3 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Ombudsmanı həm vergi ödəyicilərinin, həm də dövlətin maraqlarını qoruyur

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq ölkəmizdə Vergi Ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Vergilər nazirinin imzaladığı əmrdə ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin sivil formada tənzimlənməsinə kömək göstərməkdir.

Vergi Ombudsmanı kimdir?

Beynəlxalq təcrübəyə əsasən, vergi ombudsmanı vergi orqanları və vəzifəli şəxslərdən məlumat, sənəd və materiallar almaq, sahibkarların müraciəti və razılığı əsasında vergi yoxlamasında iştirak etmək, sahibkarların hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran vergi orqanlarının qərarlarının icrasının dayandırılmasına dair nazirliyin aidiyyəti departamentlərinin rəhbərlərinə vəsatətlə çıxış etmək səlahiyyətinə, habelə biznes subyektlərinin şikayətlərinin hərtərəfli və obyektiv baxılması üçün əlavə ekspertləri cəlb etmək hüququna malikdir.

Avropa İttifaqı (Aİ) ölkələrində xüsusi Vergi Ombudsmanı deyilən institut formalaşmasa da, Ombudsman Aparatının tərkibində vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur modeli tətbiq olunur və çox uğurlu nəticələr verir. Məsələn, Portuqaliyada vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması ombudsman institutunun yanında fəaliyyət göstərən qurum tərəfindən təmin olunur. Bu qurum ilk növbədə vergi ödəyicilərindən daxil olan şikayətləri qəbul edir, xüsusilə də vergi orqanı əməkdaşlarının onların fəaliyyətinə yaratdığı problemlərlə bağlı müraciətlər araşdırılır. Vergi administrasiyasının bu məsələ ilə əlaqədar mövqeyi öyrənilir, şikayətin hərtərəfli araşdırılması təmin edilir. Bundan sonra obyektiv və ədalətli qərar çıxarılır. Hansı tərəfin haqlı olub-olmasından asılı olmayaraq verilən qərar ümumilikdə obyektiv araşdırma nəticəsində müəyyən olunur.

Aİ ölkələrinin əksəriyyətində bu qurumlar tabeçilik əsasında fəaliyyət göstərir. Ombudsman Aparatının tabeliyində olan maliyyə, vergi və digər iqtisadi bölmələrlə bağlı yaradılmış strukturlar geniş və hərtərəfli araşdırma aparır. Bununla yanaşı, ictimai təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində vergi məsələləri ilə məşğul olan qurumlar da fəaliyyət göstərir. Bunun ən yaxşı forması Böyük Britaniyada yaradılıb. Bu ölkədə ayrıca vergi ombudsmanı yaradılmasa da, ümumi Ombudsman Aparatının tərkibində ən fəal bölmə kimi diqqəti cəlb edir. Müstəqil Vergi Ombudsmanı institutu isə Kanada və Cənubi Afrika Respublikasında yaradılıb. Onun vergi administrasiyasına heç bir aidiyyəti yoxdur.

Azərbaycanda apelyasiya sistemi və Vergi Ombudsmanı

Azərbaycanda da vətəndaş müraciətlərinə vaxtında baxılması, vergi ödəyicilərinin müraciətlərinin keyfiyyətlə araşdırılması, habelə sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş mexanizmlərin təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Vergilər Nazirliyində Vergi Apelyasiya Şurası fəaliyyət göstərir və 2018-ci ildə vergi şikayətlərinə baxılması işinə səmərəli nəzarət edilməsi məqsədilə yeni apelyasiya mexanizmi yaradılıb. Bununla yanaşı, Vergilər Nazirliyi vergi şikayətlərinə baxılması prosesini təhlil edərkən bir sıra hallarda sahibkarların qanuni mənafelərinin pozulmasının vergi əməkdaşlarının yoxlama prosesində, yoxlama aktlarının tərtibi və vergilərin hesablanmasında, habelə vergi ödəyicilərinin düzgün məlumatlandırılmaması nəticəsində baş verməsi faktları ilə bağlı olduğunu müəyyən edib. Apelyasiyaya verilmiş işlərin, habelə mübahisələndirilən məsələlərin təhlili aparılarkən, bir sıra hallarda sahibkarların kifayət qədər hüquqi biliklərə malik olmamaları, vergi qanunvericiliyinin tətbiqi sahəsində məlumatsızlıqları ilə əlaqədar belə qərarlarla bağlı apelyasiya prosesində iştirak etməkdən çəkindikləri müəyyən edilib. Sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə etmək, belə müdafiə kanallarının və kommunikasiya imkanlarının artırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb. "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"a əsasən, beynəlxalq təcrübəyə söykənərək aparılan belə araşdırmalar zamanı vergi ödəyicilərinin hüquqlarını qoruyan institutların yaradılması praktikası, vergi ödəyicilərinin hüquqlarının qorunmasında Avropa İttifaqına üzv ölkələrin təcrübəsi, belə institutların fəaliyyətini tənzimləyən qanunvericilik aktları, şikayətlərin idarə edilməsi sistemi və s. geniş öyrənilib.

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Vergi Ombudsmanı ölkənin vergi administrasiyasından və Ombudsman Aparatından ayrıca fəaliyyət göstərən və ölkədə mövcud olan Ombudsman Aparatının tərkibində vergi ödəyicilərinin hüquqlarını qoruyan strukturdur. Ombudsman öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni və Azərbaycan Respublikasının digər qanunlarını əsas tutur.

Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin sivil formada tənzimlənməsinə kömək göstərməkdir.

Vergi Ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV daxil olmaqla, hər hansı bir mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.

Mütəxəssislərin fikrincə, Vergi Ombudsmanı kimi institutun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminin inkişafına əhəmiyyətli fayda verəcək. Vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması, vergi orqanlarının işinin yüngülləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin olunması ilə yanaşı, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün onların məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə malikdir.

Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?