9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərə imkan verən daha bir platforma - “TezÖdə”

“AzəriKard” yeni ödəniş layihəsini istehlakçıların istifadəsinə verib. Nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyan “TezÖdə” layihəsi artıq ASAN xidmət mərkəzlərində və avtomobillərin parklanma sahələrində istifadə edilir. Layihə barədə “vergiler.az”a məlumat verən “AzəriKard” MMC-nin Biznesin inkişafı Departamentinin Partnyor münasibətlərinin idarə edilməsi şöbəsinin müdiri Emin Mehdiyevin sözlərinə görə, “TezÖdə” platforması, əsasən, nağd ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində nağdsız ödənişin təmin olunmasına imkan verir: “Dövlət başçısının müvafiq göstərişlərinə uyğun olaraq, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı davamlı işlər görülür. Həmin layihələrdən biri olan “TezÖdə” vətəndaşları nağdsız ödənişlərə üstünlük verməyə stimullaşdırır. Platforma istifadəçiyə istənilən yerdən nağdsız formada ödəniş etməyə imkan yaradır”.

Bunun üçün vətəndaşlar https://tezode.az/ portalında qeydiyyatdan keçməklə bir çox ödənişlərini həyata keçirə bilərlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrəsi kifayətdir. Bu məlumatlar şəxsin bank hesabına keçid edilməsinə imkan verir. Hazırda “Tez ödə” layihəsi ASAN xidmət mərkəzlərində rüsumların toplanması üçün uğurla istifadə edilir. Tutaq ki, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişməsi üçün 5 manat rüsum ödəməlidir. Həmin anda istifadəçi FİN nömrəsini təqdim edir və yerindəcə bir düymə sıxmaqla öz hesabından həmin rüsumu ödəyə bilir. Bunun üçün 3-4 saniyə kifayətdir və ASAN xidmət mərkəzlərində bank xidməti üçün növbə gözləməyə ehtiyac qalmayacaq.

“TezÖdə” layihəsinin reallaşdığı digər yerlər avtomobillərin parklanma sahələridir. E.Mehdiyev bildirib ki, avtodayanacaqlarda ödənişləri yerində həyata keçirmək üçün vətəndaşlar portalda qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetə daxil olaraq bank kartını və avtomobilin dövlət qeydiyyat nömrəsini daxil etməlidirlər. Burada limit tətbiq edilmir, vətəndaş ona məxsus olan bir neçə avtomobili qeydiyyatdan keçirə bilər. Hazırda yeni sistem Heydər Əliyev adına Beynəlxalq Hava Limanında aktivdir. Vətəndaşlar avtomobillərini dayanacaqda saxlayır və çıxış etdikləri zaman kamerada onun qeydiyyat nömrəsi görünür. Həmin nömrəyə əsasən vətəndaşın hesabından dayanacağa görə ödəyəcəyi məbləğ çıxılır. Məlumat dərhal məntəqədəki qurğuya ötürülür və avtomobilin məntəqədən çıxmasına imkan yaradılır.

“AzəriKard” rəsmisi əlavə edib ki, gələcəkdə bu sistemin yanacaqdoldurma məntəqələrində də qurulması nəzərdə tutulur. “TezÖdə” işə düşdükdən sonra sürücülərin nağd və ya kartla ödənişlərinə ehtiyac qalmayacaq. Sistemdən əldə olunan məlumat əsasında yanacağın dəyəri birbaşa bank hesabından çıxılacaq.

E.Mehdiyev bildirib ki, layihəyə hələlik 3 bank – Azərbaycan Beynəlxalq Bankı, “Rabitəbank” və “Premium Bank” qoşulub. Yaxın vaxtlarda bankların sayının 10-a çatdırılması planlaşdırılıb. Hazırda adıçəkilən bankların mobil tətbiqləri vasitəsilə qeydiyyatdan keçərək “TezÖdə”yə qoşulmaq mümkündür. Nəqliyyatda gediş haqqının və kommunal xidmət haqlarının da yeni üsulla ödənilməsi istisna olunmur. Qurum rəsmisinin sözlərinə görə, artıq ictimai nəqliyyat üzrə müvafiq qurumlarla danışıqlar aparılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?