17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Startapçı Tural Taib: “İstəyirik ki, sahibkarlarımız virtual mağaza yaradaraq məhsullarını sata bilsinlər”

Startapçı Tural Taib: “İstəyirik ki, sahibkarlarımız virtual mağaza yaradaraq məhsullarını sata bilsinlər”

“Hazırda dövlət ödənişlərin nağdsız qaydada aparılması üçün müxtəlif tədbirlər görür. Biz də dövlətə bu sahədə yardım göstərməyə çalışırıq”.

Bunu “vergiler.az”a https://trendbazar.az/ onlayn alış-veriş platformasını yaratmış və buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi almış "Trendbazar" MMC-nin rəhbəri Tural Taib bildirib.

Müasir dünyada onlayn alış-verişin geniş yayıldığını deyən T.Taib Azərbaycanda da bu tendensiyanın artması məqsədilə yerli sahibkarlar, alqı-satqı ilə məşğul olan insanlar üçün belə bir platforma yaratmaq qərarına gəldiyini söyləyib. Onun sözlərinə görə, platformanın yaradılmasında əsas məqsəd yerli istehsal və idxal bazarının inkişafına yardım etməkdir. Platformada yalnız idxalçı şirkətlər öz məhsullarını nümayiş etdirmirlər, mağaza sahibləri, hətta VÖEN-i olan vətəndaşlar da mallarını bu platforma vasitəsilə sata bilərlər: “Hazırda vətəndaşlarımız xarici ölkələrdən məhsul sifarişləri verirlər. Biz istəyirik ki, xaricdən mal gətirən sahibkarlarımız o malları təkcə öz mağazalarında satmasınlar, virtual mağaza yaradaraq Azərbaycanın hər bir yerinə satış edə bilsinlər. Bizim platformada məhsul sata bilmək üçün sahibkar orada qeydiyyatdan keçməli, onun VÖEN-i və bank hesabı olmalıdır. Bu tələblərə cavab verən sahibkar “Trendbazar”ın daxilində virtual mağaza açır. Platformada bütün sahələr üzrə məhsullar - geyimlər, kənd təsərrüfatı avadanlıqları, avtomobillər, aksesuarlar, tikinti və inşaat, gözəllik və sağlamlıq məhsulları və s. satılır. Platformada 700-ə yaxın "ana" və "bala" kateqoriya var. Platformada satıcılar üçün pərakəndə və topdansatış, daxili auksion kimi funksiyalar var. Alıcılar üçün isə elan sistemi var. Alıcı öz əlindəki malı elan kimi yerləşdirə bilər, ancaq VÖEN-i, bank hesabı olmadığı üçün onu bir satıcı kimi sata bilməz. VÖEN-i olan sahibkarlar isə, birbaşa olaraq, onlayn satışla məşğul ola bilərlər. Əsas məqsədimiz odur ki, yerli bazarımız güclənsin və sahibkarlar əllərindəki malı platforma vasitəsilə bütün Azərbaycan ərazisində sata bilsinlər”.

T.Taib əlavə edib ki, platforma yeni olduğu üçün burada alıcı və satıcı kimi qeydiyyatdan keçənlərin sayı hələlik çox deyil. Alıcı kimi qeydiyyatdan keçənlərin sayı 1000 nəfəri ötüb, təsdiqlənmiş satıcıların sayı isə 20-dən çoxdur: “Biz şərait yaratmışıq ki, sahibkarlar, biznesmenlər özləri sayta daxil olub istədikləri formada satış həyata keçirsinlər. Biz platformada “azad zona” yaratmışıq ki, sahibkarlar burada öz məhsullarını müstəqil formada sata, məhsullarını reklam edə bilsinlər. Bizim üstünlüyümüz daha geniş platforma olmağımızdadır, sahibkarlara veb üzərindən canlı dəstək göstəririk, “Qaynar xətt”imiz var”.

Startapçı əlavə edib ki, hazırda dünyanın bir çox ölkələrində sahibkarlar öz məhsullarını satmaq üçün innovativ üsullardan istifadə edirlər. Azərbaycanda isə sahibkarların əksəriyyətinin innovativ texnologiya haqda məlumatı çox azdır: “Buna görə istəyirik ki, komandalar yaradaraq onları mağazalara göndərək və sahibkarları bu platforma barədə məlumatlandıraq. Hazırda bunun üçün planlar hazırlayırıq. Bundan başqa, hazırda müştərilərə məhsullar "Azərpoçt" vasitəsilə göndərilir. Biz isə istəyirik ki, kuryer sistemi yaradaq və istəyən şəxslər sistemimizdə qeydiyyatdan keçərək “Trendbazar” məhsullarının ünvanlara çatdırılması üçün kuryerliklə məşğul ola bilsinlər”.

İlhamə İSABALAYEVA

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?