2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl artım portalı yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək YENİLƏNİB

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” ilkin variantda istifadəyə verilib. Qlobal enerji keçidi üçün lazım olan məlumatları əhatə edən portal ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdə yeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdim olunur.

Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. “Yaşıl artım portalı”na həmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əks olunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslanan məlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyən etməyə və ondan faydalanmağa yardım edəcək.

İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciri üzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirə biləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalq ortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrə vəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırma aparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməklə ölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlil olunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarla bağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artım perspektivləri barədə də məlumatları əldə etmək mümkündür.

Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və bu prosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensial investorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onların istehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edə biləcəklər.

Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb. 2025-ci ildə tam fəaliyyət göstərəcək “Yaşıl artım portalı”na beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq. Portaldan istifadə ödənişsizdir.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın portalla bağlı videomüraciəti ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://tinyurl.com/mr377pnw

-----

10:17

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da təqdim olunan Yaşıl artım portalı ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşımında bildirib ki, Universitetin "Growth Lab" (Harvard`s Growth Lab) Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir: “Yaşıl artım portalı karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ