15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir”

Yeni Rəqabət Məcəlləsində haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımların atılması nəzərdə tutulub.

Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib. Onun sözlərinə görə, yeni Rəqabət Məcəlləsi sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin mövcud hüquqi əsaslarını təkmilləşdirəcək. Ölkə iqtisadiyyatının inkişafında özəl sektorun getdikcə daha da artan mühüm rolunu nəzərə alsaq, yeni məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına töhfə verəcək. Bundan əlavə, məcəllədə rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr (birləşmələr), dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb.

X.Seyranov bildirib ki, yeni Rəqabət Məcəlləsi sahibkarların azad rəqabət mühitində fəaliyyət göstərmələri üçün lazımı şəraitin yaradılmasını təmin edəcək bir sıra üstünlüklərə malikdir. Əsas üstünlük ondan ibarətdir ki, məcəllə beynəlxalq təcrübə nəzərə alınmaqla yerli bazarın tələblərinə uyğun hazırlanıb. Yeni Rəqabət Məcəlləsinin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. Məcəllə, həmçinin, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələbləri, habelə qadağan olunmuş bir sıra üfüqi sazişləri, yəni kartel əməliyyatlarını müəyyən edəcək.

Xatırladaq ki, Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?