5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yaşıl iqtisadiyyat” nədir?

“Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan “Yaşıl biznes müəssisələri” qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən, iqtisadi inkişafı, sosial tərəqqini və ətraf mühitin mühafizəsini təmin edən müəssisələrdir.

İqtisadiyyatın “yaşıl” olması üçün onun dörd amilə cavab verməsi zəruridir: Dayanıqlı inkişaf prinsipləri iqtisadi qərarlara daxil edilir; ekoloji təmiz məhsul istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir; ənənəvi rəqabətə nisbətdə “yaşıl”dır; kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edir.

Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq yaxud aradan qaldırmaqdır.

İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində son zamanlar enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl texnologiya”ların tətbiqi geniş vüsət almışdır. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə işləyən texnologiyalardır.

Təmiz texnologiyaları, innovasiyaları tətbiq etməklə bazarı yenidən formalaşdırmaq mümkündür. Siyasət qurucuları ənənəvi yanacaq subsidiyalarını ləğv etməklə, enerji yoxsulluğu ilə mübarizəni gücləndirməklə, karbon emissiyası üzrə qiymətqoyma sxemlərini yaratmaqla və mövcud texnologiyalardan istifadə yolu ilə düzgün mesajlar formalaşdıra bilərlər. Günəş və külək enerjisi texnologiyalarının maya dəyəri düşür, litium-ion batareya texnologiyası üçün də oxşar inkişaf trayektoriyası gözlənilir. Bununla yanaşı, əldə olunan enerjinin ötürülməsi, paylanması və istehlakı sahəsində də təmiz texnologiyalar inkişaf etdirilməlidir. Hidrogenəsaslı texniki həllər, təmiz hidrogen hasilatı və istehsal infrastrukturu genişləndirilməlidir. İqlim probleminin həllində daha bir texnologiya karbonun tutulması, istifadəsi və saxlanmasıdır.

“Yaşıl həyat” tərzi

“Yaşıl həyat” tərzi və “yaşıl davranış” barədə insanlar düşünməlidirlər ki, maddi imkanlarla yanaşı, insanların cəmiyyət və gələcək nəsillər qarşısında daşıdığı sosial məsuliyyət də vardır. Sosial məsuliyyət hissinin yüksək olduğu bir cəmiyyətdə fərdi resurslardan istifadə etmək imkanı olan şəxslər bir çox hallarda ictimai resursdan istifadə edilməsinə üstünlük verirlər. Belə sosial məsuliyyətli seçim, “yaşıl təfəkkür” təbii ehtiyatlardan qənaətlə istifadə edilməsinə və ətraf mühitin qorunmasına yönəldilmiş “yaşıl həyat” tərzi şəklində həyata keçirilir. Bu kimi məlumatların yayılması zərurəti, bu istiqamətdə ən müasir bilik və bacarıqların formalaşması İKT üzrə yeni çağırışlar formalaşdırır.

Hazırkı mərhələdə “yaşıl bilik” və “yaşıl bacarıq”lar xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan kadrlar həm peşəkar mütəxəssis, həm də vətəndaş kimi bu çağırışlara cavab verməlidirlər. Gələcək nəsillərin maraqlarına xidmət edən davamlı və uzunmüddətli inkişaf yalnız bu prinsiplər əsasında mütəxəssislərin hazırlanması şəraitində təmin edilə bilər.

Məlumdur ki, müasir dövrdə informasiya cəmiyyətinin formalaşması və elektron dövlət quruculuğu prosesi müxtəlif sahələrdə elektron hökumət texnologiyalarının tətbiqini, əhaliyə göstərilən elektron xidmətlər şəbəkəsinin genişlənməsini nəzərdə tutur. Fikrimizcə, informasiya cəmiyyəti və e-dövlət quruculuğu, həm də daha geniş miqyasa malik olmaqla, bütünlüklə ölkənin bütün regionlarının, istehsal və qeyri-istehsal sahələrinin, yerli bələdiyyə idarəetmə strukturlarının fəaliyyətinin, vətəndaş sektoru qurumlarının fəaliyyətinin informasiyalaşdırılmasını əhatə edir. Ona görə də informasiya cəmiyyəti və e-dövlət quruculuğuna, eyni zamanda, cəmiyyətin makro və mikro səviyyədə informasiyalaşdırılması prosesi kimi baxmaq olar. Belə olan halda bütövlükdə informasiya cəmiyyəti və e-dövlət quruculuğunda bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür.

Azərbaycanda “yaşıl biznes”…

Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu sənayeləşmə siyasəti davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib.

Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, Azərbaycan regionun güclü sənaye mərkəzidir.

Ölkənin ümumi inkişaf strategiyasında ətraf mühit aspektlərini əhatə edən əsas proqram – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram hələ 2003-cü ildə qəbul edilib. Həmin proqramın məntiqi davamı kimi 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq dururdu.

Dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri də Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli Prioritetlərdə qeyd edilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzindədir.

Hesab edirik ki, gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu prioritetlərə nail olunması öz növbəsində Azərbaycanda “yaşıl” iqtisadiyyat məsələsini aktuallaşdırır. Bu baxımdan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş İqlim Konfransında (COP 26) Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ildə “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bəyan etmişdir.

İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji”

İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Bildiyimiz kimi, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. Yekun olaraq qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın formalaşmasına böyük töhfə verəcək. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olan bütün infrastruktur düşmən tərəfindən dağıdılıb. Hazırda həmin ərazilərdə infrastrukturun bərpası da “yaşıl iqtisadiyyat” prinsiplərinə əsasən həyata keçirilir, yeni salınan şəhər və kəndlərdə, sənaye zonalarında ekoloji normaların gözlənilməsi prioritetdir. İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasının rəsmən bəyan edilməsi də bunun göstəricisidir. Bir sözlə, qarşıdakı illərdə işğaldan azad olunmuş ərazilərimiz “yaşıl iqtisadiyyat” prinsipləri ilə inkişaf edən dünyanın nümunəvi məkanlarından biri olacaq.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?