11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ əlaqələrindəki son yeniliklər, ölkəmizdə yaradılmış investisiya mühiti və respublikamızda Amerika şirkətləri üçün fürsətlərə həsr olunmuş görüş keçirilib.

Tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, amerikalı biznes təmsilçiləri, ekspertlər iştirak ediblər. Tədbirin moderatoru - Vaşinqton Hökumətlərarası Peşəkar Qrupun prezidenti Nelson Qarsiya iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib, belə tədbirlərin əməkdaşlığın dərinləşməsində rolunu vurğulayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkələrimiz arasında siyasi və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərindən etibarən ABŞ-la enerji sahəsində əməkdaşlıq etməyə başlayıb və bu münasibətlər strateji, hər iki tərəf üçün faydalı əlaqələrə çevrilib. Səfirin sözlərinə görə, ABŞ Azərbaycanın enerji resurslarını Avropa bazarına çıxarmaq istiqamətindəki fəaliyyətində vacib rol oynayıb. O, həmçinin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini qeyd edərək bildirib ki, Azərbaycan 11 sentyabr hücumunda ABŞ-a ilk dəstək verən ölkələrdən olub.

Azərbaycanın strateji cəhətdən çox əhəmiyyətli bölgədə yerləşdiyini deyən Xəzər İbrahim bu baxımdan ölkəmizdən keçən Orta Dəhlizin Asiya ilə Avropa arasında ən qısa və ucuz yol olduğunu söyləyib. O, Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan səfir ölkəmizin bərpaolunan enerji sahəsində fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycanın yalnız Xəzər dənizindəki külək enerjisi potensialı ehtimal olunandan 20 dəfə çoxdur. Diplomat, həmçinin Azərbaycanda inkişafı hədəflənən yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və kommunikasiyalar kimi sahələrin ABŞ üçün də prioritet istiqamətlər olduğunu deyib. Səfir bildirib ki, hazırda Azərbaycanda ən çox biznes imkanları məhz işğaldan azad olunmuş torpaqlardadır və ABŞ-la Azərbaycan arasında bu sahədə ciddi əməkdaşlıq üçün imkanlar var.

Sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın əlverişli iş və investisiya mühitinə malik olduğunu deyib. Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Fondunun 2024-cü il hesabatına əsasən Azərbaycanın ən cəlbedici 7 investisiya məkanlarından biri seçilməsi təsadüfi deyil. Orxan Məmmədov bildirib ki, ölkənin əlverişli coğrafi mövqeyi, aparıcı ticarət yollarının üzərində yerləşməsi, gənc və dinamik iş mühiti və zəngin təbii sərvətləri investisiya qərarlarının verilməsində müsbət rol oynayır. O, Azərbaycanda kiçik və orta biznesin inkişafının biznes mühiti və investisiya üçün əhəmiyyət daşıdığını əlavə edib.

O.Məmmədov Azərbaycan torpaqlarının işğaldan azad olunmasının da investisiya cəlbi üçün vacib rolunu qeyd edib. O, KOBİA-nın Qarabağda biznes qurmaqda maraqlı olan yerli və xarici şirkətlərin layihələrini qəbul etdiyini deyərək, bu siyahıda 4 ABŞ şirkətinin də yer aldığını vurğulayıb.

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan İdarə Heyətinin sədri KOBİA-nın da kiçik və orta biznesin yaşıl iqtisadiyyat və iqlim məsələlərindəki rolunu genişləndirməklə bağlı qlobal təşəbbüs irəli sürdüyünü xatırladıb. Bildirib ki, Azərbaycan enerji resurslarını şaxələndirir, bu da günəş, külək və su enerjisi sahələrinə investisiya potensialını artırır.

Sonda Azərbaycanda investisiya mühiti, yaradılan imkanlar və prioritet sahələrlə bağlı qonaqların sualları cavablandırılıb.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?