13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycanda yaşıl transformasiya” mövzusunda konfrans keçirilib

Noyabrın 2-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “Azərbaycanda yaşıl transformasiya” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycanın “yaşıl” inkişaf göstəriciləri və “yaşıl” DİM-lər üzrə inkişafının təhlilinin əsas nəticələri, ölkəmizin “yaşıl” transformasiyasının sürətləndirilməsi üçün yeni yolların müəyyən edilməsi məsələləri müzakirə olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu, Azərbaycanın DİM-lərin icrası üzrə Könüllü Milli Hesabatın BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edən regionda ilk və dünyada 10 ölkədən biri olduğunu vurğulayıb. Görülmüş işlərin nəticəsi olaraq, BMT-nin ixtisaslaşmış təşkilatı olan İnkişaf üçün Həllər Təşəbbüsü və Kembric Universiteti tərəfindən hər il dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan 2021-ci illə müqayisədə 5 pillə irəliləyib və mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreyeva DİM-lərə nail olmaq üçün dövlət təsisatlarının, elmi dairələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin və geniş ictimaiyyətin fəal iştirakının vacibliyini vurgulayıb, BMT-nin Azərbaycanın Paris iqlim sazişi və 2030 Gündəliyi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində “yaşıl” inkişafı sürətləndirmək istəyini tam dəstəklədiyini diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biri kimi iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunmasının təmin edilməsi məqsədilə Azərbaycanda təmiz texnologiyaların tətbiqi, “yaşıl” enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələrin icra olunduğunu qeyd edib və bu layihələr barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramı, strategiya və tədbirlər planının, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq edilmiş 2022‒2026-cı illər üzrə İnkişaf Strategiyasının tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nagi Abdil Hamid və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl çıxışlarında “yaşıl” transformasiyanın əhəmiyyətindən, iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən, “yaşıl” mənbələr hesabına iqtisadi artımın maliyyələşdirilməsi perspektivlərindən danışıblar.

BMT-nin Ölkə üzrə Rezident Nümayəndəliyinin iqtisadçısı Hurşid Rustamov Azərbaycanın “yaşıl” DİM-lər üzrə inkişafının təhlilinin nəticələrinə dair təqdimatla çıxış edib.

Tədbir çərçivəsində “Azərbaycanda yaşıl transformasiyanı sürətləndirmək üçün yeni yolların müəyyən edilməsi” mövzusunda panel müzakirə keçirilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən iclasda çıxış edənlər enerji sektorunda aparılan islahatlar və bu islahatların “yaşıl” transformasiyada rolu, “yaşıl” ətraf mühitə əsaslanan dayanıqlı inkişafın formalaşdırılması üçün atılacaq addımlar, Dünya Bankı tərəfindən hazırlanmış Azərbaycanda “yaşıl” inkişafla bağlı hesabatın əsas istiqamətləri və tövsiyyələrinə dair müzakirələr aparılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?