Biləsuvarda günəş elektrik stansiyasının inşasına dair planlar açıqlanıb
Biləsuvarda günəş elektrik stansiyasının inşasına dair maliyyə müqavilələri imzalanıb və hazırda stansiyanın tikintisi ilə məşğul olacaq şirkətlər tərəfindən sahə işlərinə başlanılıb.
Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində müəyyən geoloji və geotexniki tədqiqatlar aparılır. Bu işlər yekunlaşandan sonra tikinti işlərinə start veriləcək. "Tikinti işlərinə növbəti ilin ilk aylarından başlanılması planlaşdırılır. Paralel olaraq Neftçalada da 315 meqavat gücündə müvafiq layihə icra olunacaq. Layihələr üzrə işlərin təqribən 2026-cı ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur",- C.Abdullayev əlavə edib.
Hüseyn VƏLİYEV