13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Türkmənistan münasibətləri: Daha sıx iqtisadi əməkdaşlığa doğru

Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.

Son dövrlərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Təsadüfi deyil ki, bu ilin martında Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərləri reallaşıb.

Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb. Bu səfər Azərbaycan Prezidentinin Türkmənistana il ərzində ikinci səfəridir. Dövlətimizin başçısı iyunun 29-da reallaşan səfər zamanı Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında həyata keçiriləcək bugünkü səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçiriləcək. Prezidentlərin növbəti - ikinci Zirvə Görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2014-cü il iyunun 6-da Bodrumda, 2008-ci il noyabrın 29-da isə Türkmənbaşıda üçtərəfli görüşləri keçirilib. Lakin bu, sistemli xarakter daşımayıb.

Dekabrın 13-də isə hər üç ölkənin müxtəlif sahələr üzrə nazirlərinin görüşləri keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlətimizin başçısının Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunacaq. Bundan əlavə, prezidentlərin təkbətək, məhdud və geniş tərkibdə görüşlərinin təşkili də gözlənilir.

Ölkələrimizin iqtisadi əlaqələrinə qısa baxış: 2007-ci ildə Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Komissiyanın sonuncusu 2022-ci il noyabrın 29-da Bakıda olmaqla indiyədək 6 iclası keçirilib. İclasın sonunda hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən 6-cı iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə iqtisadi-ticari, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri nəzərdə tutulur.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 377,25 milyon ABŞ dolları olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Halbuki 2021-ci ilin ticarət dövriyyəsinin həcmi 105,03 milyon ABŞ dolları olmuşdu.

Cari ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi 8,3 milyon ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz artım deməkdir. Azərbaycan ərazisindən dəmir yolu ilə Türkmənistan istiqamətində (və ya əks istiqamətdə) daşınan tranzit yüklərin əsas hissəsini neft və neft-kimya sənayesi məhsulları təşkil edir.

Konteyner daşımalarına gəldikdə, 2022-ci ilin 10 ayı ərzində Azərbaycan ərazisindən TEU ekvivalentində 35 min 675 konteyner tranzit yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. Belə ki, 2021-ci ilin 10 ayında bu rəqəm 23 min 488 konteyner (TEU) təşkil etmişdi.

Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın (2 ədəd RoRo, 5 ədəd tanker və 3 quru yük gəmiləri) gəmi fəaliyyət göstərir. Daşımaları stimullaşdırmaq məqsədilə Türkmənistan bayrağı altında üzən gəmilərə münasibətdə liman yığımlarına Bakı Limanı tərəfindən birtərəfli qaydada güzəşt tətbiq edilib. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda Türkmənistan şirkətinə məxsus “NT Flagman” üçayaqlı üzən qurğunun (Lift Boat) gövdə bloklarının və ayaqlarının birləşdirilməsi, eləcə də hərəkətverici sistemləri və yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilib.

Qeyd etməliyik ki, ölkələrimiz arasında neft-qaz sahəsində əlaqələr xüsusi önəm daşıyır. Burada ötən ilin yanvarında Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nu xüsusi vurğulamalıyıq.

Siyasi əlaqələr: Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təşəbbüs göstərən ilk ölkələrdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Xatırlatmalıyıq ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Azərbaycanla Türkmənistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?