən bir vasitədir. Ölkəmizdə Asan İmza (mobil imza) və gücləndirilmiş elektron imza kimi rəqəmsal imzalar geniş şəkildə istifadə olunur. Bu imzalar dövlət xidmətlərinə daxil olmaq, müxtəlif sənədləri təsdiq etmək və biznes əməliyyatlarını həyata keçirmək üçün vacibdir. Lakin, təəssüflər olsun ki, vətəndaşların bu imzalarından sui-istifadə etməklə dələduzluq halları artıb.

Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bəzi hallarda vətəndaşlar aldadılmaqla onların elektron imzalarından istifadə olunur. Həmçinin, dələduzların adlarına etibarnamə alınaraq qanunsuz əməliyyatlar həyata keçirilir. Bu cür əməliyyatlar nəticəsində isə hüquqi şəxslər yaranır və vətəndaşın öz xəbəri olmadan vergi borcu meydana çıxır. Vətəndaş hüquqi baxımdan elektron imzanın sahibi olduğundan bu halda borcların ödənilməsinə də cavabdeh olur və o imzadan istifadə olunmaqla həyata keçirilən əməliyyatların nəticələrinə görə cavab verir.

Etibarnamə bir şəxsə digərinin adına müəyyən hüquqlar vermək üçün verilən bir sənəddir. Lakin bəzən bu hüquqlar da sui-istifadəyə səbəb olduğundan Dövlət Vergi Xidməti xüsusilə sahibkarlıq fəaliyyətinə dair səlahiyyətlərin 3-cü şəxslərə verilməsi ilə bağlı ciddi xəbərdarlıqlar edir. Belə ki, qurum vətəndaşları öz elektron imzalarına qarşı daha diqqətli olmağa çağırır. Elektron imza yalnız sahibinə məxsus olmalıdır və məhz vətəndaş onun qorunmasına cavabdehdir. Məhz buna görə də başqa şəxslərin həmin imzaları istifadə etməsinə icazə verilməməlidir.

Hər bir vətəndaşın elektron imzanın gücünü və ona görə daşıdığı hüquqi məsuliyyəti başa düşməsi vacibdir. Bu, gələcəkdə baş verə biləcək hüquqi problemlərin də qarşısını almağa kömək edir. Əgər vətəndaşlar elektron imza vasitəsilə baş vermiş qanunsuz əməliyyatlar və ya aldadılma halları ilə üzləşirlərsə, dərhal hüquq mühafizə orqanlarına və həmin imzanın qüvvəsinin dayandırılması üçün müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?