Əminə Erdem: “Azərbaycanda qadınların sahibkarlıqla məşğul ola bilməsi üçün böyük imkanlar var”
Azərbaycan qadınlarının ölkə daxilində sahibkarlıq fəaliyyətini gücləndirə bilməsi üçün hər cür şərait yaradılıb. Lakin sahibkar qadınların fəaliyyəti yalnız ölkə daxili ilə məhdudlaşmalı deyil. Bunu “vergiler.az”a Türkiyə Qadın Sahibkarlar Dərnəyinin (KAGİDER) sədri Əminə Erdem deyib.
Ə.Erdemin sözlərinə görə, qadın sahibkarlar beynəlxalq aləmdə də fəaliyyətlərini genişləndirməli, dünya ölkələrinə mal ixrac etməlidirlər: “Mən Bakıda olarkən Azərbaycanda qadın sahibkarların güclü olduğunu, qadın sahibkarlığının inkişafı üçün yaxşı potensial olduğunu gördüm. Sahibkarlıqla məşğul olmaq həm qadınlar, həm də kişilər üçün çox da asan məsələ deyil. Amma qadınlara fərqli yanaşmalar da var. Qadının cəmiyyətdəki rolu təkcə ev qayğıları ilə məşğul olmaq, yaşlılara və uşaqlara baxmaq deyil. Qadın özünü iş dünyasında da yoxlamalıdır. Əslində, cəmiyyətdə qadının mövqeyini gücləndirmədən onun sahibkar kimi fəaliyyət göstərməsi mümkün olmaz. Bu baxımdan, iş dünyası da daxil olmaqla, cəmiyyətdə qadına münasibəti dəyişmək lazımdır. Dünyanın hər yerində belədir: qadın sahibkarlığının inkişafı üçün maliyyə əldə etmək, bazara çıxmaq, lazımi bilgiyə yiyələnmək üçün ona imkanlar yaradılmalıdır”.
Ə.Erdemin fikrincə, sahibkarlıqla məşğul olan qadınların sıralarının genişləndirilməsi üçün bu sahədə nümunəvi fəaliyyəti ilə fərqlənən qadınların cəmiyyətdə görünməsi və onların bir-birləri ilə sıx əlaqədə olması lazımdır: “Azərbaycan və Türkiyə iqtisadi baxımdan bir-birini gücləndirən iki dövlətdir. Bu birliyi qadınlarla daha da gücləndirə biləcəyimizə inanıram: yetər ki, qadınlarımıza özünəinam hissi aşılayaq”.
Ə.Erdem qadınların dövlət satınalmalarındakı iştirakının artırılmasını vacib sayır. Onun sözlərinə görə, özəl sektorla dövlət qurumları arasındakı əlaqəyə baxdığımız zaman dünyada dövlət satınalmalarının sahibkarlıq sahəsində ən böyük bazarlardan biri olduğu görünür. Buna baxmayaraq, dünyada qadın sahibkarlarının yüzdə biri dövlət satınalmalarından pay ala bilir: “Bunu dəyişdirmək lazımdır. KAGİDER-in yaratdığı “Qadın-20” Təşəbbüs Qrupunun üzvü olan ölkələrin böyük iqtisadi sistemi var. Fikrimizcə, həmin sistemdə dövlət satınalmaları istiqamətində qadınlara fərqli yanaşılmalıdır”.
Ə.Erdem G20 ölkələrinin davamlı inkişafa və iqtisadi artıma nail olmaq məqsədilə qadınların iqtisadiyyatdakı iştirakını artırmaqla bağlı hədəflər müəyyən etdiyini, “Qadın-20” təşəbbüs qrupunun da bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib. “Dövlətlərin qadın sahibkarlığını dəstəkləyəcək mexanizmlərə ehtiyacı var. Ona görə də bu məsələyə münasibət bir qədər dəyişməlidir” deyən KAGIDER sədri qeyd edib ki, qadın sahibkarlığının inkişafına təkan vermək məqsədilə Türkiyədəki bütün sahibkar qadınlarla bağlı məlumatları bir bazaya toplayayaraq www.ticaretinkadinlari.com adlı platforma yaradıblar: “Vacib olan məsələ özəl sektorun, dövlətin, yerli idarəetmə orqanlarının, bələdiyyələrin qadınlardan məhsul və xidmət almasıdır. Bunun üçün yaratdığımız məlumat bazasına giriş etmək çox önəmlidir”.
Qadın sahibkarlarla dövlət qurumları arasındakı əlaqənin gücləndirilməsi üçün çalışmanı davam etdirdiklərini deyən Ə.Erdəm özəl sektorda qadınların liderliyini artırmaq üçün yeni qurumlara ehtiyacın olduğunu düşünür. O, qeyd edir ki, qadın sahibkarların bizneslərinin inkişafına nail olmaq üçün onları daha da gücləndirməyi, yeni texnologiyalardan daha çox faydalanmağı, şərait və imkanları bərabərləşdirməyi, sosial əhatələrini və həmrəyliklərini genişləndirməyi özləri üçün hədəf seçiblər. “Azərbaycanlı qadınlarla birlikdə KAGİDER-in fərqli sektorlar üzrə 46 üzvü var. Bu üzvlərlə birlikdə Azərbaycanla ticarət əlaqələrini bundan sonra da genişləndirməyi düşünürük”, - Ə.Erdem deyir.
Azərbaycan Qadın Sahibkarları Assosiasiyası ilə birlikdə 2019-cu ilin iyun ayında əməkdaşlıq protokolu imzaladıqlarını xatırladan KAGİDER sədri bundan sonra iki qurum arasındakı iş birliyinin daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb.
İlhamə İSABALAYEVA