İşçilər və işəgötürənlər üçün yeni imkanlar açılır
Vergi yükünün aşağı salınması işçilərin sayının gizlədilməsi və əməkhaqqı sistemində ikili mühasibatlıq hallarının aradan qaldırılmasına kömək edəcək.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasına qoşulmağı qarşıya məqsəd qoyan Azərbaycanda ölkə vətəndaşlarının rifah halının durmadan yüksəldilməsi ən prioritet vəzifədir. Aparılan köklü islahatlar, qəbul olunmuş dövlət proqramları həmin vəzifənin uğurla həyata keçirilməsinə yönəldilib. Bu sahədə qarşıya çıxan problemlər və həllini gözləyən məsələlər də dövlətin diqqət mərkəzindədir.
Mütəxəssislərin apardığı təhlillərə əsasən, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın genişlənməsinin əsas səbəblərindən biri kimi əməkhaqqıdan tutulan sosial sığorta dərəcəsi və vergi yükü göstərilir. Bu, əksər hallarda əməkhaqqının məbləğinin düzgün göstərilməməsinə və işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsində özünü büruzə verir. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayının 5 milyon nəfərə yaxın olmasına baxmayaraq, muzdlu işçilərin sayı məşğul əhalinin cəmi 31,5 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi bağlayanların sayı iqtisadi fəal əhalinin sayının üçdə birindən azdır. 1,5 milyon nəfərin kənd təsərrüfatında çalışdığı nəzərə alınsa, qalan vətəndaşların sahibkarlıq fəaliyyəti və ya əmək müqaviləsi bağlamadan fərdi əməklə məşğul olduğu aydın görünər.
Bəs faktiki əmək fəaliyyəti ilə məşğul olan əhalinin sayının rəsmi sənədlərdə bu qədər aşağı göstərilməsinin kökündə nə dayanır?
2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq
Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51 faiz arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəsmiləşdirilməsindən yayınır və əməkhaqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə qəbul edilərək təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim olunub. Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdırılması istiqamətində həyata keçiriləcək islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir. Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.
2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.
İslahat modelinə əsasən, aylıq məbləği 8.000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə endiriləcək, əmək haqqının 8.000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.
Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:
- əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi - 3,5 faiz, işəgötürən - 22,5 faiz (cəmi 26 faiz);
- əməkhaqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi - 10,5 faiz, işəgötürən - 15,5 faiz (cəmi 26 faiz).
İslahat nəticəsində qeyri-neft və qeyri-dövlət sektorlarında işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək. Muzdlu işçilərin vergi yükünün aşağı salınması işəgötürənlərlə yanaşı, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə özəl sektorda çalışan muzdlu işçilərin də gəlirlərinin bir hissəsinin onlarda qalmasını şərtləndirəcək. Leqallaşma nəticəsində faktiki əməkhaqqının rəsmi sənədlərdə tam şəkildə göstərilməsi işçilərin pensiya və digər sosial hüquqlarının təmin olunmasına, habelə vətəndaşların kredit almaq imkanlarının genişlənməsinə şərait yaradacaq.
İslahat modelinə əsasən, aylıq məbləği 8.000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə endiriləcək, əmək haqqının 8.000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına,
dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.
Xatırladaq ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.
Beləliklə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsi üzrə əməkhaqqından gəlir vergisinin hesablanması 2 kateqoriyaya bölünəcək: dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar; neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.
Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əməkhaqqından gəlir vergisinin hesablanması Cədvəl 1-dəki kimi olacaq.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində Cədvəl 2-yə uyğun qaydada tutulacaq.
Cədvəl 1
Vergi tutulan aylıq gəlirin məbləği | Verginin məbləği |
2.500 manatadək | 14 faiz |
2.500 manatdan çox olduqda |
350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi |
Cədvəl 2
Vergi tutulan aylıq gəlirin məbləği | Verginin məbləği |
8.000 manatadək | 0 faiz |
8.000 manatdan çox olduqda | 8.000 manatdan çox olan məbləğin 14 faizi |
Hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:
Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:
Vergi üzrə: 500 - 200 (2.500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat
300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat
Sosial sığorta üzrə: 500 x 3,5 faiz = 17,5 manat
Cəmi: 59,5 manat
500 manat - 59,5 manat = 440,5 manat.
Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:
Vergi üzrə: Gəlir vergisi - 0 faiz (8.000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)
Sosial sığorta üzrə: 6 + (500 - 200) x 10,5 faiz = 37,5 manat
Cəmi: 37,5 manat.
500 - 37,5 = 462,5 manat.
Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.
Elxan SALAHOV