Çin şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinin gedişini diqqətlə izləyir
Azərbaycanla Çin arasında münasibətlər çox qədim tarixə əsaslanır. İki ölkə arasında dostluq münasibətləri siyasi-iqtisadi, mədəniyyət, elm və təhsil kimi sahələrdə daha sıx formalaşıb. Bu gün Çin Xalq Respublikası Azərbaycanda bir sıra layihələrdə iştirak edir.
Bu barədə jurnalistlərə açıqlamasında Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.
Onun sözlərinə görə, investisiya sahəsində ikitərəfli əməkdaşlıq intensivləşib, bərpa olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib.
“Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişini diqqətlə izləyir. Bir sıra müəssisələrin nümayəndələri bu ərazilərdə olub, “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər”, - deyə Qo Min əlavə edib.
Diplomat qeyd edib ki, Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır: “Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır. Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır”, - deyə xanım Qo Min əlavə edib.
Səfir xanım Azərbaycan-Çin arasında investisiya əməkdaşlığının genişləndirilməsini, Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bizneslə məşğul olmaq imkanlarını yüksək qiymətləndirib.
AZƏRTAC