12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi

Nazirlər Kabinetinin 18 yanvar 2012-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”nda ezamiyyəti zamanı sənədləşmə qaydaları, respublika ərazisi daxilində və xarici ölkəyə ezamiyyə zamanı ezamiyyə xərclərinin normaları, ezamiyyə müddəti barədə bır sıra məlumatlar öz əksini tapıb. Qaydalara görə, müəssisə rəhbərinin əmri ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyə sayılır. Bəs buna görə hansı ödənişlər tələb olunur? Ezamiyyə xərcləri necə rəsmiləşdirilməlidir? Sualları iqtisadçı ekspert Anar Bayramov cavablandırıb.

Burada bir məqama diqqət yetirilməlidir ki, iş daimi olaraq yolda keçirsə, gediş-gəliş xarakteri daşıyırsa, növbə metodu ilə və ya çöl şəraitində görülürsə, bu zaman həmin işlərin görülməsi üçün işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Məsələn, yükdaşıma, sərnişindaşıma xidməti göstərən müəssisədə işləyən sürücünün işi daim yolda keçir, bir ölkədən digər ölkəyə yük və ya sərnişin daşıyır. Bu zaman həmin işçinin işi xarici ölkəyə ezamiyyət kimi xarakterizə edilə bilməz.

Əvvəlcə onu qeyd edək ki, ezamiyyə barədə rəhbər tərəfindən əmr verilməlidir. Əmrdə ezamiyyətə gedəcək işçinin adı, soyadı, vəzifəsi, ezamiyyənin təyinatı, gediləcək ölkə, şəhər, rayon, müəssisə, yolda olma müddəti nəzərə alınmaqla ezamiyyə günlərinin sayı və sair bu kimi vacib əhəmiyyətli məlumatlar öz əksini tapmalıdır. Respublika daxilində ezamiyyə zamanı ezamiyyət vəsiqəsində ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmək barədə qeydlər, zərurət yarandıqda isə möhür mütləq öz əksini tapmalıdır. Xarici ölkələrə ezamiyyələr zamanı səlahiyyətli orqanlar tərəfindən pasportda ölkədən çıxmaq və ölkəyə qayıtmaq barədə qeydlər aparılmalıdır. Əgər işçi ezamiyyət zamanı bir neçə məntəqəyə ezam olunmuşsa, gəlmə və getmə günü barədə hər məntəqədə ayrıca qeyd edilir. Həmçinin, müəssisə ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatını müvafiq kitabda uçota almaqla aparmalıdır. Kitabda ezam edilən, ezamiyyətdən qayıdan işçinin vəzifəsi, soyadı, ezamiyyə vəsiqəsinin nömrəsi, ezam edilən təşkilatın nömrəsi qeyd edilməlidir.

Təbii ki, işçi ezamiyyətdə olduğu müddətdə onun bir sıra xərcləri yaranır ki, bu zaman həmin xərcləri onu ezamiyyətə göndərən müəssisə tərəfindən ödəmək lazım gəlir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilməlidir və işçi ezamiyyətdən qayıtdıqdan sonra 3 gün ərzində avans hesabatını müəssisəyə təqdim etməlidir. Ezamiyyə xərclərinə gündəlik yemək xərcləri, mehmanxana xərcləri, rabitə, nəqliyyat xərcləri daxildir. Məlumat üçün deyək ki, mehmanxana xərcləri kimi nəqliyyat xərcləri də təsdiqedici sənədlər əsasında ödənilir. Ola bilər ki, nəqliyyat xərcini təsdiq edən bilet itirilib. Bu zaman bileti satan təşkilat biletin həmin şəxsə satılmasını təsdiq edən hər hansı sənəd, arayış təqdim edərsə, həmin sənəd nəqliyyyat xərclərini təsdiq edən sənəd kimi qəbul olunur.

Ezamiyyə xərclərini rəsmiləşdirərkən işçinin hansı şəhərə ezam olunması müəyyən edilməlidir. Belə ki, "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən, respublika daxilində ezamiyyə zamanı və yaxud xarici ölkəyə ezamiyyə zamanı 1 günlük ezamiyyə xərclərinin normaları ezam olunan şəhərdən, ölkədən asılı olaraq müxtəlifdir. Məsələn, Bakı şəhərinə ezam olunan zaman 1 günlük ezamiyyə xərclərinin norması 90 manat təşkil edir. Yəni Gəncə şəhərindən Bakıya 4 günlük ezamiyyətə gəlmiş işçiyə 360 manat ezamiyyə xərci ödənilməlidir. Respublika daxilində ezamiyyə xərcinin 1 günlük normasının 80 faizini mehmanxana xərci, 20 faizini isə yemək, nəqliyyat, rabitə və digər xərclər təşkil edir. Deməli, Bakı şəhərinə ezam olunan işçinin 1 gün üçün mehmanxana xərci 72 manat təşkil edir ki, bu da 4 günlük ezam dövründə 288 manat edir. Əgər işçi mehmanxana xərclərini təsdiq edən sənəd təqdim etməzsə, bu zaman ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərci üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında pul ödənilir. Yəni bizim misalda təsdiqedici sənəd təqdim olunmadığı üçün 1 günlük mehmanxana xərci 36 manat təşkil edir ki, 4 günlük ezam dövründə bu məbləğ 144 manata çatır. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri, 60 faizini isə ezamiyyə müddətində işçinin yaşayış yerini təmin etmək üçün mehmanxana xərcləri təşkil edir.

Ancaq qanunvericilik müəssisəyə işçilərinin ezamiyyə xərclərini yalnız müəyyən olunmuş norma daxilində ödəməyə məcbur etmir.

Müəssisə öz işçisinin istər respublika daxilində, istərsə də xarici ölkəyə ezamiyyəti üçün ezamiyyə normalarını öz sərəncamında qalan xalis mənfəət hesabına artıra bilər.

Sadəcə, normalar daxilində müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğlərinin müəssisənin gəlirindən çıxılmasına icazə verilir. Müəssisə müəyyən edilmiş normalardan artıq ezamiyyə xərcləri üçün ödəniş edərsə, ödənilən artıq məbləğ müəssisənin xalis mənfəəti hesabına qarşılanır. Məsələn, müəssisə öz işçisini Moskva şəhərinə 3 günlük ezamiyyətə göndərib. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən, Moskvaya ezamiyyə xərclərinin 1 günlük norması 240 ABŞ dolları təşkil edir ki, bunun da 60 faizi, yəni 144 dollarını mehmanxana xərcləri təşkil edir. Qaydalara əsasən, müəssisə öz işçisinə 720 ABŞ dolları məbləğində ezamiyyə xərci ödəməlidir. Lakin müəssisə öz işçisinə günlük 250 ABŞ dolları məbləğində mehmanxana xərcləri üçün ödəniş edir.Əgər təsdiqedici sənədlər varsa, o zaman müəssisə 1 günlük 144 dollar mehmanxana xərclərini öz gəlirindən çıxmaq hüququna malikdir. 1 gün üçün 106 dollar (250.00-144.00=106.00), 3 gün üçün cəmi 318 dollar artıq ödənilmiş mehmanxana xərcini isə müəssisə öz sərəncamında qalan xalis mənfəəti hesabına ödəyə bilər. Əgər təsdiqedici sənədi təqdim etməzsə, həmin məbləğ işçinin gəliri hesab olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?