14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Məsimli: “Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfəsini verir”

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq münasibətləri qarşılıqlı hörmətə, etimada söykənir, regionda sülh, sabitlik və tərəqqiyə xidmət edir. “vergiler.az” xəbər verir ki, millət vəkili Əli Məsimli iki ölkə arasındakı münasibətləri şərh edərkən belə deyib.

“Ölkəmizin xoşməramlı siyasəti kontekstində Azərbaycanla Gürcüstan əməkdaşlığının yeni mərhələsi başlayıb. Bu özünü Azərbaycan-Gürcüstan münasibətlərinin bütün istiqamətlərində göstərməkdədir. Bizim əlaqələrimiz ticari-iqtisadi, enerji, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı, müdafiə sənayesi kimi bir çox sahələri əhatə edir. Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Tbilisi-Qars öz bəhrəsini verir. Bu qlobal layihələr strateji tərəfdaşlığın əsasını təşkil edir. Yeni dünya düzənin yeni reallıqları bu layihələrin aktuallıq və perspektivlərini daha da artırıb”, - Ə.Məsimli vurğulayıb.

Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən millət vəkili Azərbaycanın Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından və investorlarından biri olduğunu qeyd edib: “İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ dollarından çox investisiya yatırıb. Onun 1,5 milyard dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Koronavirus pandemiyasına görə müəyyən azalmalar olsa da, iki ölkə arasındakı illik ticarət dövriyyəsi müsbət dinamika ilə yenidən 1 milyard dollara doğru gedir. Gürcüstan Azərbaycanın ixracında 121 ölkə arasında 12-cı, idxalında isə 173 ölkə arasında 13-cü yeri tutur. Gürcüstan isə Azərbaycanın ixracında 1,7 faiz, idxalında isə 0,8 faiz paya malikdir. Bu onu göstərir ki, ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə ehtiyac var və bu sahədə hər iki tərəfin potensialı yetərincədir”.

Xatırladaq ki, ötən həftə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə işgüzar səfəri zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı qeyd olunub. Azərbaycanın və Gürcüstanın “Orta dəhliz”də önəmli rolu, birgə səylərin göstərilməsinin və yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılmasının vacibliyi qeyd olunub. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb. Bu dəmir yolunun fəaliyyətinin genişləndirilməsi “Orta dəhliz” vasitəsilə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabel çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edilib.

Ə.Məsimli hesab edir ki, yeni reallıqlardan çıxış edərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində səylər artırılmalıdır: “Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet sahələrin önündə gələcək. Ölkələrimizin tranzit imkanlarından, xüsusilə “Orta dəhliz”in artan rolundan daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini dəfələrlə artırmaq olar. Azərbaycan və Gürcüstan energetika sahəsində bir çox irimiqyaslı layihələrin gerçəkləşməsinə töhfələrini verən ölkələrdir. İki ölkə arasındakı bu əməkdaşlıq qarşılıqlı faydalılıqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?