15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elşən Bağırzadə: “Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşu artıb”

“Son illər Azərbaycanla Özbəkistanın iqtisadi əlaqələrinin inkişaf dinamikası pozitivdir. Ötən il iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 27-28 faiz artıb, bu il də ticarət dövriyyəsində ciddi artım müşahidə olunur”.

Bunu “vergiler.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.

Qarşılıqlı investisiya qoyuluşlarında da artımların olduğunu açıqlayan iqtisadçı qeyd edib ki, Özbəkistanda son illər görülən böyük iqtisadi yenidənqurma işlərinə və Azərbaycanın Qarabağda həyata keçirdiyi iqtisadi layihələrə hər iki ölkənin sahibkarları maraq göstərirlər.

E.Bağırzadə turizm və kənd təsərrüfatı sahəsində böyük potensiala sahib olan Özbəkistanın həm də güclü sənaye imkanlarının olduğunu, xüsusilə maşınqayırma, qida, mədən sənayesinin inkişaf etdiyini bildirib: “Ən əsası, Özbəkistanda iqtisadi yenidənqurma prosesi başlayıb, bu baxımdan xarici tərəfdaşlarla əməkdaşlığa ciddi maraq göstərir. Bu nöqteyi-nəzərdən, xüsusilə yerləşdiyi coğrafi mövqe, sahib olduğu enerji və nəqliyyat dəhlizləri baxımından Azərbaycan da Özbəkistan üçün maraqlı iqtisadi tərəfdaşdır”.

Mütəxəssisin qənaətinə görə, ilkin olaraq nəqliyyat, qarşılıqlı investisiyalar, enerji və sənaye kooperasiyası sahələri üzrə əməkdaşlığın qurulması daha asandır. Son illər iş qurmaq üçün Azərbaycandan Özbəkistana gedən sahibkarların sayında artım müşahidə olunduğunu deyən E.Bağırzadə vurğulayıb ki, qarşı tərəfin rəsmi statistikasında qeyd edildiyi kimi, bu ölkədə tam Azərbaycan kapitallı və birgə sahibkarlıq subyektlərinin sayı artmaqdadır: “Özbəkistan böyük bazardır, dünyaya yeni açılır, orada təkcə istehsal yox, həm də beynəlxalq ticarət üçün geniş imkanlar mövcuddur. Azərbaycanlı sahibkarlar Türkiyə, Avropa və Özbəkistan arasında xarici ticarət əlaqələrinin qurulmasına böyük töhfə verə bilərlər”.

İqtisadçı hesab edir ki, nəqliyyat və enerji sektorları ilə yanaşı, hər iki ölkənin ticarət, turizm, təhsil, kənd təsərrüfatı və qida sektorlarında, eləcə də təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var: “Özbəkistanda təhsil sistemi, xüsusilə də ali təhsil sektoru, demək olar ki, yenidən qurulur, islahatlar həyata keçirilir. Məhz bu səbəbdən, hökumət bu sahəyə xarici investisiyaların cəlb olunmasında maraqlıdır. İndiyə qədər burada xarici ölkələrin 30-a yaxın universitetinin filialı, eləcə də bir neçə xarici sərmayəli özəl ali təhsil müəssisəsi açılıb. Yarıdan çoxu gənclərdən ibarət olan Özbəkistan əhalisinin yüksək səviyyəli təhsilə ehtiyacı var, yerli qurumlar isə bu tələbatı qarşılaya bilmirlər. Hesab edirəm ki, bu istiqamətdə də Azərbaycan tərəfindən müvafiq addımlar atıla bilər”.

Birgə turizm layihələri üçün böyük perspektivin olduğunu düşünən mütəxəssis qeyd edib ki, iki ölkə arasında müxtəlif şəhərlər üzrə qarşılıqlı hava nəqliyyatı əlaqəsi var. Özbək və azərbaycanlı iş adamları əcnəbi turistlərə bütövlükdə türk dünyasını əhatə edən turzim marşrutarı üzrə ortaq paketlər təklif edə bilərlər.

E.Bağırzadə əlavə edib ki, iş adamları üçün hər iki ölkənin inşaat sektoruna investisiyaların qoyulması üçün də böyük potensial mövcuddur: “Daşkənddə yeni şəhərcik - "Taşkənt Siti" əhalinin istifadəsinə verilib, hazırda "Yeni Özbəkistan" deyilən böyük bir yaşayış şəhərciyinin salınması üçün işlər gedir. Bütün bunlar azərbaycanlı iş adamları üçün yeni imkanlar deməkdir”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?