KOB subyektlərinin sosial-iqtisadi inkişafda rolu intensiv olaraq artır
Azərbaycanda KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu intensiv olaraq artır.
Bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, KOB-lar ÜDM-in artması, iş yerlərinin yaradılması, məşğulluq və azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə isə zəruri trendə çevrilən yaşıl iqtisadiyyatın inkişafında da onlar öz sözünü deməlidir.
"Hazırda ölkəmizdə bizneslərin 99 faizə yaxınını KOB subyektləri təşkil edir. Bu baxımdan yaşıl artımın və yaşıl iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların yaşıl transformasiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-ların enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır",- M.Cabbarov qeyd edib.
Nazirin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olur. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir.
"KOB-lar bazardakı dəyişikliklər və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacib amildir. Ənənəvi sənaye sahələrindən asılılığın azaldılmasında, “yaşıl həllər”in hazırlanmasında, iqtisadi diversifikasiyanın güclənməsində kiçik və orta sahibkarlığın xüsusi yeri var",- M.Cabbarov əlavə edib.