Pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi davam edir
Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi davam edir. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara qeydiyyat xidməti göstərir. Görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanırlar. Cari ilin fevral ayının 23-dək 10420 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 4484 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək. Ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur.
Məqsəd kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi isə, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.
Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixədək müraciətlərin başa çatdırılması məqsədəuyğundur. Fermerlərin mümkün qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyə edilir. Dövlət Xidməti tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində də xidmət göstərilir.