Son 10 ildə milli iqtisadiyyat 15 faiz böyüyüb
Son 10 ildə Azərbaycanda milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənədə əsasən, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olub ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. 2012‒2021-ci illərdə qeyri-neft/qaz ÜDM-i hər il orta hesabla 3,5% artaraq, 2011-ci ildəki 25,4 mlrd manatdan 2021-ci ilə 57,8 mlrd manata, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən 2021-ci ildə 62,2%-ə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb. Ölkəyə gələn turistlərin sayı 2011-ci ildəki 1,6 mln nəfərdən artaraq 2019-cu ildə 2,9 mln nəfərə çatıb.
Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyüyüb. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, 2021-ci ildə 83%-i ötüb. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsi qeyri-neft/qaz özəl investisiyaları olub. 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatıb. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil edib. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatıb.
2011‒2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artıb.
Dövlət borcunun daxili və xarici seqmentləri makroiqtisadi sabitlik və büdcə dayanıqlığı hədəflərini dəstəkləyib. 2021-ci ilin 31 dekabr tarixinə məcmu dövlət borcu ÜDM-in 18,2%-ni təşkil edir ki, bu da fiskal dayanıqlıq baxımından məqbul səviyyədir. Daxili borclanmanın son illər genişlənərək 2021-ci ilin 31 dekabr tarixinə 2.507,1 mln manata çatdırılması maliyyə bazarlarının inkişafı və effektiv fəaliyyəti baxımından əhəmiyyətlidir.
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunub. Bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olub.
Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verib. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Bu şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlib, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 mlrd manatdan artaraq 17,1 mlrd manata çatıb. Depozitlərin həcmi (maliyyə sektoru çıxılmaqla) 3,9 dəfə artaraq 2011-ci ildəki 6,9 mlrd manatdan 2021-ci ildə 27,1 mlrd manata çatıb.