14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səhiyyə sahəsində vergidən yayınma hallarının yaranma səbəbləri

Qanunsuz sahibkarlıq fəaliyyətinin leqallaşdırılması üçün nə etmək lazımdır?

"Kölgə iqtisadiyyatı" və qeyri-leqal biznesin yaratdığı fəsadlar iqtisadi inkişafı cilovlayan ən böyük problemlərdəndir. Qeyri-sağlam rəqabət şəraitində heç bir təşviq mexanizmi nəticə verə bilməz. Vergi islahatlarının səmərəliliyi qanunların hamı üçün bərabər tətbiq edildiyi, kiçik və ya böyüklüyündən asılı olmayaraq, hamının eyni şərtlər və eyni yanaşmalar əsasında çalışmasının təmin edildiyi mühitdə uğurlu nəticələr verir. Bu baxımdan, haqsız rəqabətin aradan qaldırılması tələbi vergi islahatlarının əsaslandığı siyasətin önündə gəlir. Son dövrlərdə xüsusi əhəmiyyət verilən bu yanaşma nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti ciddi şəkildə azalıb.

Bu gün Azərbaycan dövlətinin əsas vəzifələrindən biri iqtisadiyyatın hazırkı şəraitində rəqabət mühitinin sağlamlaşdırılmasına nail olmaqdır. Bu hədəfə isə yalnız vergi islahatlarının aparılması ilə deyil, həm də bazar iştirakçılarının fəaliyyətinin sağlamlaşdırılması ilə nail olmaq mümkündür. Bunun üçün ayrı-ayrı sektorlar üzrə təhlil aparılması məqsədəuyğundur.

"Kölgə iqtisadiyyatı"nın üstünlük təşkil etdiyi sahələrdən biri səhiyyədir. Rəsmi statistikaya əsasən, ölkədə 500-dən çox özəl tibb müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə çalışan personalın sayı 10.000-ə yaxındır. Bir çox həkimlər eyni zamanda bir neçə klinikada qeyri-rəsmi fəaliyyət göstərir. Bu isə bir çox hallarda vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnir. Vergilər Nazirliyi 2018-ci ildə bir sıra tibb müəssisələri üzrə 230 milyon manatdan çox dövriyyənin dövlət büdcəsindən gizlədildiyini müəyyən edib. Nəzərə alsaq ki, bu rəqəm yalnız yoxlama aparılan müəssisələrə aiddir, o zaman səhiyyə sahəsi üzrə "kölgə iqtisadiyyatı"nın ümumi həcminin bundan qat-qat yüksək olduğu aydın olar.

Səhiyyə sahəsində "kölgə iqtisadiyyatı"nın mövcudluğunu şərtləndirən əsas amillər tibbi xidmətlərə görə ödənişlərin nağd şəkildə edilməsi və həkimlərin qeyri-rəsmi olaraq eyni zamanda bir neçə klinikada fəaliyyət göstərməsidir. Bu isə dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarmaqla yanaşı, əhalinin gəlir səviyyəsinin düzgün müəyyən edilməsi məsələsində də çətinliklər törədir.

Səhiyyə sahəsində belə bir vəziyyətin yaranması, müəyyən mənada, mövcud qanunvericilik bazası ilə əlaqədardır. Əmək Məcəlləsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Bundan əlavə, "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, "özəl tibb fəaliyyəti" lisenziya tələb olunan fəaliyyət sahəsidir. Ona görə də mövcud qanunvericiliyə uyğun olaraq, hər hansı klinikada muzdla çalışan həkimin digər bir tibb müəssisəsində yalnız VÖEN təqdim edərək xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsi qanunvericiliyə zidd hesab edilir: həmin şəxs digər tibb ocağında qanuni şəkildə fəaliyyət göstərmək üçün VÖEN-lə birgə "Özəl tibb fəaliyyəti" üzrə lisenziya da almalıdır.

Səhiyyə sahəsində şəffaflığın təmin edilməsi üçün, ilk öncə, mövcud qanunvericilik və inzibatçılıq nəzərdən keçirilməli və son nəticədə müasir iqtisadi tələblərə cavab verən qanunvericilik bazası formalaşdırılmalıdır. Bu qanunvericilik bazasının yaradılması üçün bir sıra təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Təkliflərə aşağıdakılar aid edilə bilər:

  • Hər hansı tibb ocağında muzdla çalışan həkimin digər bir tibb ocağında VÖEN təqdim edərək fəaliyyət göstərməsinin qanuna zidd hesab olunmasını aradan qaldıracaq amillərə yenidən baxılmalıdır;
  • Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilərin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyadan müvəffəqiyyətlə keçən həkimin VÖEN vasitəsilə xidmət müqaviləsi əsasında fəaliyyətini təmin edəcək imkanlar nəzərdən keçirilməlidir;
  • "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, "özəl tibb fəaliyyəti" lisenziya tələb edilən fəaliyyət olduğundan, digər tibb ocağında fəaliyyət göstərmək istəyən tibb işçisinə (mütəxəssisə) bu qanunun tətbiqi zamanı fərdi sahibkar kimi yanaşılmalı və ödəniləcək dövlət rüsumunun diferensiallaşdırılması prinsipi tətbiq edilməlidir.

Mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə dövlətin apardığı islahat tədbirləri vergi ödəyicilərinin öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etməklə yanaşı, büdcə daxilolmalarını da artıracaq. Dövlət tərəfindən nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı atılan addımlar isə birbaşa islahatların effektivliyinin yüksəlməsinə xidmət edəcək.

Mirəli KAZIMOV,
Vergilər Nazirliyinin Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?