10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Taxıl bazarına qiymət təzyiqləri artır

Son iki il ərzində dünyada davamlı olaraq bahalaşan taxıl məhsullarının qiymətləri tarixi rekordlarını yeniləməkdə davam edir. Təkcə son bir həftə ərzində dünyanın əsas ixracatçı ölkələrindən olan Rusiyada təklif edilən buğdanın bir tonunun qiyməti (4-cü dərəcəli, FOB Novorossiysk) 0,3% yüksələrək 341 ABŞ dollarına, fransız buğdasının qiyməti 0,9% artaraq 355 dollara, ABŞ buğdasının qiyməti isə 3,9 faiz bahalaşaraq 344 dollara çatıb. Araşdırmalara görə, dünyada istifadə edilən üç mühüm buğda növünün orta qiyməti 2021-ci ilin mayından 2022-ci ilin mayına qədər 165 faiz artıb. Artımın əsas hissəsi 2022-ci ilin fevralından sonra baş verib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da bir müddət əvvəl yaydığı hesabatda ərzaq qiymətləri indeksinin fevral ayı ilə müqayisədə mart ayında 12,6% artaraq 159,3 faiz bəndinə çatdığını açıqlayaraq bildirmişdi ki, taxılın qiymət artımı bütün zamanların ən yüksək göstəricilərini özündə əks etdirir. İllik müqayisədə 33,6% artan bu indeks 1990-cı ildə yarandığı vaxtdan ötən dövr ərzində yeni tarixi rekorda imza atıb.

Ukrayna, Rusiya, Türkiyə və BMT arasında Ukrayna taxılının ixracının bərpası və şimal yarımkürəsində yeni məhsul yığımına başlanması ilə bağlı əldə olunan razılaşma nəticəsində iyulda taxılın qiymət indeksinin iyun ayı ilə müqayisədə 11,5% azalmasına baxmayaraq, qiymətlər hələ də 2021-ci il səviyyəsinə gəlib çatmayıb. FAO-nun taxıl indeksi 2021-ci ilin iyul ayı ilə müqayisədə 16,6%, beynəlxalq buğda qiymətləri isə avqustun əvvəlində keçən ilin iyul ayına nisbətən 24,8% yüksəkdir.

Lakin proqnozlar qiymət artımının davam edəcəyini açıqlayır. “Trading Economics”in qlobal makro modellərə əsasən verdiyi proqnozlara görə, bu ilin ikinci rübünün sonuna kimi buğdanın qiymətinin 832,42 ABŞ dolları/buşel (1 buşel = 35.23 litr, yaxud 27.216 kq) səviyyəsində olacağı gözlənilir. Proqnozlara görə, 12 ay ərzində qiymət 921.58 dollar/buşel səviyyəsinə çatacaq.

Ümumilikdə qlobal yekun taxıl ehtiyatları 3,7 milyon metric-ton (m/t) azalaraq
267,3 milyon m/t təşkil edib ki, bu da son 6 ilin ən aşağı səviyyəsidir.
hesablamalarına görə, 2022-ci ildə təxmin edilən qlobal buğda istehsalının
2021-ci ilə nisbətən təxminən 6 milyon ton aşağı olacağı ehtimal edilir.

Dünya taxıl istehlakında 4,4 milyon ton artım qeydə alınıb

ABŞ Kənd Təsərrüfatı Departamentinin yaydığı son məlumata görə, iyul ayı ilə müqayisədə dünyada buğda tədarükü 4,2 milyon ton artıb. İstehsal artımının böyük hissəsi Rusiya, Çin və Avstraliyanın payına düşüb. Ümumilikdə isə qlobal yekun taxıl ehtiyatları 3,7 milyon metric-ton (m/t) azalaraq 267,3 milyon m/t təşkil edib ki, bu da son 6 ilin ən aşağı səviyyəsidir.

FAO-nun hesablamalarına görə, 2022-ci ildə təxmin edilən qlobal buğda istehsalının 2021-ci ilə nisbətən təxminən 6 milyon ton aşağı olacağı ehtimal edilir. Lakin bu, 1 faizdən də az azalmadır. 2022-ci ildə qlobal istehsalın 2018-2020-ci illərin orta göstəricisindən təxminən 2 faiz yüksək olacağı gözlənilir. Qlobal buğda ticarətinin 2022-ci ildə bir qədər azalacağı proqnozlaşdırılsa da, o, 2018-2020-ci illərdəki göstəricidən yüksək olacaq.

Səbəblər: müharibə, tələbatın artması, daşınmaların azalması…

Dünyanın mühüm taxıl istehsalçıları olan, taxıl ixracatında ümumilikdə 30 faizlik paya sahiblik edən Ukrayna və Rusiya arasında baş verən müharibə, Qara dəniz regionunda ticarətin dayanması bu qiymət artımının əsas səbəblərindən biri kimi göstərilir. Lakin FAO ABŞ-da məhsul yığımı və istehsalı ilə bağlı problemlərin yaranmasını da bahalaşmaya təsir göstərən amillər sırasında göstərir. Qlobal istehsal və ticarətə zərbə vuran müharibə, taxılla yanaşı, gübrələrin də qiymətlərinə təsir göstərərək dolayısıyla taxılın məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

Dövlətlərin buğda ehtiyatlarının artırılması siyasətinə üstünlük verməsi, buğdaya tələbat artdığı halda təklifin azalması, bəzi ölkələrdə ixrac rüsumunun artması, daşınmaların azalması da qiymətlərin yüksəlməsində rol oynayan faktorlar sırasındadır. Məsələn, Azərbaycanın əsas buğda idxal etdiyi ölkə olan Rusiya bütün istehlakçılara tədarüklərinin həcmini bir il əvvələ nisbətən 13% azaldıb. İyulun 1-dən avqustun 10-dək rus buğdasının gündəlik daşınması bir il əvvəlki 121,4 min tona qarşı 105,6 min ton təşkil edib. Qiymətlərin qalxmasında Rusiya hökumətinin daxili bazarı inflyasiyadan qorumaq üçün 2021-ci ilin yazından tətbiq etdiyi ixrac rüsumları da ciddi rol oynayır. Türkiyənin öz istehsalı olan unun ixracına kvota qadağasını saxlaması isə Gürcüstan və Azərbaycandakı bazarın stabilliyinin pozulmasına təsir edir. Azərbaycanın taxıl bazarının Qara dəniz daşımalarından, eyni zamanda Xəzər bazarından (Qazaxıstandan taxıl ixracı) asılı olması bu bazarın müəyyən təzyiqlər altında qalması ilə nəticələnir. Ukraynada baş verən proseslər fonunda loqistikada müəyyən problemlərin yaranması, nəqliyyat xərclərinin artması taxılın bazar qiymətinə təzyiqlərin güclənməsində xüsusi rol oynayır.

Dünyada gedən bahalaşmalar fonunda Azərbaycan ölkə daxilindəki qiymətləri, demək olar ki, nəzarət altında saxlayaraq tənzimləyə bilib. Bu il aprelin 30-da dünya birjalarında 1 ton ərzaqlıq buğdanın qiyməti 403 ABŞ dollarına yüksəldiyi vaxtda belə, Azərbaycanın vəziyyətdən çıxmaq üçün unun qiymətinin artırılması yolunu seçməməsi onu göstərir ki, dövlət qiymət artımının qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görür. Azərbaycanda buğda idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi, dövlət başçısının tapşırığı ilə hökumətin taxıl idxalçılarına subsidiya verməsi, bu ilin yanvarında taxıl idxalının həcminin dəfələrlə çoxaldılması hesabına taxıl ehtiyatının daha da artırılması bu sahədə qiymət siyasətinin tənzimlənməsində əsaslı rol oynayıb. Yalnız cari ilin yanvar ayında Azərbaycana 32.475,34 ABŞ dolları dəyərində 93.704,53 ton buğda idxal edilib. Bu, o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 5,5 dəfə, həcmi isə 4 dəfə artıb. Yanvar ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 3,33%-nə bərabər olub.

Qiymət artımının qarşısını almaq üçün hökumətin göstərdiyi səylərə baxmayaraq,
dünyada müşahidə edilən tendensiyalar, iqtisadi böhranlar Azərbaycanın da
taxıl bazarına təzyiqlərin artmasına səbəb olur. Məhz bu təzyiqlərin nəticəsi
olaraq, artıq ölkədə un və çörəyin qiyməti, az da olsa, bahalaşıb.

Qabaqlayıcı tədbirlər ölkənin taxıl bazarına təzyiqləri yumşaldacaq

Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr öz əhalisini taxılla təmin edə bilməsə də, Azərbaycanda bu məsələ ilə bağlı böhranlı vəziyyət müşahidə olunmur və ediləcəyi də proqnozlaşdırılmır. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi, taxıl ehtiyatının olması ölkəmizin elə də çətin vəziyyətə düşməyəcəyini söyləməyə əsas verir. Lakin qiymət artımının qarşısını almaq üçün hökumətin göstərdiyi səylərə baxmayaraq, dünyada müşahidə edilən tendensiyalar, iqtisadi böhranlar Azərbaycanın da taxıl bazarına təzyiqlərin artmasına səbəb olur. Məhz bu təzyiqlərin nəticəsi olaraq, artıq ölkədə un və çörəyin qiyməti, az da olsa, bahalaşıb. Belə ki, yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib. 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi 40,70 manat müəyyən edilib. Nəticədə unun yeni qiymətinə uyğun olaraq, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 55 qəpik, 600 qr-lıq 65 qəpik, 650 qr-lıq isə 70 qəpik təşkil edir.

Qeyd edək ki, özünü tam olaraq yerli taxıl məhsulu ilə təmin edə bilməyən ölkəmiz 1 milyon 200 min tondan çox ərzaq buğdasını xaricdən idxal edir. Bu gün idxalla bağlı heç bir problem müşahidə edilmir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Rusiyadan istədiyi qədər taxıl idxal edir: “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”.

Dünyada taxıl qıtlığı və bahalığının müşahidə edildiyi bir zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini məqsədilə gördüyü ən mühüm qabaqlayıcı tədbirlərdən biri ölkədən ərzaq məhsullarının xaricə ixrac olunması üçün məhdudiyyətlərin qoyulmasıdır. Bu məhdudiyyət xüsusilə taxıl məhsullarına şamil edilib. Prezident İlham Əliyevin “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” imzaladığı fərmana əsasən, ölkədəki bəzi buğda istehsalçılarına subsidiyaların yeni qaydada verilməsi ərzaq təhlükəsizliyinin təmini sahəsində görülmüş ən vacib addımlardandır. Bu fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə uyğun olaraq, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə, un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Ölkədə ərzaq buğdasına olan tələbatın öz hesabına ödənilməsini qarşısına məqsəd qoyan Azərbaycanın azad edilmiş ərazilərdə də 100 min hektar torpağı taxılçılıq üçün dövriyyəyə cəlb etməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək və ölkəmizin taxılla özünütəminetmə səviyyəsini yüksəldəcək.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?