13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlakçının təkcə məhsulu dəyişdirmək yox, həm də geri qaytarmaq hüququ var

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malı istifadə etməyibsə, onun əmtəə görünüşü dəyişməyibsə, plombu, yarlığı cırılmayıbsa, zədələnməyibsə, dəyişdirilməsi və ya qaytarılması mümkün olmayan məhsulların siyahısına daxil deyilsə, həmin məhsulu 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər.

Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

O bildirib ki, istehlakçının təkcə məhsulu dəyişdirmək yox, həm də geri qaytarmaq hüququ var və onun bu hüququnu məhdudlaşdırmaq olmaz: “Əgər sahibkar hər hansı məhsulla bağlı bildirirsə ki, mən bu məhsulu dəyişdirə bilərəm, demək, o məhsulu qaytara da bilər”.

Qaydalara uyğun olaraq, məhsulun dəyişdirilməsi və qaytarılması zamanı qəbz tələb edilir. Bəs qəbz itirilibsə?

R.Qaraşovun sözlərinə görə, istehlakçı məhsulun həmin mağazadan alınmasını bu və ya digər formada sübut edərsə, onu geri qaytara bilər: “Məsələn, müəyyən mobil tətbiqlərdən istifadə etməklə alışın təsdiq olunması, SMS bildirişlərin gəlməsi və ya zəmanət talonunun olması, bir sözlə, məhsulun mağazadan alınmasını təsdiq edən hər hansı məlumatlar varsa, istehlakçı malın dəyişdirilmə və ya qaytarılmasını tələb edə bilər. Məhsulların hansı mağazadan alınmasını hətta şahid ifadələri ilə də təsdiq etmək mümkündür. Mağaza tərəddüd edirsə, o zaman satış vaxtına uyğun olaraq, kamera görüntüsü və digər vasitələrlə də satışın həyata keçirildiyi müəyyən edilə bilər”.

R.Qaraşov qeyd edib ki, sahibkarlar malın dəyişdirilmə, qaytarılma qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, 600 manatdan 900 manata qədər cərimələnirlər.

Xidmət rəsmisinin sözlərinə görə, “satılan məhsul 14 gündən sonra heç bir halda qaytarılmır” demək də yanlışdır: “Məhsulda istehsal xarakterli qüsur olarsa, istehlakçı hətta məhsuldan istifadə etsə belə, onu qaytara və ya dəyişdirə bilər. Zəmanət müddəti ərzində məhsulda istehsal xarakterli hər hansı qüsur aşkar edilərsə, o dəyişdirilib qaytarıla bilər. Mülki qanunvericiliyə uyğun olaraq, istehlakçı zəmanət müddəti müəyyən olunmayan məhsulda istehsal xarakterli qüsurun olduğunu sübut edə bilsə, 2 il ərzində onun dəyişdirilməsini və ya qaytarılmasını tələb edə bilər. Mövcud praktika ondan ibarətdir ki, geyim əşyalarına zəmanət verilmir. Lakin burada da əsas məqam ondan ibarətdir ki, pozuntunun və ya məhsulda olan qüsurların istehsal xarakterli olub-olmaması barədə müvafiq araşdırma aparıb rəy verilməsi vəzifəsi sahibkarın üzərinə düşür. Sahibkar hər hansı istehsal xarakterli qüsurun olduğunu aşkar edərsə, istehlakçının tələbini təmin etməlidir. İstehsal xarakterli qüsur dedikdə, istehsal prosesində əvvəlcədən müəyyən olunmuş tələblərdən kənara çıxma, onun təyinata uyğun istifadə edilməsinin mümkünsüzlüyü, hər hansı bir zədənin olması, hər hansı bir funksiyanın işləməməsi və ya hər hansı bir hissəsinin düzgün tikilməməsi və s. başa düşülür”.

İlhamə İSABALAYEVA

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?