4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarların sahibkarlığa baxışı: hədəflər genişlənir

Azərbaycanda sahibkarlığın inkişafı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, qadınların iqtisadi resurslara əlçatanlığının daha da gücləndirilməsi bu sahədə gender göstəricilərinin dəyişməsinə, şəxsi biznesini qurmağa maraq göstərən və bunu reallaşdıran qadınların sayının artmasına səbəb olub. Sahibkarlıqla məşğul olanların xüsusi çəkisində qadınların payının çoxalmasında onlara bizneslərinin formalaşdırılması və idarə olunması üçün dəstəyin göstərilməsi, həm öz icmalarına, həm də cəmiyyətə töhfə verə bilmələri üçün dövlət tərəfindən şəraitin yaradılması - əlverişli hüquqi bazanın mövcudluğu, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi də xüsusi rol oynayır.

Qadınların daha çox məşğul olduğu fəaliyyət istiqamətlərindən olan kənd təsərrüfatına tətbiq olunan vergi güzəştləri isə qadın sahibkarlığının inkişafına daha da təkan verib. Bütün bunlar isə dolayı yolla qadın sahibkarların iqtisadiyyatın inkişafındakı rolunu ildən-ilə artırır.

Görülən bu tədbirlərin nəticəsində son illər ərzində ölkədəki qadın sahibkarların sayı dəfələrlə artaraq 250 231 nəfərə çatıb ki, onların da 30,5 faizi Bakının payına düşür. Sahibkar qadınların daha çox çalışdığı ikinci bölgə Lənkəran-Astara iqtisadi rayonudur. Bu iqtisadi rayonda sahibkar qadınların 10,1 faizi, Qazax-Tovuz iqtisadi rayonunda 8,8 faizi, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 7,4 faizi fəaliyyət göstərir.

“Ən çox üstünlük verilən sahə kənd təsərrüfatı məhsullarının istehsalıdır”

Qadın sahibkarlığının inkişafının ölkənin iqtisadi siyasətində əsas prioritetlərdən biri olduğunu açıqlayan Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının (AQSA) sədri Səkinə Babayeva bildirir ki, ölkəmizdə qadınların bəziləri sahibkarlıq fəaliyyətinə evdə məşğulluqdan başlasa da, sonradan fəaliyyətini genişləndirərək orta sahibkarlıq subyektinə çevrilə bilir. Belə bir halın müşahidə edilməsini çox sevindirici məqam kimi qiymətləndirən Assosiasiya sədrinin sözlərinə görə, qadın sahibkarlığının inkişafında müəyyən meyillər müşahidə edilir: “Azərbaycanın çox gözəl turizm potensialı olduğundan artıq turizmə də bir istiqamət olaraq üstünlük veririk. Biz qadın sahibkarlığında tibbi, sağlamlıq, ekoturizm istiqamətləri üzrə də artan meyillər görürük”.

S.Babayeva qeyd edir ki, ən çox üstünlük verdikləri sahə kənd təsərrüfatı məhsullarının istehsalının inkişafıdır. Çünki bu sahə evdə məşğulluğun təmin edilməsinə daha çox dəstək verir. Bir çox hallarda isə evdə məşğulluq fəaliyyəti inkişaf edərək qollarını sənaye istiqamətləri üzrə şaxələndirir ki, bunun nəticəsində kiçik sənaye daha da genişlənir: “Evdə məşğulluğun digər bir istiqaməti yaradıcı sənaye - əl işlərinin hazırlanması, yeni yaradıçılıq məhsullarının ortaya qoyulmasıdır. Bu sahə ilə məşğul olan qadınlar öz fəaliyyət sahələrini genişləndirərək onları kiçik emalatxanalar səviyyəsinə çatdırmağa çalışırlar”.

Qadın sahibkarlığının inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanların yaradıldığını söyləyən AQSA sədrinin fikrincə, əsas məsələlərdən biri qadınların yeni biznesə başlaması üçün özlərinə güvənməsi və sahibkar olma arzusunu gercəkləşdirməkdən ötəri səy göstərməsidir.

“vergiler.az” ölkədə biznes fəaliyyəti ilə məşğul olan bir neçə sahibkar qadınla da söhbətləşib.

“Qarşıma məqsəd qoydum ki, topladığım pulla öz biznesimi açım”

Azərbaycan Milli Elmlər Akademiyasının rezidenti olan MMC-nin direktoru Ulduzə Xanlarova deyir ki, uşaqlıqdan özünün şəxsi biznesinin olmasını arzulayıb. Artıq 23 ildir ki, sahibkarlıqla məşğul olan U.Xanlarova bu işə “sıfır”dan, heç bir kəsin dəstəyi olmadan başlayıb.

“Sahibkar olmaq arzumu gerçəkləşdirməyə 100 manatla başlamışam”,- deyən müsahibimizin sözlərinə görə, şəxsi biznesinin qurulması ilə bağlı ilk səyləri xarici bir kosmetika şirkəti ilə bağlı olub. Həmin şirkət Azərbaycanda fəaliyyətə başladıqdan sonra onun məhsullarını satmağa başlayıb: “Orada olarkən fiziki şəxs kimi VÖEN açdırdım və sahibkar kimi fəaliyyətə başladım. İlk olaraq, topladığım 100 manata məhsullar alıb onları satmağa başladım. Daha sonra digər şəxsləri də satış işinə cəlb etdim. 2 il işlədikdən sonra qarşıma məqsəd qoydum ki, buradan topladığım pulla öz biznesimi açım, artıq başqaları üçün işləməyim, özüm üçün bir şirkət yaradım. Həmin şirkət bir il ərzində mənə 20 min dollar bonus verdi. Onun 10 min dollarını xərclədim, 10 min dollara isə özümün real biznesimi qurdum”.

“Qadınların sahibkarlıqla məşğul olması üçün hər cür şərait yaradılıb”

U.Xanlarova bildirir ki, indiyədək məşğul olduğu fəaliyyət istiqaməti daha çox satış üzrə olub, istehsalla birbaşa məşğul olmayıb. 2006-cı ildə yaratdığı marka ilə təqdim etdiyi məhsulları da birbaşa özünə məxsus olan istehsal müəssisəsində deyil, sifariş əsasında yerli fabriklərdə, eləcə də Türkiyədə, Ukraynada istehsal edilib.

İş adamının fikrincə, Azərbaycanda qadınların sahibkarlıqla məşğul olması üçün hər cür şərait yaradılıb. Qadın sahibkarlığı üzrə ortaya çıxan çətinliklər isə daha çox ailələrdə yaranan problemlərdən, mentalitetdən qaynaqlanır: “Azərbaycanda qadın və kişi sahibkarlığı arasında hər hansı ayrı-seçkilik yoxdur, bütün qanunlar hər kəsə aiddir. Qadınlarımızın sahibkar ola bilməsi ilə bağlı sədlər, məncə, yalnız ailələr tərəfindən yaradıla bilər. Məsələn, bizim ailədə belə bir qayda var: axşam saat 7-də qadın evdə olmalı, ailə üzvlərini bir masa arxasına toplamalıdır. Buna görə də axşam saat 7-dən sonra heç bir görüşdə iştirak etməmişəm. Bəlkə də bunu etsəydim, daha çox uğur qazanardım. Elə qadınlar var ki, ona azadlıq verilib, qarşısında heç bir məhdudiyyət yoxdur. Ona görə də onun fəaliyyət dairəsi getdikcə daha çox genişlənir”.

Sahibkar olmaq üçün liderlik qabiliyyətini əsas şərt kimi qəbul edən U.Xanlarova hesab edir ki, qadınlar bir sahibkar kimi bildikləri və sevdikləri işlə məşğul olsalar, daha çox uğur qazanarlar: “Birinci növbədə gördüyün işi sevməlisən. Məsələn, mən sevdiyim işlə - kosmetika sahəsi ilə məşğul oluram. Ancaq mən nə həyat yoldaşımı, nə də övladlarımı bu işə cəlb edə bildim. Bu sahə onlar üçün maraqlı olmadı. Bunu da qeyd edim ki, Azərbaycanda kosmetika ilə məşğul olanların hamısı, demək olar ki, kişidir, çox az sayda qadın bu sahə üzrə fəaliyyət göstərir”.

U.Xanlarovanın qənaətinə görə, sahibkarlıqla məşğul olmaq istəyən qadınlar həm də risk etməyi sevməlidirlər: “Bu işə gözüyumlu başlamaq lazım deyil, işi bilməlisən, bütün məqamları nəzərə alaraq, işə başlamalısan. Bundan başqa, gözəl intuisiyan və gözəl riyazi bacarıqların olmalıdır. Biznesdə hər qəpiyini hesablamalısan, əgər onun qədrini bilməsən, onu hesablaya bilməsən, biznesin alınmaz. Mən elə xanımlar tanıyıram ki, hər hansı bir iş üçün qoyduğu pulun ona nə qədər gəlir gətirəcəyini doğru-dürüst hesablaya bilmir. Qazandığı pulu hər dəfə yeni bir işə qoyur və orada da itirir. Buna görə də bir biznesə başlayanda bütün hesablamalarını aparmalısan”.

“Maksimum bir ilə hədəflərimə çatacağam”

Reklam xidmətləri ilə məşğul olan sahibkar Xəyalə Mütəllibova deyir ki, uşaqlıqdan özü-özünü idarə etməyi çox sevib. Artıq 12 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkar biznesinə “sıfırdan” başladığını, bu işi qurmaq üçün zaman sərf etdiyini söyləyir: “Bir il demək olar ki, ailəmin verdiyi pulla çalışmışam, yol pulunu belə ailəmdən almışam. Reklam qurğularının satışı ilə məşğul ola-ola işçilərimin sayını 1-dən 25-ə çatdırmışam. Tək başladığım bu yolu daha sonra rəfiqəm və bacımla davam etmişəm”.

Karyerasının hansısa dönəmində uğursuzluğa da düçar olduğunu etiraf edən X.Mütəllibova sahibkar olmaq istəyən qadınlara güclü olmağı, yorulmamağı, öz mövqelərindən dönməməyi məsləhət görür: “Hətta elə bir dönəm olub ki, mən işçilərimin əməkhaqlarını 2-3 ay ödəyə bilmədiyimdən kredit götürmüşəm. Hər zaman əmin olmuşam ki, çətinliklərin öhdəsindən gələcəyəm, heç vaxt heç nədən çəkinməmişəm”.

X.Mütəllibovanın sözlərinə görə, biznesində, hələ ki, lazımi nöqtəyə gəlib çatmayıb. Lakin o, ölkədə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən faydalanaraq maksimum bir ilə hədəflərinə çatacağını düşünür.

“Qadın sahibkarların sayı daha da artacaq”

Aptek sahibi, əczaçılıq üzrə fəlsəfə doktoru Aynurə Hüseynova isə 10 ildən çoxdur ki, sahibkardır. Onun sözlərinə görə, şəxsi biznesini qurmamışdan əvvəl ailə biznesləri olub. Uzun illər ailə üzvləri ilə birlikdə tekstil, geyim satışı sahələri üzrə, eləcə də optik məhsullar şirkətinin həmtəsisçisi kimi optika sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Azərbaycan Tibb Universitetində əczaçılığı tədris etdiyim üçün sahibkarlıq fəaliyyətimə aptek fəaliyyətini də əlavə etməyi və öz biznesimi ayırmağı düşündüm. Artıq iki ildir ki, digər sahələrlə yanaşı, əczaçılıq sahəsi üzrə də sahibkarlıq fəaliyyəti ilə məşğulam”.

Sahibkar dövlətin dəstəyinə arxalanaraq gələcəkdə aptek şəbəkəsi yaratmağı da planlaşdırır.

Onun kimi digər sahibkarların da dövlətin dəstəyi sayəsində öz bizneslərini getdikcə genişləndirdiyini söyləyən A.Hüseynova hesab edir ki, qadınlar da öz növbəsində dövlətin həyata keçirdiyi tədbirlərə qarşılıq verməli və daha təşəbbüskar olmalıdırlar.

Onun fikrincə, dövlətin həyata keçirdiyi tədbirlər gələcəkdə qadın sahibkarların sayının daha da artmasına təkan verəcək. Bu tədbirlər nəticəsində qadınlar cəmiyyətimizə daha çox fayda verəcəklər: “Qadınlarımız kosmetologiya, tibb, xidmət, modelyerlik sahələrində özlərini bir sahibkar kimi daha gözəl nümayiş etdirirlər. Əgər qadınlarımız bacardıqları sahələrə üz tutarlarsa, uğuru daha tez əldə edər və ümidsizliyə qapılmazlar. Biznesini qurmaq istəyən qadınlarımız dövlətə güvənsinlər. Onlar gördükləri işin düzgün olduğuna əvvəlcə özləri inansınlar. İlk vaxtlarda çətinliklərin olması labüddür, çünki 20-25 il əvvəllə müqayisədə indi daha çox rəqabət var. Buna görə də işə yeni başlayanlar nəzərə almalıdırlar ki, rəqabətlə, çətinliklə üzləşə bilərlər. Ancaq buna baxmayaraq, heç bir vaxt bu çətinliklərdən qorxaraq geri çəkilməsinlər”.

İlhamə İSABALAYEVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması