15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Bakı KOB evi” – sahibkarların doğma ünvanı

Cari ilin yanvar–iyun aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “XQ”yə bildirilib ki, hesabat dövründə sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edib.

Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, KOBİA, İqtisadiyyat Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilib.

Ümumilikdə isə “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətləri göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157 min 940 xidmət göstərilib ki, bunun 140 min 556-sı dövlət, 17 min 384-ü isə özəl qurumlar tərəfindən təmin olunub.

Yeri gəlmişkən, Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər KOB evlərini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndiriblər. Ölkəmizin sahibkarlara xidmət sahəsində nümunəvi modeli olan KOB evləri barədə qurumun saytında məlumat paylaşılıb.

Məlumat üçün bildirirk ki, İƏİT-in Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında KOBİA strukturuna daxil olan KOB evləri də yer alır.

Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı üzrə kiçik və orta biznes qurumlarına xidmətlər təqdim edən “bir pəncərə” mərkəzi kimi təqdim edilir. KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platformada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.

KOBİA-nın beynəlxalq əlaqələrinin genişlənməsindən bəhs edərkən bir məqamı da xatırladaq. Bu ilin mart ayında adıçəkilən qurum BMT-nin Qlobal Sazişinə qoşulub. KOBİA-nın məlumatına əsasən, agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək.

KOBİA hazırda 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artırıb.

Hazırda mövcud dəstək infrastrukturu və mexanizmləri vasitəsilə KOB subyektlərinin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və “yaşıl keçid”in təbliği istiqamətində işlər görülür. Bilik, məlumat və məsləhət xidmətləri gerçəkləşdirən KOB inkişafı mərkəzləri, “yaşıl innovasiya”ları təşviq edən startap sertifikatı, “yaşıl təşəbbüs”lərinin maliyyələşdirilməsinə töhfə verən qrant proqramı, dövlət və özəl sektor xidmətlərinə çıxışı asanlaşdıran KOB evləri, regionlarda əlaqələndirmə funksiyasını yerinə yetirən KOB dostu şəbəkəsi və s. “yaşıl gündəliy”in dəstəklənməsi üçün önəmli vasitələrdir.

"Xalq" qəzeti

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?